ELMAN RÜSTƏMOV ƏHALİNİ SAKİTLƏŞMƏYƏ ÇAĞIRDI - "Əhalinin ala biləcəyi qədər vəsait var!"

"Bu gün, hələ ki, strateji valyuta ehtiyatlarından istifadə barədə düşünmürük". "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə neftin qiymətinin kəskin azalmasının milli valyutanın məzənnəsinə təsiri ilə bağlı deyib.

AMB-nin sədrinin sözlərinə görə, Azərbaycanın kifayət qədər valyuta ehtiyatı mövcuddur: "Kifayət qədər cari ehtiyatımız var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. AMB-nin öz ehtiyatları var. Eyni zamanda Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları mövcuddur. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımız olduğunu unutmaq lazım deyil. Əhaliyə çağırışımız ondan ibarətdir ki, öz hərəkətləri ilə bizə kömək etsinlər ki, biz bu problemi daha tez həll edək".

"Ölkədə nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərraclarda tam şəkildə ödənilir. Bu gün bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var. Ola bilər, müəyyən banklarda kifayət qədər resurslar olmasın, onlar bir-birinə kömək edirlər. Bizim banklara dünən satdığımız valyutanın hamısını banklar tam şəkildə reallaşdıra bilmədilər. Banklar tərəfindən aparılan əməliyyatların həcmi, təxminən, 10 dəfədən çox artıb. Yəni valyuta problemi, vəsaitin çatışmaması problemi yoxdur"- deyə Elman Rüstəmov deyib.

AMB sədri əhalini sakit olmağa çağırıb: "Mən əhalimizi sakitliyə çağırmaq istəyirəm. Hökümətin, Mərkəzi Bankın gördüyü tədbirlərə əsasən deyə bilərəm ki, biz bunu çox təmkinli, tam hazırlıqlı şəkildə qarşılayırıq. Ölkənin problemini layiqli qarşılamaq üçün bizim kifayət qədər imkanımız var. Dünən hökumətin açıqlamasında deyildi ki, hökumətin və Mərkəzi Bankın "B" planı var. Bu “B” planı məhz neftin bu qiyməti, yəni 30-35 ABŞ dollara enməsinə hazırlanıb. Faktiki olaraq, indi bu planla hökumət fəaliyyət göstərir və biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar hərəkətləri ilə bizə köməkçi ola bilərlər ki, biz bu problemi daha tez həll edək".

O diqqətə çatdırıb ki, biz bu gün hələlik starteji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük.

"Kifayət qədər cari ehtiyatlarımız var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Tam həcmdə qanunla müəyyənləşib. Mərkəzi Bankın öz ehtiyatları var. Maliyyə Nazirliyinin əhəmiyyətli valyuta ehtiyatı var. Bütün bu ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, bu problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil", - E.Rüstəmov əlavə edib. 

 Elman Rüstəmov daha sonta deyib: "Biz mart ayının əvvəllərində gördük ki, koronavirusun coğrafiyasının genişlənməsi qlobal iqtisadi proseslərdə, ticarətdə, iqtisadi artımda, qiymətləndirmə və proqnozların təsiri altında neftin qiyməti müəyyən dərəcədə düşməyə başlayıb".

Onun sözlərinə görə, buna uyğun reaksiya da oldu: “Lakin, bütövlükdə neftin qiymətinin azalması, OPEC+ razılaşmasının uzadılmaması və bunun dünya əmtəə və neft bazarlarına təsiri nəticəsində neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, biz yenə də ənənəvi olaraq xarici şokdan danışırıq. Baş verən proseslər Azərbaycanda gedən sosial-iqtisadi proseslərdən qaynaqlanmır. Lakin, mən deyərdim ki, bu tam əksinə olaraq gedir. Azərbaycanda iqtisadi inkişaf sürətlənir, Azərbaycanda tam maliyyə sabitlik, makroiqtisadi sabitlik hökm sürür. Biz yenə də bu xarici şok, neftin qiyməti və buna bizim faktiki olaraq əhalimizin gözləntisi və reaksiyası formasında nəticə alırıq”.

E.Rüstəmov deyib ki, neftin qiymətinin bir neçə gündür düşməsi, ölkənin nə ticarət balansında və ya tədiyyə balansında əhəmiyyətli problem yaratmaq iqtidarında deyil: “Sadəcə olaraq, bu, bazar iştirakçılarının əllərində nağd manat olan əhalinin reaksiyasıdır. Hesab edirəm ki, bu gözlənti reaksiyasıdır. Bu gözləntidə hökumətin və Mərkəzi Bankın əsas gördüyü iş bundan ibarətdir ki, bu gözləntiləri müsbət gözləntiyə çevirməkdir. Bunun üçün biz bütün tədbirlərdən istifadə edirik. Dünən valyuta hərracı keçirilib və bütün tələbat ödənilib”. 

Xatırladaq ki, hazırda ölkənin ümumi valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarından, o cümlədən AMB-nin valyuta ehtiyatları 6,4 mlrd. dollardan çoxdur.

635x100

Şərhlər

vətəndaş 2020-03-11 20:47:40

Yüz milyadlarla gəliri olan ölkədə devalvasiya olsa da əvvəlkilər kimi süni olacaq. Əslində bu qədər gəliri olan ölkənin elə bir ehtiyyat fondu olmalıdır ki milli manat keyfiyyətini itirməli deyil. Talançılar milyardları millətə xalqa atıblar, indi də yəqin ki çalışıb süni devalvasiyalarla manatın qiymətini öldürüb az xərclə bağlamaq istəyəcəklər. Yəni SSRİ dağılana yaxın 20000 rubl ssuda verirdilər. 20000-ə kənd yerində böyük bir ev tikmək olurdu. Götürənlər axırda SSRİ dağılandan sonra 2 şirvan ödədilər. Bu bir təbii proses idi. Ancaq bizi talayanlar süni yolla çalışacaqlar bunu etməyə. Yəni bir neçə miyon dollar dəyişib yüz milyonları bağlayacaqlar. Ancaq nə vaxtsa milyardların atıldığı kursla ola bilər ki oğrulardan soruşan olar? Yeni devalvasiya kasıb əhaliyə qarşı yeni bir xəyanət olacaq. Yoxsul ehtiyac içində yaşayan təbəqə daha da yoxsullaşıb dilənçi halına düşəcək. Və bunun da fəsadları ölkəmiz xalqımız üçün çox acınacaqlı ola bilər. (Xahiş edirəm bu yazını burada da və tez verin)

Son yazılar