Azərbaycanda fəaliyyət göstərən banklar "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddətinin bu il dekarbrın 4-nə qədər uzadılması barədə hökumətə müraciət edib.
AzPolitika.info xəbər verir ki, məsələ Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilmiş görüşdə müzakirə olunub.
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev "report"a açıqlamasında bildirib ki, bu məsələ Maliyyə Sabitliyi Şurasında müzakirə edilib və Şura bu təşəbbüsü dəstəkləyib: "Düşünürük ki, hazırkı mərhələdə bu problemə hökumətin dəstək göstərməsi məqsədəuyğun hesab edilir və bu təşəbbüsləri ali rəhbərlik dəstəkləyir. Hesab edirik ki, Milli Məclisin yeni tərkibinin ilk iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddətinin bu il dekabrın 4-nə qədər uzadılması barədə qanun layihəsi qəbul ediləcək”.
İqtisadçı ekspert Samir Əliyev bildirib ki, hökumətin əmanətlərin tam sığortalamaq niyyəti ilə bağlı Mərkəzi Bankın açıqlaması gec olsa da doğru addımdır. Ekspert qeyd edib ki, bu açıqlamanın fevral ayında verilməsi daha doğru olardı: "Açıqlamadan belə anlaşılır ki, Qanunun qüvvədə olması müddəti daha az müddətə - dekabra kimi uzadılacaq. Bu onu göstərir ki, hökumətin Qanunu uzatmaq niyyəti olmayıb və bu addım koronavirusun yaratdığı yeni situasiya ilə bağlıdır. Hazırda bu addımı dəstəkləsəm də gələcəkdə sığorta mexanizminin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətindəyəm".
Samir Əliyev bildirib ki, əmanətlərin tam sığortalanması əmanət bazarında təmərküzləşməni şərtləndirir: "2017-2019-cu illərdə depozit bazarında 5 bankın bazar payı 69,6%-dən 71,2%-ə yüksəlib. Ona görə də kompensasiya məbləğinin 100 min manata qədər artırılması əsas dəyişiklikdən biri ola bilər".
AzPolitika.info


Şərhlər