Sentyabrın 24-də Aİ-nin anti-terror üzrə koordinatoru Jil de Kerşov Avropa Parlamenti komitəsi qarşısında çıxış edib.
O bildirib ki, İŞİD-in amansız döyüşçülərinin kölgədə qoyduğu Əl-Qaidə özünü göstərmək üçün Avropa, ABŞ və ya İsraildə yeni terror hücumları törədə bilər. Məlumatı "EurActiv" yayıb.
Jil de Kerşov dünyanın gözünün İŞİD-in Suriya və İraqdakı hücumlarında olduğu bir vaxtda Əl-Qaidənin İŞİD-lə yarışa girəcəyi ilə bağlı xəbərdarlıq edib. "Əl-Qaidə öz varlığını sübut etmək üçün yeni hücumlar təşkil edə bilər", - o deyib.
O, bəzi döyüşçülərin Əfqanıstan və Pakistandan Suriyaya keçdiyini, orada Əl-Qaidə ilə əlaqəsi olan Xorasan qrupu yaratdıqlarını bildirib. Onun sözlərinə görə, qrupun məqsədi Suriyaya gələn avropalıları özlərinə qoşmaq, onları pasportları ilə geri qayıdaraq Avropa, İsrail və ABŞ-da terror hücumlarına cəlb etməkdir.
Qeyd edək ki, ABŞ-ın başçılığı ilə bu həftə Suriyada İŞİD-ə hava zərbələri endirilib. ABŞ rəsmiləri ABŞ və Avropada terror hücumlarının qarşısını almaq üçün Xorasan qrupunun da hədəfə alındığını bildiriblər. Pentaqon qrupun belə bir niyyətinin olduğunu deyib.
De Kerşov 3000-dən çox avropalının Suriyada olduğunu, yaxud vuruşmaq üçün oraya getdiyini bildirib. Onlar geri qayıdarkən zorakılığı özləri ilə Avropaya gətirə bilərlər. "Yəhudi muzeyində 4 nəfərin öldürülməsi ilə bunun şahidi olduq. Onlarda tolerantlıq səviyyəsi o həddə çatır ki, artıq geri qayıdanda öldürmək onlar üçün adi hala
çevrilir", - o deyib.
Xatırladaq ki, Suriyada islamçı döyüşçülərlə vuruşan və bu yaxınlarda geri qayıdan 29 yaşlı Mehdi Nemmuş mayda Brüsseldə yəhudi muzeyində 4 nəfəri öldürdüyünə görə həbs olunub.
PKK Aİ-nin terrorçular siyahısından silinə bilər
De Kerşov bildirib ki, Türkiyədə sülh prosesi başa çatan kimi PKK döyüşçüləri (Kürdüstan Fəhlə Partiyası) Aİ-nin terror təşkilatları siyahısından çıxarıla bilər. PKK kürdlərin daha böyük haqları uğrunda 30 il Türkiyə hökuməti ilə mübarizə aparıb.
Türkiyə İŞİD-ə qarşı vuruşan Suriya kürdlərinin PKK ilə əlaqəsi olduğunu düşünür. Ona görə də Suriyada İŞİD-ə qarşı mübarizə üçün çağırışılara ləng reaksiya verir.
“Türkiyə PKK-ya sülh prosesinə qoşulmaqdan başqa alternativ olmadığını çatdırmaq istəyir. Bunu başa düşmək olar, lakin Aİ üzv ölkələri özləri qərar verməlidirlər. Türklər yekun nəticəyə gələn kimi, biz PKK-nı terrorçular siyahısından çıxara bilərik”, - Aİ-nin terror siyahısı ilə bağlı de Kerşov bildirib. /eunews.az


Şərhlər