ABŞ-ın Nyu-York ştatında yerləşən Sirakuz Universitetində Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib.
Tədbir universitetin Maksvel Vətəndaşlıq və İctimai Məsələlər Məktəbində təşkil olunub. Maksvel Məktəbi ictimai siyasət sahəsində dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindəndir.
Sentyabrın 25-də keçirilən tədbirdə universitetin tələbə və müəllim heyəti qarşısında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə geniş mühazirə ilə çıxış edib. Baş konsulluqdan “Media forum” saytına verilən məlumata görə, Nəsimi Ağayev Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş ərazilərdə Ermənistanın apardığı etnik təmizləmə siyasəti, mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər barədə danışıb, tədbir iştirakçılarını Xocalı soyqırımı haqda məlumatlandırıb. O deyib ki, Ermənistan tərəfi Xocalı soyqırımını nə qədər inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. Nəsimi Ağayev Ermənistanın hazırkı prezidenti Serj Sərkisyanın hələ 2000-ci ildə verdiyi müsahibədə Xocalı qətliamını işğalçı qüvvələrin törətdiyinə dair etdiyi etirafı diqqətə çatdırıb, bu qədər faktlardan və etiraflardan sonra erməni tərəfinin Xocalı soyqırımını inkar etməsinin məntiqsiz olduğunu qeyd edib.
Baş konsul çıxışında Azərbaycanın tarixi, mədəniyyəti, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa və qonşu dövlətlərlə münasibətləri barədə də ətraflı məlumat verib. O, Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələri barədə danışaraq hökumətin ölkədə bu ənənələrin daim yaşaması və daha da güclənməsinə yüksək diqqət yetirdiyini söyləyib.


Şərhlər