Ötən həftədən başlayaraq dünya bazarında neftin kəskin ucuzlaşması Azərbaycanda da bütün diqqətləri «qara qızıl»a çəkdi.
Ötən həftə bir barreli 50 dollar civarında dəyişən «qara qızıl» indi 33-35 dollara düşüb. 2020-ci il büdcəsində neftin bir barreli 55 dollara götürülüb. Bu günlər hökumət rəsmiləri vurğuladı ki, yaranmış şəraitə görə onların B planı da var. Amma həmin planın məzmunu, hələlik, açıqlanmır.
İqtisadçı Nemət Əliyev "Azadlıq" radiosuna deyib ki, əgər hökumət B planından danışırsa, onun mahiyyətini ictimaiyyətə açıqlamalıdır.
N.Əliyevin fikrincə, neftin bu şəkildə dəyərdən düşməsi hətta bir sıra ekspertlərin proqnozlarını da üstələyib. O vurğulayıb ki, neftin bir barrelinin 60 dollardan 32 dollara kimi enməsi gözlənilən deyildi: «Proseslər onu düşünməyə əsas verir ki, neftin qiyməti hələ bir müddət 30-40 dollar arasında dəyişəcək».
İndiki vəziyyətdə hökumətin hansı addımları atmalı olmasına gəlincə, N.Əliyev deyib ki, manat yumşaq da olsa, devalvasiya olunmalıdır: «Mənə elə gəlir ki, manata real məzmun verilməlidir. Bunu ləngitmək gələcəkdə Azərbaycan üçün çox böyük problemlər yaradacaq». Onun fikrincə, bu halda dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməsi çətinləşəcək, tədiyyə balansını qoruyub saxlamaq mümkün olmayacaq. Ekspertə görə, bu zaman hökumət əhalinin zərər görməməsi üçün əmanətlərin xarici valyutaya konvertasiyasına şərait yaratmalıdır.
N.Əliyevə görə, bundan əlavə, indiki halda hökumət enerjidaşıyıcıların - benzinin, dizelin, sürtgü materiallarının, təbii qazın və suyun qiymətlərini aşağı salmalıdır. Onun fikrincə, neftin qiyməti kəskin şəkildə aşağı düşübsə, daxili bazarda da bu, baş verməlidir.
Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə hesab edir ki, hökumətin iqtisadi-maliyyə bloku martın 10-u və 11-də müşavirə keçirməklə ölkə insanlarının böyük əksəriyyətində rahatlıq yaradıblar, verdikləri mesajlar yeni situasiyaya adekvat olub: «Burada bir neçə ssenarilər şübhəsiz ki, nəzərdən keçirilib. İlk növbədə neftin qiymətinin bu və ya digər bədbin proqnozlara uyğun olacağı halda hökumətin əl atacağı tədbirlərlə sosial təminat, təhsil xərcləri yüksək səviyyədə qorunub saxlanılacaq. Güman etmək olar ki, müəyyən investisiya xərclərində hansısa korreksiyalar aparıla bilər».
Z.Oruc hesab edir ki, hökumət tərəfindən taarifləri tənzimlənən başqa sahələrdə müəyyən dəyişikliklər oluna bilər. Onun fikrincə, bu da ölkənin bir sıra məhsullardan asılılığını azaldar, ya da bunu yerli istehsalçı özü istehsal edə bilər.
Amma deputat deyib ki, bu sırada gömrük və ya vergi rüsumlarının dərəcələrinin dəyişməsini gözləmir: «Eləcə də, hesab edirəm ki, devalvasiyanın baş verməyəcəyi qətidir, devalvasiya olmayacaq».
Z.Oruca görə, belə ssenarilərdə hökumətin arxayınlığı onunla bağlıdır ki, artıq bank sistemi iqtisadiyyatda sabitləşdirici rola malikdir: «2015-ci ildə xarici şoklarla yanaşı, daxili risk məsələsi də var idi. İndi isə bu faktor yoxdur».

Şərhlər
Yüz milyadlarla gəliri olan ölkədə devalvasiya olsa da əvvəlkilər kimi süni olacaq. Əslində bu qədər gəliri olan ölkənin elə bir ehtiyyat fondu olmalıdır ki milli manat keyfiyyətini itirməli deyil. Talançılar milyardları millətə xalqa atıblar, indi də yəqin ki çalışıb süni devalvasiyalarla manatın qiymətini öldürüb az xərclə bağlamaq istəyəcəklər. Yəni SSRİ dağılana yaxın 20000 rubl ssuda verirdilər. 20000-ə kənd yerində böyük bir ev tikmək olurdu. Götürənlər axırda SSRİ dağılandan sonra 2 şirvan ödədilər. Bu bir təbii proses idi. Ancaq bizi talayanlar süni yolla çalışacaqlar bunu etməyə. Yəni bir neçə miyon dollar dəyişib yüz milyonları bağlayacaqlar. Ancaq nə vaxtsa milyardların atıldığı kursla ola bilər ki oğrulardan soruşan olar? Yeni devalvasiya kasıb əhaliyə qarşı yeni bir xəyanət olacaq. Yoxsul ehtiyac içində yaşayan təbəqə daha da yoxsullaşıb dilənçi halına düşəcək. Və bunun da fəsadları ölkəmiz xalqımız üçün çox acınacaqlı ola bilər. (Xahiş edirəm bu yazını burada da və tez verin)