"Nazirlik məsuliyyəti Baş Prokurorluğun üzərinə atdı" - Bloklanan saytın baş redaktoru

“Əvvəllər "Gununsesi.info"-nun bloklanmadığını iddia edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu qanunsuzluğunu məhkəmədə etiraf edərək, məsuliyyəti Baş Prokurorluğun üzərinə atıb. Həmçinin, sayta qoyulan məhdudiyyətin götürülməsinin Baş Prokurorluqdan asılı olduğunu bildirib”.

Bunu Gəncə hadisələri zamanı ölkədə girişinə məhdudiyyət qoyulmuş “Gununsesi.info” xəbər saytının baş redaktoru Pərviz Həşimli deyib.

Onun sözlərinə görə, sayta tətbiq edilmiş blokun götürülməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət edilib: “Biz “Gununsesi”nin “info” domeninin məlum Gəncə hadisələri zamanı qanunsuz bloklanması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişik. İndiyədək heç bir məhkəmə qərarı olmadan saytımıza ölkə daxilində giriş məhdudlaşdırılmışdı. Həmin zaman Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bizə rəsmi məktub yazaraq, sayta hər hansı məhdudiyyətin tətbiq olunmadığını rəsmi bəyan etmişdi. Ancaq məhkəmə prosesində yeni nüans ortaya çıxıb.

Belə ki, nazirliyin nümayəndəsi Baş Prokuror Zakir Qaralovun 13 iyul 2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə sayta girişin məhdudlaşdırılması üçün yazdığı məktubu üzə çıxarıb".

P.Həşimli deyir ki, məhkəmədə sözügedən məktubun qanunsuz olduğunu sübut ediblər. "Qanunvericiliyə görə, saytın bloklanması üçün tələb olunan yazı xəbərdarlıq edildikdən 8 saat müddətində saytdan götürülməzsə, o zaman bu, məhkəmə qaydasında b həyata keçirilir. Təsəvvür edin ki, nə xəbədarlıq olub, nə də məhkəməyə hansısa müraciət göndərilməyib".

Baş redaktor deyib ki, digər bir ciddi qanunsuzluq “Aztelekom”dan internet alan provayderlərdə “Gununsesi”nin hətta “org” domeninə də məhdudlaşdırmanın tətbiq olunmasıdır ki, bu da son aylarda müşahidə edilir. "Qeyd edim ki, “org” domeni ilə bir ildən artıqdır ki, çalışırdıq. Son zamanlar mobil operatorlarda əngəllənmələr görünür. Nazirliyin nümayəndəsi isə “Aztelekom”un onlara hansısa bir aidiyyatı olmadığını iddia edir. Bütün hallarda internet məsələsinə məsul qurum Ramin Quluzadənin başçılıq etdiyi nazirlikdir. Onlar idda edir ki, “org” domeninə hər hansı bloklanma tətbiq olunmayıb. Amma bizə İsveçrədə faəliyyət göstərən “Qurium” Beynəlxalq Media Fondu texniki xidmət göstərir və dəlillərlə isbat edir ki, bu yaxınlarda “org” domeni üçün də bloklanma olub. Məhkəmənin özü çıxılmaz duruma düşüb”.

Pərviz Həşimli onu da bildirib ki, bir neçə saytın da cəlb olunduğu cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunda başa çatıb və “Basta”, “Teref” və “Kriminal” saytlarının rəhbərlərindən fərqli olaraq, onun haqqında hansısa məsuliyyət müəyyən edilməyib: “Heç olmasa Baş Prokurorluq adıçəkilən nazirliyə bir məktub yazıb, bu problemin həlli üçün kömək edə bilər. Çünki nazirliyin təmsilçisi bildirir ki, Baş Prokurorluqdan məktub gəlməyincə, bloklanmanı aradan qaldırmayacaqlar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar