107 saylı Qazax Seçki Dairəsindən deputatlığa müstəqil namizəd, tanınmış ictimai fəal Ramil Göyüşov seçicilərə növbəti dəfə video müraciət edib.
Namizədin seçki qərargahından “AzPolitika.info”-ya göndərilən müraciətdə namizəd seçki qabağı problemlərə və bölgə əhalisinin gündəlik qayğılarına toxunub.
R.Göyüşov bildirib ki, davam edən təbliğat-təşviqat mərhələsi dövründə yerli icra qurumlarının sərt təzyiqləri ilə üzləşib: "İcra hakimiyyətinin bütün hədə-qorxularına rəğmən mənimlə görüşə gələn seçicilərimə dərin minnətdarlığımı bildirirəm. Mən bölgədə yaşadığımı üçün əhalinin çətinliklərini, gündəlik qayğıları və onlardan çıxış yollarını yaxşı bilirəm. Aztəminatlı ailələrin çətin yaşayısı, əlillərin çarəsiz durumu, işsizlik, kəndlərdə yol infrastrukturunun bərbad vəziyyətdə olması, uşaq baxçalarının yoxluğu, məktəblərin, tibb məntəqlərinin şəraitsizliyi, su çatışmazlığı Qazaxın əsas problemləridir ".
Namizəd bildirib ki, ictimai fəal kimi Prezident İlhham Əliyevin məmurların fəaliyyətinə ictimai nəzarətin təmin olunması ilə bağlı çağırışına qoşulub: "Hazırladığım videoçəkilişdə rayonumuzda əhalinin real durumunu əks etdirən süjetlər yerləşdirilib. Qoy, bölgəyə tursit kimi gələn, "hər şey yaxşıdır" deyən deputatlar, məmurlar əslində vəziyyətin necə olduğunu görsünlər".
Ramil Göyüşov daha sonra müəllimlərə çağırış edib: "Əziz müəllimlərimiz! Seçkilər zamanı ən çox zərbə altında qalan sizlər olursunuz. Çünki yerli icra qurumlarının ən çox təsir edə biləcəyi təbəqə sizlərsiz. Mən sizlərdən icra qurumlarının tələbi ilə seçki saxtakarlığına getməməyinizi xahiş edirəm. Axı, bzim övladlar sizlərdən nümunə götürür. Demokratiyanın təməli seçkilərdən başlayır. Övladlarımızı erkən yaşlardan bu təfəkkürlə yönəltməyin. Bu, təkcə mənim deputat seçilməyim uğurunda mübarizə deyil, bu, Qazaxın inkişafı uğrunda aparılan mübarizədir. Bu işdə hamımız bir olmalıyıq. Gəlin, Qazax üçün birləşək, Qazaxın inkişafına səs verək!".
Daha sonra videomaterialda namizədin seçki qərargahının hazırladığı, Qazax rayonunun problemlərindən bəhs olunan reporatj təqdim olunur.
Reportaj və namizədin çxışının tam mətni ilə bu videoda tanış ola bilərsiz:


Şərhlər