(R) 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində 46 saylı Şirvan şəhər Dairə Seçki Komissiyası tərəfindən deputatlığa namizədliyi qeydə alınmış Əsmər Əlimusa qızı Əliyeva bu gündən təbliğat və təşviqat kampaniyasına start verib.

Deputatlığa namizəd seçki qərargahının üzvləri və vəkilləri ilə birlikdə ilk öncə ümummilli lider Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış möhtəşəm abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzərək, onun xatirəsini yad edib, hörmət və ehtiramını bildirib.

Əsmər Əliyeva ulu öndər Heydər Əliyevin abidəsi önündə ilk açıqlamasını verib. O, şirvanlı seçicilərə mesaj verərək bildirdi ki, onu millət vəkili olmağa həvəsləndirən Prezident İlham Əliyevin son kadr və siyasi islahatları, eyni zamanda gənclərin dövlət idarəçiliyində önə çəkilməsi və parlament seçkilərində gənclərin fəal iştirak etməsinə çağırışı olub: “Mən dövlətimiz, xalqımız, şirvanlılar adına layiqli millət vəkili olacağıma hər kəsi əmin edirəm”.

Əsmər Əliyeva daha sonra Şirvan şəhərində yerləşən Şəhidlər Xiyabanına gələrək, Vətən uğurunda canından keçmiş şəhidlərin xatirələrini yad edib. Dərin ehtiramını bildirərək, onların məzarları üzərinə qərənfillər düzüb. Əsmər Əliyeva Şəhidlər Xiyabanını ziyarətə gəlmiş körpə balalarla da görüşüb və onların müəllimlərinə uşaqları vətənpərvərlik ruhunda maarifləndirdikləri üçün minnətdarlığını bildirib.

Namizəd, daha sonra ərazi bütövlüyümüzün müdafiəsi uğrunda şəhid olmuş Azad Səttarovun ailəsinə baş çəkib. O, şəhid ailəsinə başsağlığı verərək bildirib: “Biz gənclərin borcudur ki, sizin kimi dünyaya qəhrəman övladlar gətirib, Vətən uğrunda qurban verən analara baş çəkib, xeyir-duanızı alaq”.

Əsmər Əliyeva xüsusi vurğuladı ki, umummilli lider Heydər Əliyevin siyasi kursunun varisi və layiqli davamçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ əlillərinə və bu kateqoriyadan olan insanlara göstərdikləri diqqət və qayğı gənclər üçün bir nümunədir: “Biz bu yolla gedərək, cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dəstək olmaqla, bu işə öz töhfələrimizi verəcəyik”.

Şəhid anası öz növbəsində Əsmər Əliyevaya xeyir-dua verərək, bir şəhid anası kimi daim onlara diqqət və qayğı göstərən cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdiyini dedi: “Sizə də seçki təşviqatınızda uğurlar arzulayıb, “Allah işinizi avand eləsin” deyirəm. Dövlətimiz, xalqımız üçün bu seçkilər düşərli və uğurlu olsun”.


NAMİZƏDİN TƏRCÜMEYİ-HALI

Əsmər Əliyeva 1985-ci ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Bakı şəhər N.İsmayılov adına 80 nömrəli orta məktəbi fərqlənmə attestatı və fəxri fərmanla bitirib.

2000-ci ildə test üsulu ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 2004-cü ildə oranı bakalavr pilləsi üzrə fərqlənmə diplomu və fəxri fərmanla, 2006-cı ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirib.

2006-cı ilin sentyabrından Bakı Dövlət Universitetinin Hüquq fakültəsində müəllim vəzifəsində çalışmağa başlayıb.

2012-ci ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2017-ci ildən Mülki Proses və Kommersiya Hüququ Kafedrasının dosentidir. Hüququn bir neşə sahəsi üzrə bakalavr və magistratura pilləsində Azərbaycan və ingilis dillərində mühazirələr oxuyur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsindəki birdəfəlik Dissertasiya Şuralarında üzv kimi fəaliyyət göstərir. 

2014-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimidir, hakimliyə namizədlərə, ədliyyə qulluqçularına, bələdiyyə sədrlərinə və digərlərinə təlimlər keçir.

Azərbaycan Respublikası İqtisad Universitetinin „SABAH“ qruplarına ingilis dilində mühazirələr oxuyur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumlarında maliyyə, bank və mülki prosessual qanunvericilik sahələrində baxılan işlərdə ekspert qismində çixiş edir.

2 dərs vəsaitinin, 1 monoqrafiyanın, 3 tədris proqramının, 2 qəzet məqaləsinin və 2-si xaricdə olmaqla 20-dən çox elmi məqalənin müəllifidir.

BDU-nun rektorunun əmri ilə 2017-ci ildə Bakı Dövlət Universitetinin ictimai həyatında fəal iştirakına, vəzifəsinə məsuliyyətlə yanaşdığına görə “Fəxri Fərman”la təltif edilib.

Azərbaycan Respublikası Təhsil nazirinin 28 dekabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi Azərbaycan Respublikası yubiley medalı“ ilə təltif olunub.

Ailəlidir, 3 övladı var. 

"AzPolitika"