PUTİNİN ƏN BÖYÜK QORXUSU – Onun planlarını nə poza bilər?

Rusiyada yeni siyasi mərhələyə start verilib. Ölkə lideri Federal Məclisə ünvanladığı müraciətdə yeni mərhələnin başlandığını elan edib, yaxın gələcəklə bağlı planlarını açıqlayıb.

Bəs, Vladimir Putin öz istəyinin reallaşması önündə hansı əngəlləri görür?

Əgər proseslərin mahiyyətini siyasi aspektdən və dərindən incələsək, onda tam aydın olar ki, rusiyalılar üçün dövlət başçısının kim olması və onun hansı müddətə qədər hakimiyyətdə qalması elə də böyük əhəmiyyət kəsb etmir. Kütləni başlıca olaraq iqtisadi durum maraqlandırır. Əlbəttə, heç şübhəsiz ki, bu, bəlkə də hər yerdə belədir, ancaq Avropa ölkələri ilə müqayisədə Rusiya əhalisi siyasi cəhətdən həmişə apatik olub. O ki qaldı bolşevik inqilabına, o zamankı hadisələrin əsas səbəblərindən biri Rusiya İmperiyasının Birinci Dünya Müharibəsi nəticəsində səfil və yoxsul hala düşməsiydi. Nəticədə, bu, inqilabi mühit yaratmışdı. Elə Sovet İttifaqının son dövrlərindəki kütləvi küçə etirazlarının stimulu da iqtisadi mexanizmin işləməməsindən qaynaqlanırdı.

Tarix boyu siyasi və hüquqi azadlıqlar Rusiya əhalisinin öncəlikli prioriteti sayılmayıb. Heç şübhəsiz ki, bunu Putin də gözəl bilir. Putinin Konstitusiyada dəyişiklik etmək istəyinin qarşısında dayanan yeganə maneə - yalnız ölkə iqtisadiyyatının gözlənilmədən bərbad hala düşməsi ola bilər. Deməli, onun önündə mühüm bir məsələ durur -iqtisadiyyatın zəifləməsinin qarşısını almaq və nəyin bahasına olursa-olsun, tənəzzülə imkan verməmək. Çünki vətəndaşların həyat şəraiti pisləşsə, bu, birbaşa onların siyasi baxışlarına təsir göstərəcək. Belə olan halda, bütün təbliğat haray-həşirinə baxmayaraq, Kreml rəhbərinin planının pozulması ehtimalı yüksələcək

Sözügedən məsələ beynəlxalq mətbuatda da geniş işqlandırılır. Almaniyanın “Hadelsblatt” qəzetnin “Bərbad iqtisadi vəziyyət Putinin imicini çox korlayır” başlıqlı məqaləsində deyilir: “Vladimir Putin uzun müddət ərzində öz vətəndaşları üçün sabitliyin təcəssümü olub. İyirmi il bundan əvvəl 46 yaşlı baş nazir hakimiyyətə gəldi. Heç kim onu ciddi qəbul etmirdi, Rusiya isə dərin böhran keçirirdi. Yeltsin dövrünün “şok yaradan” iqtisadi islahatının meydana gətirdiyi xaos, rublun çökməsi, bank böhranları, hər yeri qamarlamış oliqarxların intəhasız hakimiyyəti milyonlarla rusiyalını yoxsul vəziyyətə salmışdı.

Beləliklə, hələ prezident kürsüsünə əyləşənə qədər bir neçə ay xüsusi xidmət orqanına rəhbərlik etmiş, Sankt-Peterburqdan gələn bir adam meydana çıxır. Bundan sonra rusiyalılar vaxtlı-vaxtında məvacib, pensiya almağa başlayırlar, şəhərlərdə abadlıq işləri görülür, hədəqələrini aşmış bəzi oliqaxlar isə “yerlərində oturdulur”.

Lakin son zamanlar internetdə müxalifətçi Aleksandr Navalnı tərəfdarlarının çəkdikləri və “xalq xidmətçisinin” heyrətamiz zənginliyini əks etdirən bir sıra videofilmlər göstərilir. Bu filmlərə milyonlarla insan baxıb. Bundan başqa, rusiyalılar artıq uzun illərdir ki, real gəlirlərin azalması ilə qarşılaşıblar, əksəriyyət isə maliyyə pilləkəninin yoxsulluq həddinə yuvarlanıb. Buna baxmayaraq, Kreml hökmdarı dekabr ayında “VTB” dövlət bankının təşkil etdiyi investisiya konfransında bəyan edib ki, əhalinin real gəliri onun üçün iqtisadi uğurun əsas indikatorudur.

Əlavə Dəyər Vergisinin yüksəlməsi, pensiya yaşının artırılması və uzun sürən iqtisadi böhran vətəndaşların gözündə Putinin imicini zədələyib. Sonuncu məlumata əsasən, 21 milyon rusiyalı (14,3%) yoxsulluq səviyyəsində yaşayır. Bu, əməkqabiliyyətli əhali üçün aylıq 160 avro, pensiyaçılar üçün isə 120 avrodur. 2018-ci ildə keçirilən rəy sorğusuna görə rusiyalıların cəmi 18 faizi Putinin fəaliyyətindən narazı idi, indi isə bu rəqəm 38 faiz təşkil edir. Narazıların sayının artım meyli açıq görünür.

Ukraynanın Krım yarımadasının işğalı ilə bağlı olan “ura-vətənpərvərlik” parıltısından və bunun ardından gələn Qərb sanksiyalarından sonra əksər rusiyalı hər şeyin “tərs üzünü” gördü. Ortadan çıxan xarici malların yerini tutan məhsulların qiyməti sürətlə qalxdı. Rusiya ərazisində reallaşdırılan maliyyə layihələri ixtisara salındı və investisiyalar Krıma yönləndirildi.

O ki qaldı iqtisadi böyüməyə, Rusiya 1,3% Ümumi Daxili Məhsul artışı ilə hətta Şərqi Avropa ölkələrindən də geri qalır. Vyanadakı “Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutu” bu yaxınlarda bəyan edib ki, struktur islahatlarının daima ləngiməsinə görə Rusiya iqtisadi tənəzzül həddinə yaxınlaşıb. Bu il iqtisadçılar ən yaxşı halda böyümənin 2 faiz olacağını gözləyirlər.

Vladimir Putin bəlağətli ifadələrin köməyilə yaranmış xoşagəlməz vəziyyətdən çıxmağa çalışır: “Hər şey alınmadı, amma hər şey heç də həmişə bütöv şəkildə alınmır”. Bəli, belə yerdə vaxtilə Rusiya hökumətinin başçısı olmuş Viktor Çernomırdinin ”Daha yaxşısını istədik, amma yenə də həmişəki kimi oldu” frazası yada düşür. Düzdür, hələlik hər şey tam olaraq acınacaqlı deyil. Belə ki, indi ən azından işsizlik 4,6 faizlə müasir Rusiya tarixinin minimum səviyyəsindədir. İnflyasiya isə 3%-ə kimi düşüb. Ancaq ölkədəki investisiya iqlimi ağır olaraq qalır. ”Transparency İnternational” beynəlxalq təşkilatının hazırladığı korrupsiya indeksinə görə Rusiya İran və Papua-Yeni Qvineya ilə bir sırada - 138-ci yerdə qərarlaşıb.

Fransanın “Le Figaro” qəzeti yeni baş nazir Mixail Mişustini Putinin “texnokrat kozırı” hesab edir. ”Le Figaro” yazır: “Ümumiyyətlə Mişustin “boz” texnokratın adi nümayəndəsidir, amma buna baxmayaraq, onun nəticələri parlaq, metodları isə səmərəli hesab olunur”. 

Rusiya kanallarının əndazəni aşan təblğatı bəllidir. ”Rusiya24” dövlət telekanlı Mişustinin təyinatından sonra fərəh hissilə danışıb: “O, dünyada ən yaxşı vergi toplanması sistemi yaradıb”. Noyabr ayında “Kommersant” qəzetinə verdiyi müsahibəsində Mişustin deyib: “Əlavə Dəyər Vergisindəki uyğunsuzluğu (gözlənilən və real yığımlar arasındakı fərq) 0,6 faizə kimi azaltmışıq (Avropada bu 10%-dir). Rusiyadan nümunə götürürlər, bizə öyrənməyə gəlirlər”.

Əhalinin gəlirlərindəki durğunluq narazılığın başlıca səbəbidir və bunu Putin yaxşı bilir. İctimai rəyi öyrənən mərkəzin məlumatına görə, rəyi söruşulanların 52% hesab edir ki, irəlidə iqtisadi planda vəziyyətin pisləşməsi baş verəcək. Kreml iqtisadiyyatın 5% böyüməsini qarşısına məqsəd qoyub. İndi 2024-cü ildə Mişustinin üzərinə Putinin 26 trilyon rubl (Rusiya büdcəsi nəzərdə tutulur, əslində 22 trilyon rubldur-Red) məbləğindəki proqramının reallaşdırılması qoyulub. Ən başlıcası Rusiya liderinin planının ziyan görməməsidir”. Bir məsələni xüsusilə vurğulamaq lazımdır. 

Sözsüz ki, Vladimir Putinin ən qorxduğu hadisə, heç də birbaşa ölkə daxilindəki siyasi-iqtisadi dinamikayla bağlı deyil. Onsuz da o, hər şeyi ram edib. Kreml rəhbərini daima həyəcanlandıran problem neftin qiymətinin necə olmasıdır. Çünki neftin neçəyə satılması Rusiyanın istəkləri xaricindədir. Ona görə də, indiki baş nazirin qarşısında qoyulan əsas tapşırıq büdcə pullarının lüzumsuz səpələnməsinə yol verməmək ola bilər. 

Niyyət öz yerində, ancaq görəsən, perspektivdə doğrudanmı korrupsiyanın cilovlanması məqsədi durur? Əgər, tutalım ki, bu, həqiqətən də belədir, bəs onda nəhəng korrupsiya maşınının qabağı necə kəsiləcək? Axı, beynəlxalq analitiklərin dediyi kimi, Rusiyada korrupsiya problem yox, sistemdir...

Vaqif NƏSİBOV 

AzPolitika.info

635x100

Şərhlər

vuqar 2020-02-10 17:06:47

Burada mentiq cox selis ve sadedir.Amerika kesf etmeye ehtiyac yoxdu. Dovletin daxilinde oz xalqina bir gun qurub yarada bilmeyen LIDER kenar dovletlere ne xeyir vere biler? Ehalin acindan surunur amma sen ozunu ..superguc.. adlandirirsan! Men rus hokumetini ..superguc.. yox SUPERGIC adlandirilmaginin terefdariyam!

t.ədalət 2020-01-22 23:05:29

Hansı ölkələrdə baş oğru prezident olursa,o ölkə korrupsiyalaşmış olur.Rusiya,məhz belə ölkələrdən sayılır.Korrupsiyalaşmış ölkələrdə qanunlar pulla--rüşvətlə işləyir,dövlət oğru qanunları ilə idarə olunur.Sonda hakimiyyət nəinki yıxılır,dövlət sıradan çıxır..

Son yazılar