“NEFT 50 DOLLARA DÜŞSƏ, BÜDCƏ DÖZƏR, AMMA BİR ŞƏRTLƏ...” - Ekspertdən açıqlama


Neftin sürətlə ucuzlaşması resurs ölkələrində makroiqtisadi sabitliyin pozulması ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Məsələn, Rusiyanın maliyyə naziri Siluanov deyib ki, onun ölkəsinin fiskal sistemi 30 dollarlıq qiymətə 4 il dözmək gücündədir - amma əlbəttə ehtiyatlarla büdcə öhdəliklərinin dəstəklənməsi hesabına. Şübhəsiz ki, bu qiymət yalnız büdcə sisteminin dayanıqlılığı baxımından şərh edilir.

Büdcə məsələləri üzrə ekspert Rövşən Ağayev yaranmış vəziyyəti şərh edərkən bildirib ki, resurs ölkələrinin iqtisadi şərtlərində makroiqtisadi sabitliyə büdcə sisteminin dayanıqlılığından çox monetar sistem daha çox təsir edir ki, bu ilk növbədə məzənnə sabitliyindən təsirlənir: “Məsələn, son günlərin tendensiyası göstərir ki, neftin 50 dollardan aşağı yuvarlanması rublun volatiliyini kəskin artırır. Yəni, Siluanovun dediyi 30 dollarlıq həddə ölkə "məzənnə fəlakəti" yaşaya bilər. Nəzərə alaq ki, fiskal sistem makroiqtisadiyyatda avtonom deyil və kəskin məzənnə dəyişikliyinin doğurduğu ciddi proseslər, xüsusilə yüksək inflyasiya, iqtisadi fəallığın kəskin azalması büdcə böhranını da qaçılmaz edir”.

Ekspert qeyd edir ki, bu baxımdan resurs ölkələrində fiskal dayanıqlılıq və məzənnə sabitliyi üçün neftin minimum əlverişli qiyməti fərqli olsa da, həlledici olan məhz məzənnə sabitliyinə təminat verən qiymətdir: “Çünki hökumət ehtiyac olanda fiskal öhdəliklərini tənzimləmək, büdcə xərclərini azaltmaqla büdcə üçün neftin əlverişli qiymət həddini aşağı sala bilir - xüsusilə də büdcədə korrupsiya payının yüksək olduğu şəraitdə bu çox da çətin olmur.

Lakin qısamüddətli dövrdə tədiyyə balansını, xüsuslə də cari hesablar hissəsini makroiqtisadi sabitlik üçün risk yaratmayan minimum əlverişli qiymətə uyğunlaşdırmaq tam da hökumətin əlində olan məsələ deyil. Məsələn, idxalı azaltmaq, xüsusilə də korrupsiya maraqlarına xidmət edən dövlət idxalını sıxmaq hesabına cari hesabın kəsirini, kənara kapital axınını administrativ yollarla boğmaqla maliyyə hesabının defisitini azaltmaq olar. Amma qiymət elə səviyyəyə düşə bilir ki, hökumət hətta bu addımlardan sonra belə tədiyyə balansını minimum əlverişli qiymətə uyğunlaşdıra bilmir və nəticədə ödəmələr balansının mənfi saldosu hökumətin ehtiyatlarını yeməyə, yaxud milli valyutanın sürətlə dəyər itirməsinə səbəb olur”.\

R. Ağayev vurğulayıb ki, tədiyyə balansının ümumi saldosunun necə olacağını kənardan heç kim proqnozlaşdıra bilməz. Çünki biz kritik siyasi və iqtisadi şəratidə potensial olaraq ölkədən qaça biləcək kapitalın həcmi barədə zəruri informasiyalara malik deyilik: “Məsələn, nəzəri olaraq qısa müddətdə nə qədər daşınmaz aktivin, yaxud sandıqaltı nağd manat kütləsinin valyutaya çevrilərək ölkədən çıxmaq şansı var? Bu sualın cavabını bəlkə də yalnız əlində daha çox informasiyalar olan rəsmi şəxslər bilir.
Gəldik əsas suala: bütün dəyişənlərin - idxal-ixrac, büdcə, maliyyə axınları üzrə göstəricilərin sabit qaldığı, kapital qaçışı ehtimalının olmadığı hazırkı şəraitdə Azərbaycanın dövlət büdcəsi və tədiyə balansı üçün minimum əlverişli neft qiyməti hansıdır?

Büdcə üçün təxminən 50 dollar. Baxmayaraq ki, büdcə hesablamalarında 55 götürülüb, lakin 50 dollarlıq həddə Neft Fondu ehtiyatlardan vəsait ayırmadan və büdcə xərəclərinə orta hesabla 5-6%-lik sekvestr tətbiq etməklə 50 dollarlıq hədd büdcə üçün əlverişli minimum hədd sayıla bilər.

Tədiyyə balansı üçün bu göstərici 45 dollar intervalında dəyişir -amma əlbəttə hansısa səbəbdən kütləvi kapital axını baş vermədiyi şəraitdə”.

Ekspert qeyd edib ki, 2015-ci il istisna ildir, çünki kəskin məzənnə dəyişikliyi nəticəsində ölkədən 11.5 mlrd. dollar kapital qaçmışdı: “Amma 2016-cı ildə neftin orta ilik qiymətinin 45 dollar olduğu şəraitdə həm cari hesablar balansı, həm də ümumilikdə ödəmələr balansı defisitdən yaxa qurtara bimədi”.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar