Bir neçə gün əvvəl Türkiyədə növbəti qəzet fəaliyyətini dayandırıb. 1972-ci ildən fəaliyyət göstərən və MHP-yə yaxınlığı ilə bilinən “Orta Doğu” qəzeti çapını dayandırdığını bəyan edib.
Ümumiyyətlə, son illərdə dünyada və Türkiyədə çap mediası sürətlə azalır. Bundan əvvəl “Radikal”, ötən ilin sonunda isə “Star” və “Güneş” qəzetləri də sırf iqtisadi səbəblərdən çapını dayandırıb.
Qeyd edək ki, Türkiyə qəzet sənayesinin güclü inkişaf etdiyi ölkələrdəndir. Ölkədə ənənələri olan, rəngli formatda, müasir standartlara uyğun, böyük tirajlı yüzlərlə qəzet çap olunur. Geniş oxucu kütlələri uzun müddət bu qəzetlərin rentabelli fəaliiyətini təmin edib. Paralel olaraq, həcmi yüz milyonlarla dollarla ölçülən reklam bazarından gələn gəlirlər də inkişafa böyük töhfə verib.

Ancaq buna baxmayaraq, qəzet sənayesinin inkişafını əngəlləyən bəzi faktorlar öz təsirini gösatərməyə başlayıb. Bu, texnoloji inkişafın informasiya axınlarını sürətləndirməsi və ona əlçatanlığı dəfələrlə artırmasıdır. Qəzetlər həyatın artan sürəti, dəyişən ritmi ilə ayaqlaşmağa çətinlik çəkirlər. Rəqabət artır, maliyyə qaynaqları, oxucu kütləsi azalır, nəticə etibarı ilə Türkiyənin populyar "Star", "Radikal", "Orta Doğu" kimi böyük tirajlı nəşrləri çapını dayandırıb elektron versiyanı saxlamağa çalışırlar.
Burda əsas təsiredici amil isə vizual, sürətli və keyfiyyətli informasiyanın pulsuz olaraq əl içinə qədər daxil olmasıdır. Ümumiyyətlə, bu tendensiya inkişaf etmiş bütün ölkələrdə var. Media azadlığı ilə bağlı hər hansı problemi olmayan dövlətlərdə də çap mediası sürətlə oxucu kütləsini itirir, zamanla ayaqlaşmaqda çətinlik çəkir.
Azərbaycan mətbuatına gəldikdə, burada medianın vəziyyəti kəskin fəqrlənir. Siyasi və media azadlıqlarının kasad olması, monopoliya, məmur sahibkarlığı ənənəvi mətbuatın tamamilə zəifləməsinə gətirib çıxarıb. Ölkədə dövlət hesabına nəşr olunan cəmi 25 qəzet qalıb ki, onların da real tiraji min ədədi aşmır. Satışlarının həcmi isə yox səviyyəsindədir.

Reklam bazarı çap mediasından çoxdan imtina edib, siyasi partiyaların zəifləməsi də bir vaxtlar məşhur olan "partiya mətbuatı"nın sıradan çıxmasına səbəb olub.
Bu sadalananlar mətbuatı zəiflədən subyektiv amillərdir. Texnoloji inkişafın bərabərsürətli olduğunu nəzərə alsaq, Azərbaycan da dünyanın bir hissəsi kimi onun ciddi təsirlərinə məruz qalır. İnformasiya əldə etmək olduqca asanlaşdığı kimi, hakimiyyətin mediaya ənənəvi nəzarət imkanları da xeyli zəifləyib.
Paralel olaraq bazarın ən zəif iştirakçısı olan çap mediası sürətə oxucu kütləsini itirərək tamamilə dövlət yardımına möhtac qalıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) vasitəsi ilə ötürülən bu yardımlar isə media ictimaiyyətinin ciddi tənqidinə məruz qalır. Yardımların nə dərəcədə doğru istiqamətləndirilməsi, bölünməsi, inkişafa xidmət etməsi sorğulanır.
Məsələ ondadır ki, illər uzunudur bu qəzetlərə milyonlarla manat həcmində vəsait ayrılsa da, nə inkişaf istiqamətində hansısa iş görüblər, nə də ictimai rəyə təsirləri qalıb. Yəni, ayrılan vəsait, faktiki olaraq, havaya sovurulub.
Bəs bu vəziyyət nə qədər davam edə bilər?
Media hüququları üzrə mütəxəssis Ələsgər Məmmədli Türkiyədə adları çəkilən qəzetlərin bağlanması səbəbələri ilə bağlı deyir ki, bu, real tələb-təklif məsələsidir: "Son vaxtlar onlayn resurslar sürətlə inkişaf etdiyi üçün çap versiyaların ayaqda qalması böyük resurlar tələb edir və onları saxalamaq effektiv olmur. Ona görə, çap versiyalarının nəşrinin dayandırılması qəzetlərin bütövlükdə qapadılması anlamına gəlmir. Hər üç nəşrin internet saytları fəaliyyətdədir və onlar çox güman ki, bütün redaksiya heyətini işdə saxlayırlar".

Azərbaycanda çap mediasının durumuna və perspektivlərinə gəldikdə, Ə. Məmmədli vurğuladı ki, ölkədə nəşr olunan qəzetlərin real oxucu auditoriyası illərdir yoxdur: "Bir neçə il əvvəl "Turan" İnformasiya Agentliyi qəzet bazarında bir araşdırma aparmışdı. Məlum olmuşdu ki, bütün ölkə üzrə gündəlik satılan qəzet nüsxələrinin sayı 660-ı keçmir. Bu fakt onu göstərir ki, qəzet bir informasiya resursu olaraq sıradan çıxıb. Ölkədə qəzet oxucusu demək olar, yoxdur. Çap mətbuatının belə duruma düşməsinin əsas səbəblərindən biri təbii ki, texnoloji inkişafla bağlıdır. Amma məlumdur ki, qəzetlərin özünə də təlabat yoxdur, oxucu pul verib almaq istəmir. Uzun müddətdir, KİVDF-nin dəstəyi ilə ayaqda duran media orqanları real oxucu auditoriyası olmadığı üçün süni şəkildə yaşadılır. Nə zaman ki, dövlət yardımı dayanacaq, onda bu qəzetlərin də sonu gələcək".
Rasim
AzPolitika.info


Şərhlər