Türkiyədə Amerikan Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin sabah, yanvarın 10-da yenidən əməliyyat olunacağı gözlənir.
Bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev "Facebook" səhifəsində məlumat verib. Onun sözlərinə görə, müsbət irəliləyişlər olmasına baxmayaraq, hələ də komada olan atası onun vəziyyətini dəyərləndirmək üçün həkimlərin həyata keçirdiyi prosedura çox zəif cavab verir: «Ona görə yanvarın 7-də onu yenidən MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) keçirtdilər. Nəticəyə görə, beynində kəskin sürətdə su artması yaranıb. Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq».
Bu, hüquq müdafiəçisinin artıq məlum hadisədən sonra üçüncü əməliyyatı olacaq. O, əvvəlcə Bakıda, daha sonra isə İstanbulda əməliyyat olunmuşdu.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçiriləcək əməliyyat zamanı xəstənin beynində maye yığılmasına qarşı şunt əməliyyatı aparılacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.
AzPolitika.info


Şərhlər
Allah köməyi olsun!