Menu

Belarus Azərbaycandan neft almaq istəyir – “Bu sövdələşmə bir halda baş tuta bilər ki...”

15.01.2020, 16:48
Belarus Azərbaycandan neft almaq istəyir – “Bu sövdələşmə bir halda baş tuta bilər ki...”

Belarus alternativ olaraq neft almaq üçün bir neçə Avropa ölkəsinə müraciət edib. Belarusun baş nazir müavini Dimitri Krutoy yanvarın 14-də bildirib ki, ölkədəki bütün neftayırma şirkətlərinin nümayəndələri artıq xaricdəki potensial tərəfdaşlarla danışıqlar aparırlar.

O, ümid edir ki, neft almaq üçün tezliklə Minskin alternativ imkanları yaranacaq. Baş nazir müavini qeyd edib ki, hazırda Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltik ölkələri ilə mümkün əməkdaşlığa baxılır.

Qeyd edək ki, Belarus hökumətinin bu bəyanatı, Moskvanın təxminən 2 həftə əvvəl gözlənilmədən Belarusa neft verilməsini dayandırmasından sonraya təsadüf edir. Artıq Latviya Belarusa neft verməyə hazır olduğunu bəyan edib. Bu barədə Latviyanın Belarusdakı səfiri Eynars Semanis, ölkənin baş nazirinin Belarusa səfəri ərəfəsində məlumat verib.

Bəs Belarusun Azərbaycandan neft idxalı mümkündürmü?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “AzPolitika.info”-ya bildirib ki, bir halda bu sövdələşmə baş tuta bilər: Azərbaycan Rusiya neftindən aşağı qiymət təklif edə və nəqliyyat xərclərini öz üzərinə götürərsə.

Ekspert qeyd edib ki, Belarusun Rusiya ilə neft alqı-satqısı mübahisəsində əsas problem qiymətdir: "Belarus öz qonşusundan ucuz neft almaq istəyir, Rusiya isə deyir ki, onsuz da mən sənə dünya bazarından aşağı qiymətə neft satıram. Qazla bağlı da eyni vəziyyətdir. Treyderlərin açıqladığı rəqəmlərə diqqət yetirək: 2019-cu il üçün "Urals" markalı neftin orta ixrac qiyməti 1 barel üçün 63,5 dollar olub, Belarusa satış qiyməti isə 54,8 dollar. Yəni ixrac qiymətindən 13,7% aşağı satılıb".

İ.Şaban xatırladır ki, Azərbaycan nefti hazırda dünyanın ən bahalı nefti hesab edilir: "Onun qiyməti "Brent" markalı neftlə müqayisədə hazırda 4 dollar bahasına təklif edilir. Səbəbi də odur ki, Avropada emal proseslərinə ekoloji tələblər 2020-ci ildən daha da sərtləşdirildiyindən azkükürdlü xammala tələbat daha da artıb. Azərbaycan neftinin tərkibində isə kükürdün faizi minimal həddədir.

Bu baxımdan Belarus hökumətinin Azərbaycan neftini idxal etməsi maraqdan o tərəfə keçə bilməz. Elə ona görə də hələ 2019-cu ildə Belarus Novorossiysk limanında Qazaxıstandan neft almaq arzusunu gerçəkləşdirə bilmədi. Çünki Belarusa nəql etmə xərcləri həddən artıq baha başa gəlirdi" - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Belarus hələlik tranzit neftin tarifi ilə bağlı Rusiya ilə razılığa gələ bilməyib. Amma tərəflər hələlik qazın qiyməti ilə bağlı 2 razılaşma əldə ediblər.

Belarusla Rusiya yaxın müttəfiq ölkələrdir və iki ölkə arasında ittifaq müqaviləsi var. Söhbət iki ölkə iqtisadiyyatının daha sıx inteqrasiyasından gedir. Amma Belarus prezidenti Aleksandr Lukaşenko daima Moskvanı Minskə təzyiq göstərməkdə günahlandırır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol