Azərbaycan diasporu ermənilərin “yerkramas.org” saytının bağlanılması üçün Rusiya Baş prokuroruna yenidən müraciət edib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimovun adından Rusiyanın Baş prokuroru İqor Krasnova müraciət olunub.

Müraciətdə diasporun məlum məsələ ilə bağlı “Roskomnadzor”a (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) 15.07.2019-cu il tarixli müraciətinə verilən cavaba da toxunulub: “Roskomnadzor”un cavabında məlum olub ki, hələ 2016-cı ildə Krasnodarın Peromayski Rayon Məhkəməsinin qərarı ilə “yerkramas.org”un KİV kimi qeydiyyat şəhadətnaməsi ləğv olunub və o, ümumrusiya reyestr xidmətində mövcud deyil. Lakin bütün bunlara baxmayaraq, “yerkramas.org” ekstremist fəaliyyətini davam etdirir, sayta giriş hələ də məhdudlaşdırılmayıb. Ona görə də sizdən bu məsələyə yenidən baxılmasını xahiş edirik”.
Müraciətdə 1988-ci ilin Sumqayıt hadisələrinin ildönümü ərəfəsində “Nezavisimaya qazeta”da jurnalist Lev Əsgərovun SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin arxiv materialları əsasında qələmə aldığı “Sumqayıt faciəsi. Nədən başlayıb və necə olub” adlı məqaləsinin Ermənistanın Rusiyadakı səfiri Vardan Toqonyanın Rusiya Baş prokuroru və “Roskomnadzor”a müraciətindən sonra dərhal saytdan yığışdırıldığı da xatırladılıb.


Şərhlər