“XALQ ONLARIN YADINA SEÇKİDƏN-SEÇKİYƏ DÜŞÜR...” – Raqif Muradov bunları vəd etdi (Fotolar)

Növbədənkənar parlament seçkilərində 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Raqif Muradov təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.

Raqif Muradovun seçki qərargahından "AzPolitika.info"ya verilən məlumata görə, görüşlər çox yüksək səviyyədə keçir. Bəzi namizədlər kimi heç bir inzibati resursdan istifadə edilmədiyi halda, kəndlərdə fəal seçicilərin əksəriyyəti Raqif Muradovun görüşlərinə qatılaraq, ona dəstəyini ifadə edir. 

Raqif Muradovun dünən və bu gün İmişli və Beyləqan rayonunun bir neçə kəndində keçirdiyi görüşlərdə də seçicilər fəal iştirak ediblər.

Dünən günün ikinci yarısı İmişli rayonunun Cavadxanlı kəndində seçicilərin görüşünə gedən Raqif Muradov, burda böyük hörmətlə qarşılanıb. Kənd ağsaqqaları və ziyalılarının qatıldığı görüş səmimi şəraitdə keçib. 

Raqif Muradov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar barədə məlumat verib. Deputatlığa namizəd hakimiyyətə yeni kadrların cəlb edilməsinin ölkənin inkişafında böyük rol oynayacağını vurğulayaraq, prosesin uğurla həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük rolu olduğunu vurğulayıb.

"Parlementin yeni tərkibi də bu islahatlar prosesinə dəstək olmaqla, ölkədə qanunvericiliyin təkmilləşdirilməsi işinə öz töhfəsini verməlidir. Eyni zamanda yeni deputatlar təmsil etdiyi rayonda əhalinin problemlərini öyrənərək, onların qısa müddətdə həllinə cəhd göstərməlidir. Ancaq əvvəlki deputatların əksəriyyəti mandat əldə etdikdən sonra xalqı yaddan çıxarıb, öz şəxsi maraqlarını təmin edib. Onların yadına xalq seçkidən-seçkiyə düşür. Məni tanıyanlar bilir ki, elimə-obama bağlı bir insan kimi, deputat seçiləcəyim halda seçicilərimin problemi ilə yaşayacağam", - Raqif Muradov vəd verib.

Görüşdə iştirak edən seçicilər Raqif Muradova dəstəklərini ifadə ediblər.

Raqif Muradov bugünki görüşlərinə İmişli rayonunun Qaralar kəndindən başlayıb. Bu kənddəki görüş də yüksək səviyyədə baş tutub. 

Raqif Muradov çıxış edərək həm öz platforması haqda məlumat verib, həm də ölkədə həyata keçirilən islahatlardan danışıb. Görüşün sonunda iştirakçılar Raqif Muradovu gələcək deputatları kimi görmək istədiklərini ifadə ediblər.

Bu gün günün birinci yarısı Raqif Muradov Beyləqan rayonunun iki kəndində də seçicilərlə görüş keçirib. Əvvəlcə Əhmədli kəndində olan Raqif Muradovun görüşü kütləviliyinə görə fərqlənib. 

Deputatlığa namizəd kənd sakinləri tərəfindən böyük hörmətlə qarşılanıb. Burda da öz seçki platforması haqda məlumat verən Raqif Muradov, seçiciləri seçkidə fəal iştirak etməyə çağırıb. Görüşdə kənd camaatı adından çıxış edən ziyalılar və ağsaqqallar Raqif Muradova səs verəcəklərini ifadə ediblər.

Sonra Raqif Muradov Beyləqan rayonunun Aşıqlar kəndində olub. Deputatlığa namizəd kənd camaatının problemləri ilə maraqlanıb, onlara öz seçki platforması, deputat seçiləcəyi halda görmək istədiyi işlər barədə məlumat verib. Görüşə qatılanlar birmənalı şəkildə seçkidə Raqif Muradova səs vercəklərini bəyan ediblər.

Raqif Muradov günün ikinci yarısında da seçicilərlə görüşlərini davam etdirib.  

   

  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar