RUSİYADA ETİRAZLAR KƏSKİN ARTIB - “Putin aksiyaların ümummilli etirazlara çevrilməsindən qorxur”

Məlum olduğu kimi, Rusiya iqtisadiyyatının təməli enerji resursları və faydalı qazıntılara söykənir. Bu ölkə xammal ixracı üzrə dünya nəhəngidir. Rusiyanın istehsalının yeganə inkişaf etmiş istiqaməti isə silah sənayesidir. Hazırda Rusiyanın kənd təsərrüfatında əsas yeri taxılçılıq tutur, digər sahələr isə zəifdir. Ümumiyyətlə isə bir dövlət kimi Rusiyaya kasıb ölkə demək olmaz, lakin gəlirlərin ədalətsiz bölgüsü və cəmiyyət həyatının bütün “hüceyrələrinə” hopmuş korrupsiya əhalinin yaşayışına, güzəranına ciddi zərbə vurur. İndiyədək vətəndaşlar mövcud vəziyyətə uyğunlaşaraq, onunla barışaraq yaşayıblar.

Ancaq son dövrlər ölkənin ictimai həyatında müəyyən canlanma hiss edilir. Bu, özünü epizodik etiraz aksiyalarında daha aydın göstərir. Belə görünür ki, indi inzibati idarəetmə mexanizminin vintləri sayılan məmur korpusu artıq köhnə qaydalara da əməl etmək istəmir. Kreml administrasiyası isə 30 illik sistemdə dəyişiklik etmək, yenilik gətirmək niyyətində deyil. Rusiya hakimiyyəti kiçik etirazların geniş miqyaslı nümayişlərə çevrilməməsi üçün ilk növbədə aktivistlərə qarşı tədbir görülməsinə üstünlük verir. Lakin bu, real mənzərənin üzə çıxmasının qarşısını ala bilmir.

Bu mövzuyla bağlı ABŞ-ın “The Wall Street Journal” qəzeti “Rusiyalılar məişət problemləri ilə bağlı küçəyə çıxırlar və bu, hissediləcək irəliləyişdir” başlıqlı məqalə dərc edib. Məqalədə deyilir: “Rusiyalılar hər şeyə qarşı etraz edirlər: ziblin daşınmamasından tutmuş, xəstəxanaların bağlanmasına qədər. Kommunal xidmətin pisləşməsi fonunda prezident Valdimir Putin beynəlxalq sanksiyalardan ziyan görən ölkə iqtisadiyyatını səhmana salmağa cəhd göstərir. Yalnız son bir ildə yüzlərlə kütləvi mitinq, fleş-mob və digər aksiyalar keçirilib ki, bu da on il öncəylə müqayisədə əhəmiyyətli irəliləyişdir. Əvvəllər orta statistik adamların sosial problemlərlə bağlı açıq şəkildə hakimiyyətə etirazı düşünülə bilməzdi. Əhaliyə göstərilən xidmətin keyfiyyətinin aşağı düşməsi vətəndaşların məyusluğunu artırır. Ölkədəki xəstəxanlarda həkim çatışmır ki, bu da pasientlərin uzun növbələrinin əmələ gəlməsinə səbəb olur. Digər yandan, əksər tibb müəssisələri tikildiyi dövrdən indiyədək təmir üzü görməyib. Rusiya məktəblərinin isə 80 faizi çox bərbad haldadır”.

Daha sonra nəşr bildirir ki, ötən il Rusiyada etirazların sayı kəskin şəkildə artıb: “Rusiyada demək olar ki, ictimai etirazlar ənənəsi yoxdur. Sovet dövründə vətəndaşlar şikayətlərini Kommunist Partiyasına, həmkarlar təşkilatına, qəzetlərə göndərər, narazılıqlarını dövlət müəssisələrində və mağazalardakı “şikayət kitabçasına” qeyd edərdilər. “Əmək və sosial hüquq mərkəzi”nin əməkdaşı Anna Oçkinanın apardığı təhqiqatın nəticəsinə görə, Rusiyada 2016-cı ildə 1600 etiraz aksiyası keçirildiyi halda, 2018-ci ildə bu göstərici 2200-ə yüksəlib. Onun araşdırmasına əsasən, təkcə bu ilin sentyabr ayında etirazların sayı 1444 olub.

Keçən il Rusiyada son on ilin ən böyük siyasi etirazları baş qaldırıb. ”Activatica” portalının redaktoru Mixail Matveyevin fikrinə görə, Rusiyadakı kütləvi narazılıqlar siyasiləşəcək, çünki insanlar bu sistemdə öz maraqlarını müdafiə etməyin heç bir yolunu görmürlər və ona görə də sistemi dəyişməyə çalışırlar.

Kreml isə sosial aktivliyin böyüməsini inkar edir. Prezidentin mətbuat katibi Dmitri Peskov noyabr ayında jurnalistlərə verdiyi müsahibəsində deyib ki, Kreml etirazların yüksəldiyini zənn etmir. İndi Rusiya parlamenti nümayişçilərdən etirazlarının səbəbini daha ətraflı və aydın şəkildə əsaslandırmağı tələb edən qanun layihəsinin müazkirəsinə başlayacaq. Bu, etirazları məhdudlaşdıra bilər.

Moskvalı politoloq Valeri Solovey deyib: “Putin etiraz hərəkatlarının böyüməsindən və genişlənməsindən qorxur. Putin yerlərdəki etirazların ümummilli etirazlara çevrilməsindən qorxur”.

Siyasi fəallar hakimiyyət tərəfindən istənilən yad fikrin susdurulduğunu deyirlər. 38 yaşlı Krasimir Vranski “Gözəl Peterburq” təşkilatına rəhbərlik edir. Onun təşkilatı sosial məsələlərlə bağlı kütləvi mitinqlər təşkil edir və həmçinin də yerli orqanlara şikayət verməyə yardım göstərir. Son səkkiz il ərzində onun rəhbərlik etdiyi qrupun üzvlərinin sayı 150 nəfərdən 60 min nəfərədək yüksəlib.

Digər aktivistlər isə sosial şəbəkələrdəki akkauntlarının bloklanmasından şikayətlənirlər. Onlardan bəziləri hətta fiziki zorakılığa məruz qalıb. Arxangelsk vilayətinin Şies kəndi yaxınlğında 2000 hektar sahəsi olan zibil poliqonunun tikilməsinin əleyhinə çıxanlar arasındakı etrazçı qadına qarşı polisin kobud rəftarından hiddətlənən Dmitri Povolokin üçün bu hadisə dönüş anı olub. Bundan sonra o, etirazçılara qoşulub. Etiraz nümayişi keçirənlər Moskvadakı zibilin Arxangelsk vilayətinə daşınmasına qarşıdırlar.

D.Povolokin deyir: “Buradakı hakimiyyət hesab edir ki, biz öz doğma torpağımızı Moskvadan daşınan zibildən qorumaq üçün yox, Tramp bizə pul verdiyi üçün etiraz edirik. Xüsusi xidmət orqanları əməkdaşlarının beyninə doldururlar ki, etirazçılar Qərbdən pul alır. Əlbəttə ki, bizə heç kimi pul vermir”.

Sosial problemlərlə bağlı bloq yaradan peterburqlu Marianna Bakanı ABŞ Dövlət Departamentinin casusu olmaqda ittiham ediblər. Qırx yaşlı Marianna Bakan, 2015-ci ildə idman kompleksinin tikilməsi üçün parkdakı ağacların kəsilməsinin qarşısını almaqdan ötrü yerli əhalini səfərbər etmişdi. Məhz bundan sonra ona qarşı böhtan kampaniyası vüsət alıb. Bu gün 3300-dən çox sakin sözügedən parkın qorunması hərəkatına qoşulub. Baş verənlərdən sonra Marianna Bakan öz yaşadığı rayonun yerli hakimiyyət orqanına keçirilən seçkilərdə iştirak etməyə cəhd göstərsə də, buna imkan verilməyib.

Sankt-Peterburqda yaşayan və ömrü boyu heç bir aksiyada iştirak etməyən evdar qadın Oksana Qunker dekabr ayında şəhər hökuməti binasının önündə, onun rayonunda məktəb çatışmazlığına etiraz olaraq, “Kim cavabdehdir” yazılı plakat qaldırıb. Bu hadisədən sonra şəhərin vitse-qubernatoru Nikolay Linçenko həmin rayonun əhalisi ilə görüşdə sakinlərə söz verib ki, gələn ildən başlayaraq məktəb və uşaq bağçası tikiləcək. Amma vitse-qubernatorun bu vədinə baxmayaraq, sakinlər skeptik əhval-ruhiyyədədirlər və piketlərini davam etdirirlər. Belə görünür ki, artıq insanlar sosial etirazın təzyiq vasitəsi olmasını yaxşı mənimsəyiblər”.

Vaqif NƏSİBOV 

AzPolitika.info

635x100

Şərhlər

Oqtay 2020-01-02 23:18:57

Rusiyada 50 dənə də hakimiyyət dəyişsə bizə fərq etməyəcək ta ki biz bu ətalətdən çıxana kimi .Hakimiyyət dəyişəcək yenə biz gedib yaltaqlanacağıq bpyük qardaş artaracağıq Biz özümüzdən başlamalıyıq

t.ədalət 2020-01-02 10:56:04

Putinizm və onun dəstəsi gedərsə Rusiya dinc ölkəyə çevrilər,dünyada sivil insanların qəıtli dayanar.Rusiya hazırda sağlam fikirli insanların həbsxanasına çevrilib.Putindən sonra bu ölkə Avropa və digər ölkələrlə dostlaşar,ermənilərin kanalizasiyasına çevrilən Kreml indiyədək apardığı mürdar siyasəti dayandırar.

Son yazılar