“RUSPƏRƏSTLƏRİN ƏSAS İDEOLOJİ RƏHBƏRLƏRİNDƏN BİRİ ODUR...” – “Namizədlərin əksəriyyəti xalqa təhqir idi”

“AzPolitika.info” növbədənkənar parlament seçkiləri və onun nəticələri mövzusunda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Sərdar bəy, növbədənkənar parlament seçkiləri başa çatdı, Konstitusiya Məhkəməsi MSK-nın təqdim etdiyi protokolları təsdiq etdi. Seçkilərdə iştirak edən namizəd kimi yekun dəyərləndirməniz nədən ibarətdir?

- Seçkilərin nəticəsində parlamentin tərkibində heç bir ciddi dəyişiklik olmadısa, ölkədəki qüvvələr balansına uyğun parlamentdə təmsilçilik yoxdursa, deməli, bu formal olaraq seçkilərdir.

İkincisi, MSK-nın yekun protokolunu Konstitusiya Məhkəməsinə göndərməsi yanlış addımdır. Çünki əksər seçki dairələri ilə bağlı məhkəmələrə müraciət edilib. Belə çıxır ki, MSK öncədən bilir ki, məhkəmə ona müraciət edilən dairlərin heç birinin nəticəsini ləğv etməyəcək? Yəni MSK bundan arxayın olduğuna görə, yekun rəyini Konstitusiya Məhkəməsinə göndərir. Əslində məntiqlə Konstitusiya Məhkəməsi namizədlərin şikayəti ilə bağlı Apellyasiya və Ali Məhkəmənin verəcəyi qərarı gözləməlidir. Nəzəri baxımdan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edər, iki gün sonra Ali Məhkəmə və ya apellyasiya instansiyası hansısa dairənin nəticələrinin ləğv edilməsi haqda qərar çıxarar. Bu zaman necə olacaq?

- Siz özünüz namizəd kimi seçkidən sonra hansı addımlar atırsınız?

- Seçkidən sonra Dairə Seçki Komissiyasına şikayət etdim. Daha sonra MSK-ya şikayət etdim. İndi də yerli məhkəməyə şikayət edirik. Yəqin ki, sonrakı mərhələdə Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyik. Faktiki olaraq hüquqi vasitələrlə hüquqlarımı qorumağa çalışıram.

- Bu seçkilərdə yeni nəsil siyasətçilərin sizlərdən daha aktiv olması, önə çıxması, sizcə, siyasət cəbhəsində nəsil dəyişikliyinin anonsudurmu?...

- Yox. Əksinə, Azərbaycan rəhbərliyinin parlamentlə bağlı verdiyi qərarlar çoxlarında ümid yaratmışdı ki, bu seçkilər bir fürsət ola bilər. Bəzi şəxslər həqiqətən də seçkini fürsət bilib irəli çıxmışdılar. Əslində namizədlərin böyük əksəriyyətinin namizədliyini irəli sürməsi Azərbaycan xalqına təhqir idi. Millət vəkilinin fəaliyyətinin nədən ibarət olduğunu bilməyən, indiyə qədər xalqın siyasi həyatında iştirak etməyən, siyasi fikrini belə ifadə edə bilməyən birinin gəlib ali siyasi hakimiyyətə iddia etməsinin özü də dövlətə hörmətsizlikdir. Amma Azərbaycan reallığıdır. Fikrimcə, seçkidə klon namizədlər də var idi və onlar ehtiyat variant kimi saxlanılırdı. Bəli, 5-6 nəfər də gənc və siyasi aktiv insan da seçkilərə qoşulmuşdu. Mən onların fəaliyyətini təqdir edirəm. Amma bu o mənanı vermir ki, hansısa bir nəsil dəyişikliyi baş verir. Sözsüz ki, cəmiyyət inkişaf edir, müəyyən qüvvələr proseslərə daxil olur, müəyyən qüvvələr prosesdən çıxır. Ancaq bunun əlaməti çox az olduğundan prosesi yeni nəslin siyasətə gəlişi kimi təqdim edə bilmərik. Həm də bu gənclərin içərisində də yeni simalar demək olar ki, yoxdur. Bəxtiyar Hacıyev və Azər Qasımlı çoxdandır ki, siyasətdədirlər. Ortada dediyiniz kimi lap yeni siyasi qüvvələrin olması müşahidə edilmir. Bəli, yeni qüvvələr gəlib, amma onlar siyasi olmayıb və çoxu da siyasi konyukturaya aldanıb gəliblər. Seçkilər də onları peşman edib.

- Bundan sonra gözləntiləriniz nədir?

- Əslində buna qədər də gözləntim olmayıb, bundan sonra da gözləntim yoxdur. Mən seçkilərdən əvvəl mövqeyimi qeyd etmişdim. Mənim 2018-ci ildə Bütöv Azərbaycan Ocaqları televiziya kanalında çıxışım var. Orada Jirinovskinin bəyanatı, Ramiz Mehdiyevin fikirləri, habelə ORT kanalında səslənən fikirlərlə bağlı dəqiq mövqe ifadə etmişəm. Başqa sözlə, bizim üçün Azərbaycan siyasi həyatında gözlənilməzlik yoxdur. Kim deyirsə ki, başqa şey gözləyirdim, deməli, onlar əslində siyasətdən çox uzaq adamlardır. Mənim fikrimcə, bu seçkilər bir neçə məsələnin üzərindən sirr pərdəsini götürdü.

- Hansı sirr pərdələri götürüldü?

- Birincisi, Azərbaycan iqtidarının daxilindəki qanadlar Azərbaycanın gələcəyini müəyyən etmək istiqamətində çox ciddi təşkilatlanıblar.

İkincisi, iqtidarın və həm də Yeni Azərbaycan Partiyasının daxilində böyük konservativ gücün olduğu ortaya çıxdığı göründü.

Üçüncüsü, Azərbaycan seçicisinin mütləq əksəriyyəti bu seçkilərdə iştirak etməyib.

Dördüncüsü, Azərbaycan qərbdən bir qədər də uzaqlaşıb.

Beşincisi, seçkilərə inam olmadığı üçün aqressiv siyasət tərəfdarları artacaq.

Altıncısı, Azərbaycan müxalifəti bu seçkidə xalqın müxalifətdən tələb etdiyi gözləntiləri doğrultmadı.

- Başlayaq altıncıdan, niyə müxalifət xalqın gözləntilərini doğrultmadı?

- Müxalifətdə nailiyyətsizlik sindromu var. Geniş nailiyyət əldə edə bilməyən müxalifət düşərgəsində tərəflər günahı bir-birində görür. İndiki qarşılıqlı ittihamlar da nailiyyətsizlik sindromunun əlamətləridir. Təəssüflər olsun ki, bəzi qüvvələr bu sindromdan çıxa bilmir. Biz şüurlu şəkildə bunu adlamışıq.

- ADP və Müsavat liderləri bu seçkilərdə rəqib idi. Ancaq heç biriniz 300-dən artıq səs ala bilməmisiniz. Səbəb nədir?

- Arif Hacılı seçkidə iştirak etmədi. Mən onun açıq şəkildə kampaniya apardığını görmədim. Düzdür, imzatoplama kampaniyasına rast gəlmişəm. Amma təbliğat aparmaq, büklet və seçki platforması yaymaq kimi halları müşahidə etməmişəm. Yəni formal olaraq seçkiyə getmişdi. Odur ki, Arif Hacılını real rəqib kimi görmürdüm.

Namizədlər heç debata da çıxmadı. Bir sözlə, seçkilər formal oldu və müxalifət də formal iştirak etdi.

- Amma politoloq Zərdüşt Əlizadə deyir ki, bu seçkilər ənənəvi müxalifətin tarixin arxivinə getdiyinin isbatı olub...

- Bəli, Zərdüşt Əlizadə kimi şəxslərin söykəndiyi qüvvələrin apardığı siyasət nəticəsində ənənəvi - milli müstəqillik, qərbə inteqrasiya etmək istəyən müxalif qüvvələr kifayət qədər aşınıb. Bunu heç deməyə ehtiyac yoxdur. Amma bu nə çırtıq çalıb öz aləmində sevinir? Ruspərəst qüvvələrin əsas ideoloji rəhbərlərindən biri olan Zərdüşt Əlizadədir. Guya qeyri-ənənəvi müxalifət gələcək?

- Siz iddia edirsiniz ki, Zərdüşt bəy ruspərəst qüvvələrin ideoloji rəhbərlərindəndir?

- Bəli! Bu qardaşlar elə xalq hərəkatı zamanı bu siyasəti aparırdılar. İndi də elə gözləri Moskvadadır. Hökumət haqqında tənqidi söz demək əvəzinə fürsətdən istifadə edib müxalifəti tənqid edir.

- Nəyə əsasən iddia edirsiniz ki, Azərbaycan qərbdən bir qədər də uzaqlaşıb?

- Fikrimcə, bu həqiqətdir. Əgər, qərb Azərbaycanda demokratik seçkilərin keçirilməsini gözləyirsə və bu baş tutmayıbsa, deməli, əlaqələr mövcud olsa da, bir-birindən uzaqlaşma var. Prinsipcə, qərb ölkələri Səudiyyə Ərəbistanı, Küveyt və ya Bəhreynlə də əlaqələrə malikdir. Mənim şəxsi qənaətimə görə, qərbin Ermənistana olan münasibəti Azərbaycana olmayacaq. Və bu da bizim Qarabağ məsələsində mövqeyimizi xeyli zəiflədəcək.

- Ancaq Prezident Əliyevin Münxendə Nikol Paşinyanla debatı hər şeyi ortaya çıxarmadımı?

- İlham Əliyevin mövqeyi ilə seçkiləri keçirənlərin mövqeyinin üst-üstə düşmədiyi məlum oldu. Hesab edirəm ki, burada “beşinci kolon” deyilən qüvvələrin ciddi rolu olub.

- “Beşinci kolon” deyəndə kimləri nəzərdə tutursunuz?

- Baxın və görün ki, kimdir 30 ildən çox vəzifədə oturanlar...

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

BOSS 2020-03-20 20:34:47

Besinci kolonun-- en ,,yeke.. numayendelerinden biri daha dogrusu ikisi ele bu iki qardaslardi! Ozleride aciq etiraf etdilerki ELI HESENOVA ..isleyibler..! Goresen dedikleri o sozu UNUTMAYIBLARKI? Bunun ozu kimi ..tehlukeli.. adam YOXDU!

AQAYEV 2020-03-16 07:42:52

Nə qədər sənin kimilər var MÜXALİFƏT olmayacaq....

sual 2020-03-10 19:05:36

30 ildən çox vəzifədə oturanlar... , NIYE, QANUNLARIN ALILIYINI Azerbaycanda TEMIN ETMIRSINIZ ???????

t.ədalət 2020-03-09 21:37:09

Hakimiyyət bu dəfə çox ağıllı tərpəndi.Səs toplaya bilməyənlərə vəsiqə verməklə onların ağzını əbədi yumdu.Sanki,rəhmətlik Ziya Bünyadovun onu tənqid etmək istəyən Püstəxanım Əzizbəyovaya dediyi məlum ifadəni işlətdi..

Son yazılar