TRAMP NƏ ÜÇÜN DÖYÜŞMƏKDƏN VAZ KEÇDİ? – Həlledici hücum seçkidən sonraya saxlandı...

İran öz generalının öldürülməsinə cavab olaraq, zaman və məkan baxımından daha qısa yolu seçdi. Qasım Süleymaninin dəfn günü İraqda yerləşən iki ABŞ bazasına İran tərəfindən həyata keçirilən ballistik raketlərlə hücum əməliyyatı, haradasa qəbirüstü matəm atəşi hissi yaratdı. Bu ölkə matəm mərasimində ölən insanlarla göstərdi ki, sevimli sərkərdəsi üçün öz vətəndaşlarını fəda verməyə hazırdır.

ABŞ hərbi bazasına edilən hücum, müəyyən mənada Perl-Harboru xatırladıb. Amma sanki İran raketləri qəsdən elə buraxıb ki, ölüm və dağıntı az olsun. Bəlkə də yox? Bu barədə heç kim açıq bir söz söyləmir. Lakin hər halda hamı gördü ki, bu, 1979-cu ildən indiyədək İranın Amerika obyektlərinə və vətəndaşlarına qarşı ilk birbaşa hücumudur.

Tehranın zəif cavab zərbəsini hər iki ölkə üçün rəmzi jest kimi qəbul etmək olar. Belə ki, hər necə olsa da, bu zərbələr gərginlik zənciri altında olan İrana öz sifətini qorumağa imkan verir. Amerikanlar tanınmış və xalq içərisində populyar olan iranlı generalı öldürdülər, iranlılar isə heç kimi öldürmədi, ancaq sonuncu zərbəni onlar vurdular.

Hazırkı gərginlik Amerikada keçiriləcək prezident seçkiləri ilinə rast gəlib. Əgər Tamp İran hücumlarını cavabsız buraxırsa, onda rəqib demokratlar onu qətiyyətsizlikdə ittiham edəcəklər.

Yəni, Trampı Karterlə eyni cərgəyə qoymaq olar. Cimmi Karter iranlılar tərəfindən amerikalıların girov götürülməsinə imkan vermiş və məntiqi şəkildə növbəti müddətə seçilməyən ABŞ prezidenti kimi tarixə düşmüşdü. Süleymaninin öldürülməsi əmrini verən Trampın ən az istədiyi şey, Karter və ya Hillari Klintonla bir cərgədə dayanmaqdır (Hillari Klintonun Dövlət Departamentinə rəhbərliyi dönəmində Liviyada ABŞ səfirliyini dağıtmışdılar-müəll.) Əksinə, o, istəyib ki, belə vəziyyətə düşməsin, lakin onun nə istəməsindən asılı olamayaraq, artan gərginlik Bağdaddakı Amerika səfirliyinin təhlükə altına düşməsinə gətirib çıxardı.

Yaxın Şərq müharibəsində yeni rəsmi oyunçu peyda olub

İndiyədək amerikan əsgərlərinə birbaşa hücum etməyən İran artıq bunu açıq şəkildə edir. Amerikanın İraqa girməsiylə başlayan Böyük Yaxın Şərq müharibəsində yeni rəsmi oyunçu peyda oldu. Zahiri tərəfdən nə qədər döyüşkən görünməsinə baxmayaraq, İran Amerikayla vuruşmağa can atmır. Lakin İran hakimiyyətinin radikal qanadı baş verənlərdən özü üçün nəticə çıxara bilər: Amerika İranla birbaşa müharibə etməkdən çəkinir, deməli, onlar bunu dolayı yolla aparmaqda davam edəcəklər.

8 yanvar tarixində verdiyi bəyanat zamanı Trampın göstərdiyi sakit reflekslər, onun gələcəkdə baş verə biləcək riskləri yaxşı anlamasından xəbər verirdi. Əgər Tramp İrana cavab vermirsə, deməli seçkilər zamanı onu zəiflikdə və uzaqgörənlik nümayiş etdirməməkdə günahlandıra bilərlər. Yox, əgər cavab versə, onda müharibəyə başlayıb, Amerikanın bütün Yaxın Şərq müharibələrindəki qələbələri kimi, lazım olan vaxta qədər döyüş meydanında qəti və yekun zəfər əldə etməyəcək.

Ona görə də, Tramp birinci varianta üstünlük verəcək. Elə demokratların özləri də döyüşməyə can atmırlar, amerikalılara xətər yetirməyən İranın raket zərbələri isə, uğursuz müharibə ilə müqayisədə daha tez unudulacaq.

Səbrsiz, ziddiyyətli və düşünülməmiş kəskin jestlərə meyilli olan Tarmp yeni müharibəni başlamasa da, ancaq öz orijinal tərziylə köhnə müharibəni davam etdirir. (“Carnegie Moscow Center” - qısa ixtisarla)

“AzPolitika”nın əlavəsi: Sual vermək lazımdır: Tramp geri çəkildimi? Bəlkə də Tramp “bu gün hələ vaxtı deyil” taktikasını işə salıb. Axı, onu qarşıda seçki gözləyir. Belə ki, seçkidə qalib gəldiyi təqdirdə, daha qətiyyətli addımlar atmaq üçün önündə xeyli vaxt olacaq.

Heç kimə sirr deyil ki, ABŞ İranın indiki siyasətindən qəti razı deyil və bu ölkəni özünə tabe etdirmək niyyətindədir. Əslində qlobal siyasətə çox zaman səthi yanaşılır. Haradasa dərində yatan mətləblərə fikir verilimir və kiçik taktiki nüanslar ön plana çəkilir. Məsələn, bir neçə sual vermək məntiqlidir: axı, ABŞ nə üçün uzun illərdir ki, İran məsələsini həll edə bilmir? Necə oldu ki, İranla müqayisədə, bütün parametlərinə görə ondan qat-qat güclü olan nəhəng SSRİ böyrü üstə qoyuldu, amma İranla bacara bilmirlər?

Əlbəttə, xeyli çoxşaxəli cavab var. İranın dözümlülüyü və bu ölkənin sərt şərtlər altında həyatda qalma immuniteti qazanması çox mühüm faktordur. Həm də çətin anlarda xalq birlik nümayiş etdirir. Necə ki, biz bunu Qasım Süleymaninin dəfnində əyani şəkildə gördük.

Digər tərəfdən, biz, Yaxın Şərqi daima çalxalamaq istəyən dünyanın iri silah sənayesi lobbisinin qüdrətini, neft şirkətlərinin konspiroloji əməliyyatlarını, ABŞ-dakı Demokratlar və Respublikaçıların çəkişməsini də hesabdan silməyək. Sözsüz ki, burada bütün faktorların payı var. Elə ona görə də birmənalı söz söyləmək çətindir.

Vaqif NƏSİBOV 

AzPolitika.info

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-01-11 20:55:32

ABD etdiyini etdi. İran da Süleymani əməliyyatında özünü rezil etdi. Day döyüşməyə ne ehtiyac. Rejim onsuz da çürüyür.

Son yazılar