Menu

Koronavirusa görə dünyada iqtisadi artım azalacaq - Beynəlxalq Valyuta Fondu

05.03.2020, 14:34
Koronavirusa görə dünyada iqtisadi artım azalacaq - Beynəlxalq Valyuta Fondu

Dünya üzrə koronavirusdan 3 min 200-dən çox adam vəfat edib, 90 mindən çox yoluxub. Böyük əksəriyyət virusun qaynaqlandığı Çinin payına düşür. Avropada da koronavirusa yoluxanların və ölənlərin sayı artır. İtaliya hökuməti martın 15-dək ölkədə məktəbləri, universitetləri bağlayıb. Artıq İtaliyada koronavirusdan ölənlərin sayı 100-ü keçib, 3 mindən artıq yoluxan var.

10 gün qabaq virusun ən çox yayıldığı şimal regionunda məktəblər, universitetlər qapadılmışdı. Virusun episentrindəki bir sıra şəhərlərdə karantin elan olunub.

Martın 4-də Macarıstan koronavirusa ilk yoluxma halını açıqlayıb. Hər ikisi bu ölkədə təhsil alan iranlılardır.

Beynəlxalq Valyuta Fondunun başçısı isə deyir ki, virusun yayılması bu il üçün daha güclü iqtisadi artımla bağlı ümidləri puç edir.

Bolqarıstanlı iqtisadçı Kristalina Georgiyeva martın 4-də bildirib ki, BVF builki artımın 2019-cu ildə əldə olunmuş 2,9 faizdən aşağı olacağını proqnozlaşdırır.

“2020-ci ildə qlobal artım ötən ildəkində aşağı düşəcək, ancaq nə qədər düşəcək, hansı müddətə təsir göstərəcək, bunu proqnozlaşdırmaq çətindir”, – deyən Georgieva epidemiyanın artıq regional deyil, qlobal reaksiya tələb edən qlobal problem olduğunu söyləyib.BVF daha öncə 2020-ci il üçün 3,3 faizlik artım proqnozlaşdırırdı.

Direktor zəif səhiyyə sistemi olan yoxsul və ortagəlirli ölkələrin virusla mübarizə apara bilməsi üçün 50 milyard dollarlıq fövqəladə yardım ayrılacağını vurğulayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol