Menu

“Məhkəmənin qətnaməsini əski parçası kimi üstümə atdılar...”- Qusarda kiçik torpaq mübahisəsinin böyük əks-sədası

26.02.2020, 16:01
“Məhkəmənin qətnaməsini əski parçası kimi üstümə atdılar...”- Qusarda kiçik torpaq mübahisəsinin böyük əks-sədası

Qusar rayonunda kiçik torpaq mübahisəsi elə böyüyüb ki, onu məhkəmə qətnamələri də həll edə bilmir.” AzPolitika.info”-nun redaksiyasına gələn şikayətçi Faiddin Rəfixanov bildirir ki, məhkəməyə müraciət edəndə belə bir vəziyyətə düşəcəyini ağlına da gətirməyib. 

O, Bakıda yaşasa da, Qusarın Piral kəndində kiçik torpaq sahəsinin olduğunu deyir:"Ümumilikdə 6 sota yaxın olan torpaq sahəsinin 3 sotu həyat yoldaşım Nərgiz Rəfixanovaya nənəsi Rəbiyyət İsgəndərovadan miras qalıb. Onun qalan 3 sotu isə torpaq islahatı zamanı bizə düşən payın bir hissəsidir. Bizim uzun müddətdir rayonla əlaqəmiz olmayıb. Arada gedib-gəlirdik. Ona görə torpağımızı və onun içindəki tikiliyə göz-qulaq olmağı dayımın gəlini Saimat Məlikovaya etibar etmişdik. Bir gün o, bizə təklif etdi ki, torpaq sahəsini ona sataq. Razılaşdıq. Amma o, torpağa görə razılaşdığımız vəsaiti bizə ödəmədi. Bir gün xəbər tutdum ki, Saimat bizim torpağın içindəki tikilini uçurub. Kəndə getdim, məlum oldu ki, evimiz buldozerlə dağıdılıb. Etirazımı bildirdim, necə ola bilər ki, mənim əmlakım məndən xəbərsiz uçurulur? Dayım rəhmətə gedəndən sonra gəlin əslən Dağıstandan olduğu üçün evini, torpağını satıb ora köçməyə qərar verib. Amma sənədləri qaydasında olmayıb. Kənd icra nümayəndəsinin köməyi ilə öz mülkiyyətinin sənədlərini qaydasına qoyub, habelə mənə məxsus olan torpaq sahəsini də boş ərazi kimi öz mülkünə qataraq çıxarış alıb. Reyester Xidməti əvvəlcə torpağın içində tikili olduğuna görə sənəd vermək istəməyib, ona görə icra nümayəndəsinin məsləhəti ilə mənim evimi dağıdıblar".

Şikayətçi bildirir ki, üzləşdiyi qanunsuzluqla bağlı Əmlak Komitəsinin Qusarda yerləşən ərazi üzrə Reyestr Xidmətinə müraciət edib. İdarədə ona bildiriblər ki, onun torpağının sənədi yoxdur: "Halbuki, ərazidəki tikilinin kadastr planı, həyat yoldaşıma məxsus olması barədə sənədlərim var".

F. Rəfixanov 2015-ci ildə baş verən qanunsuzluq faktı ilə bağlı Qusar rayon Məhkəməsinə müraciət edib. Şikayətçi deyir ki, əsl həngamə də bundan sonra başlayıb: "Məhkəmə bir neçə il süründürməçilikdən sonra nəhayət, 2018-ci ilin fevral ayının 11-də qətnamə çıxararaq Saimat Məlikovanın adına verilmiş çıxarışı ləğv etdi. Sevinib, məhkəmənin qətnaməsini də götürüb Qusar rayon Reyestr Xidmətinə getdim. Amma oradan bildirdilər ki, məhkəmənin qətnaməsi heç də torpağın sizə məxsus olduğunu göstərmir. Ərazi üzrə regional quruma müraciət edin. Mən də Dövlət Əmlakının Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdim. Oradan bildirdilər ki, bizə çıxarış verə bilməzlər. Gərək, Sumqayıtda yerləşən Baş idarəni məhkəməyə verib qətnamə çıxartdıram. Bundan sonra Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət etdim. Məhkəmə 6 noyabr 2019-cu il tarixdə qətnamə çıxararaq, iddimamızı təmin etdi. Qətnamədə o da bildirilir ki, həyat yoldaşım Nərgiz Rəfixanovanın adına çıxarış verilməsini Dövlət Resyetr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi təmin etməlidir".

Şikayətçi nəhayət 4 il sonra problemin həll olunduğunu düşünüb və yenidən Qusar rayon Reyestr Xidmətinə müraciət edib. 

O, bildirir ki, bu dəfə qurumun yerli xidmətinin əməkdaşları onunla alçaldıcı rəftar ediblər: "Mənə bildirdilər ki, sizin topağın kötük sənədləri mövcud deyil. Halbuki, bu, tamamilə yalandır, sənədləri onlara təqdim etmişəm. Dedilər, ancaq pay torpağından əlavə həyat yoldaşıma miras qalan 3 sot torpaq üçün sənəd verilə bilər. Yenidən 5 saylı regional idarəyə müraciət etdim. Orada da olduqca pis münasibətlə üzləşdim, məhkəmənin qətnaməsini əski parçası kimi üstümə atdılar. Bildirdilər ki, onlarda da torpağın sənədləri yoxdur".

Faiddin Rəfixanov deyir ki, hazırda çıxılmaz vəziyyətdə qalıb, əlində məhkəminin qətnaməsi olsa da haqqını bərpa edə bilmir: "5 ildir məhkəmələrdə, dövlət qurumlarının qapılarında sürünürəm. Məmurların qanuna, vətəndaşa olduqca sayğısız, hörmətsiz münasibəti məni çox məyus etdi. Üzümü Əmlak Komitəsinin rəhbərliyinə tutub soruşuram: mən indi bir vətəndaş kimi haqqıma necə çatım? Bu ölkədə məhkəmə qərarına da hörmət qoyulmursa, vətəndaş kiçik bir torpaq mübahisəsinə görə illərlə süründürülürsə, buna nə ad vermək olar?! Çox xahiş edirəm, bu ədalətsizliyə son qoyulsun, mənim hüquqlarıma həqarət edən məmurlar isə ciddi cəzalandırılsınlar."

“AzPolitika.info”  




Şərhlər

Elli 2020-02-26 17:42:29

məhkəmələrdə süründürməçilik baş alıb gedir, sonu isə görünmür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol