Çindən dünyaya yayılan korona virusu Azərbaycanda da təlaş yaradıb. Bunu mediada yayılan xəbərlərdən də görmək mümkündür. Məlumdur ki, Azərbaycan Çinlə sıx ticarət əlaqələrinə malik ölkədir. Əhalinin istifadə etdiyi geyim, məşiət əşyalarının, sənaye məhsullarının bir hissəsi bu ölkədən idxal olunur.
İki ölkə arasında ticarət sektorunda minlərlə insan çalışır, onların bir qismi ilin yarısını Çinin müxtəlif şəhərlərində yaşayır. Bununla yanaşı son illər Azərbaycandan Çinə təhsil arxasınca gedən tələbələrin də sayı çoxalıb. Təhsil Nazirliyi də bu istiqaməti seçən gənclərə dəstək göstərir. Dövlətlərarası müqavilə hər il onlarla tələbənin bu ölkədə təhsil almasına şərait yaradır.
Korona virusu ilə bağlı yayılan xəbərlər Çində yaşayan, oranı tərk edə bilməyən tələbələrin durumu ilə bağlı narahatlıqlara yol açıb.
Araş Paşayev Çinin Zhengzhou Universitetində turizmin idarə edilməsi ixtisası üzrə magistr təhsili alır. O “AzPolitika.info”-ya Çində baş verən hadisələr barədə ətraflı danışıb. Bildirib ki, yaşadığı şəhər Pxenyan pravinsiyasına aiddir, orada 90 milyon əhali yaşayır: “Mən yaşadığım Henan şəhəri pravinsiyanın paytaxtıdır, 10 milyon əhaliyə sahibdir. Bu şəhəri virusun episentrindən cəmi 600 kilometr məsafə ayırır. Bu, Çin miqyasında böyük bir distansiya sayılmır. Məsafəyə baxmayaraq, onlayın sistemdə biz Xuhan şəhərində cərəyan edən prosesləri izləyə bilirik. Şəhərdə 3 minə yaxın adamda bu virus tapılıb, indiyə qədər 200-ə yaxın insan ölüb. Bizim şəhər bu statistikada 4-cü yerdədir. Henan şəhərində cəmi 206 nəfər virusa yoluxub, onlardan cəmi 2 nəfəri vəfat edib ki, bunlar da yaşı 60-dan yuxarı olan insanlardır. Ölənlərdən biri mənim yaşadığım paytaxt şəhərinin sakinidir”.

Həmsöhbətimiz deyir ki, Azərbaycanın xəbər portalları bu virus barədə məlumatları hədsiz şişirdirlər: “Baxıram, əsasən məlumatsızdırlar. Bununla panika və isterika yaradırlar. Əslində bu o miqyasda təqdim edilməli hadisə deyil. Statistikalara nəzər salsaq, dünyada hər il qripdən zökəmdən, vərəmdən, pnevmaniyadan milyonlarla insan ölür. Həmçinin Çində. Amma bunu heç kim işıqlandırmır. Yalnız bu virus barədə xəbərlər yayıldıqdan sonra bu statistikalara da nəzər salındı. Amma təəssüf ki, mən hədsiz yalan informasiyalarla rastlaşdım”.
Bəs Çində faktlar və miflər nədən ibarətdir? A.Paşayev deyir ki, virusun yayıldığı Xuhan şəhərinini ciddi karantin altında olması faktdır: “Şəhərə giriş-çıxış bağlanıb. Nəqliyyat sistemi, iaşə obyektləri işləmir. Virus yayılan istənilən bir ölkə bunu etməlidir ki, virus pandemiya halına keçməsin. Amma Azərbaycanda bunu hədsiz şişirdirlər. Bəzi xəbər portallarından oxudum ki, guya Xuhan şəhərindən çıxanları hərbçilər güllələyir və s. Bunların hamısı yalandır, əksinə Çin dövləti, səhiyyə sistemi çalışır ki, insanlara kömək etsin. Qaynar xətlər yaradılıb, hər yerdə temperaturu ölçən aparatlar quraşdırılıb. Xəstə olanlar dərhal hospitala göndərilir və orada xidmət göstərilir”.
A.Paşayev bilinən fakt kimi bu xəstəliyin ilk olaraq dəniz məhsulları satılan bazardan yayıldığını bildirir: “İlk olaraq o bazara gedənlər, orada çalışanlar öldülər. Sonra virus yavaş-yavaş ölkəyə yayılmağa başladı. Virusla bağlı təqdim olunan göstəricilər Çinin 1.4 milyardlıq əhalisi ilə müqayisədə demək olar heç nədir. Bu rəqəmləri şişirtməyə dəyməz. İnsanlara məsləhət görülür ki, əllərini tez-tez yusunlar, spirtlə dezinfeksiya etsinlər. İnsanların çox toplaşdığı yerlərə getməsinlər. İnsanların çoxu bu tövsiyələrə əməl edirlər, eləcə də mənim özüm”.
Həmsöhbətimiz daha bir məqama diqqət çəkir: “Videolar yayılır və orada şəhərlərin bomboş olduğu göstərilir. Bir növ filmlərdə olduğu kimi təəssürat yaratmağa çalışırlar. Bunlar absurd şeylərdir. İndi Çində yeni il qeyd olunur. Bu faktor da rol oynayır, bayrama görə yollarda, küçələrdə insanlar azdırlar”.
Araş Paşayevin sözlərinə görə, Azərbaycan səfirliyinin edə biləcəyi və ya etdiyi kömək yoxdur. “Mən özüm bu universitetə qəbul olunmuşam, nə səfirlik, nə də Təhsil Nazirliyinin imkanlarından istifadə etməmişəm. Qruplarda gördüyüm qədəri ilə səfirlik yox, Təhsil Nazirliyi çalışıb ki, virusun episentrinə yaxın yerlərdə yaşayan tələbələrin biletlərini alıb Azərbaycana evakuasiya etsinlər. İndiki vəziyyət dəhşətli dərəcədə qorxulu deyil. Bizim universitet qeyri-müəyyən vaxta qədər bağlanıb. Bu, Xuhan əyalətinə yaxın yerlərdəki universitetlərə aiddir”, - deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
“AzPolitika.info”


Şərhlər