Menu

“Xarici şoklara qarşı güclü maliyyə immuniteti mövcuddur” - Mikayıl Cabbarov

11.03.2020, 22:33
“Xarici şoklara qarşı güclü maliyyə immuniteti mövcuddur” - Mikayıl Cabbarov

“Bu gün ölkə iqtisadiyyatına əsasən iki təsiretmə imkanına malik amil var: koronavirus epidemiyası və OPEC+ sövdələşməsinin baş tutmaması. Qeyd etmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ilin əvvəlində də öz dayanıqlılığını saxlayır”.

“Report” xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, cari ilin ötən iki ayında ümumi daxili məhsulun artım tempi 2,8 faiz olub. Həmçinin qeyri-neft sektorunda ümumi daxili məhsulun artım tempi 6,7 faiz olub. Qeyri-neft sənayesində istehsalın artımı 21,7 faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb:

“Təbii ki, koronavirus epidemiyasının yayılması bəzi fəaliyyət sahələrinə mənfi təsir edib. Məsələn, turizm, hava nəqliyyatı kimi sahələri göstərmək olar. Lakin digər sahələrdə biz müəyyən yüksək artım müşahidə edirik. Həmçinin əhalinin pul gəlirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib”.

Nazir bildirib ki, cari ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb.

Ölkə iqtisadiyyatının maliyyə dayanıqlılığına toxunan Mikayıl Cabbarov deyib: “İqtisadiyyatımızın istənilən xarici şoklara qarşı güclü maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Strateji valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun 100 faizini ötür, xarici dövlət borcunun həcmini altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni, strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütləsinin həcmindən 5 dəfə, nağd manat kütləsinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir”.

Şərhlər

vətəndaş 2020-03-12 09:18:32

Yüz milyadlarla gəliri olan ölkədə devalvasiya olsa da əvvəlkilər kimi süni olacaq. Əslində bu qədər gəliri olan ölkənin elə bir ehtiyyat fondu olmalıdır ki milli manat keyfiyyətini itirməli deyil. Talançılar milyardları millətə xalqa atıblar, indi də yəqin ki çalışıb süni devalvasiyalarla manatın qiymətini öldürüb az xərclə bağlamaq istəyəcəklər. Yəni SSRİ dağılana yaxın 20000 rubl ssuda verirdilər. 20000-ə kənd yerində böyük bir ev tikmək olurdu. Götürənlər axırda SSRİ dağılandan sonra 2 şirvan ödədilər. Bu bir təbii proses idi. Ancaq bizi talayanlar süni yolla çalışacaqlar bunu etməyə. Yəni bir neçə miyon dollar dəyişib yüz milyonları bağlayacaqlar. Ancaq nə vaxtsa milyardların atıldığı kursla ola bilər ki oğrulardan soruşan olar? Yeni devalvasiya kasıb əhaliyə qarşı yeni bir xəyanət olacaq. Yoxsul ehtiyac içində yaşayan təbəqə daha da yoxsullaşıb dilənçi halına düşəcək. Və bunun da fəsadları ölkəmiz xalqımız üçün çox acınacaqlı ola bilər. (Xahiş edirəm bu yazını burada da və tez verin)

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol