Daxili İşlər Nazirliyi Göygöldə baş verən qətllə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 1-də saat 15 radələrində, əvvəllər məhkum olunmuş Y. Bayramovun yaşadığı Nadil kəndindəki evin yanması və həyətində oğlu Mahirin qətlə yetirilmiş meyitinin olması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Göygöl rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Hadisə yerinə baxış zamanı evin 90 kv. metr sahədə 4 otağının və çardaq hissəsinin yanar konstruksiyalarının yanması müəyyən edilib, yaxınlıqdakı əkin sahəsində isə həmkəndlisi olan oğlu Mahirin ov tüfəngindən yetirilmə xarakterli xəsarəti olan meyiti tapılmış və hadisə yerinin yaxınlığında 2 ədəd giliz aşkar edilərək götürülüb.
Hadisəni münaqişə zəminində törətmiş atası Yaşar könüllü olaraq Səbail RPİ 9-cu PB-yə gəlib cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş “İJ-16” markalı tüfəngi və 8 ədəd patronu təhvil verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
***
Göygöldə evi yandıran oğlunu qətlə yetirib hadisə yerindən qaçan şəxs bu gün səhər saatlarında Bakıda saxlanılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Nadel kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Onun barəsində Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Y.Bayramov oğlu - 1978-ci il təvəllüdlü Mahir Bayramovu Nadel kənd ərazisində taxıl sahəsində ov tüfəngindən 2 dəfə atəş açaraq qətlə yetirib. Hadisəyə uzun müddət tərəflər arasında mübahisəyə səbəb olan evin M.Bayramov tərəfindən yandırılması səbəb olub.


Şərhlər