Ermənistanın baş naziri Nikol Paşinyan seçiciləri Konstitusiya Məhkəməsi heyətindəki hakimlərin çoxunun vəzifədən getməsinə səbəb olacaq konstitusiya dəyişikliklərini dəstəkləməyə çağırıb. (azadliq.org)
Paşinyan bu bəyanatı martın 10-da, ölkədə islahatlara dair gələn ay keçiriləcək referendum kampaniyasının başlanğıcında verib: “Mən sizi aprelin 5-də seçki məntəqələrinə getməyə və keçmişdə Ermənistanın bütün seçkilərindəki saxtakarlığa hamilik etmiş bu köhnə Konstitusiya Məhkəməsini evə göndərmək istədiyinizi təsdiqləməyə çağırıram”.
Əgər təklif edilmiş konstitusiya dəyişiklikləri təsdiq olunarsa, Ermənistanda Konstitusiya Məhkəməsinin 9 hakimindən, Paşinyanı hakimiyyətə gətirmiş məxməri inqilabdan əvvəl təyin edilmiş 7-si istefaya göndəriləcək.
Sözügedən 7 hakimin yerini Paşinyanın “Mənim addımım” fraksiyasının çoxluğa malik olduğu Milli Məclisdə təsdiq olunacaq 7 yeni hakim tutacaq. Konstitusiya Məhkəməsinin digər iki hakimi isə postlarında qalacaq.
Meğri şəhərində etdiyi çıxışda Paşinyan deyib ki, Konstitusiya Məhkəməsinin hazırkı heyəti “xalqı təmsil etmir” və Ermənistanda “hazırkı konstitusiyaya uyğun gəlməyən yeganə qurumdur”.
Paşinyan məhkəmənin 7 köhnə hakimini Ermənistanın keçmiş rəhbərliyi ilə bağlı olmaqda və müstəqil ədliyyə sisteminin yaradılmasına maneçilik törətməkdə ittiham edib.
Lakin Ermənistanda əsasən keçmiş hakimiyyətin təmsilçilərindən ibarət olan müxalifət referendumun konstitusiyaya zidd olduğunu və Paşinyanın Konstitusiya Məhkəməsinə nəzarəti ələ almaq istədiyini bildirir.
Ötən dekabrda Konstitusiya Məhkəməsinin sədri Hrair Tovmasyana qarşı səlaihiyyətlərindən sui-istifadə ittihamı irəli sürlüb. O bu ittihamı siyasi motivli adlandırıb.
Bundan əvvəl, elə ötən dekabrda Tovmasyan və digər 6 hakimə mandatları bitməzdən əvvəl istefa verdikləri təqdirdə maliyyə kompensasiyası nəzərdə tutan ziddiyyətli qanun qəbul olunmuşdu. Hakimlərdən heç biri kompensasiya təklifini qəbul etməmişdi.


Şərhlər