Rusiya ordusu daha bir generalını itirib.
“AzPolitika” xəbər verir ki, Ukrayna və Rusiya mətbuatında Cənub Qüvvələr Qrupunun 4-cü Motoatıcı Briqadasının komandiri, general-mayor Anton Qrunisin həlak olduğu barədə məlumat yayılıb.
Onun ölümünü "Axmat" briqadasının komandiri general-leytenant Apti Alaudinov da təsdiqləyib. Alaudinov bununla bağlı heç bir əlavə məlumat verməyib. O, sadəcə Qrunisin "müqəddəs vəzifəsini sona qədər yerinə yetirərək qəhrəmancasına həlak olduğunu" bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") isə Qrunisin hələ sentyabrın 12-də Donetsk bölgəsində Ukraynanın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olduğunu açıqlayıb.

Brovdi xatırladıb ki, iyul ayında Rusiya Prezidentinə Konstantinovkanın ələ keçirilməsi barədə raport verən məhz Qrunis olub. Lakin Rusiya qoşunları hələ də bu şəhərə tam nəzarət edə bilmir. Putin daha sonra Qrunisi "Latviya soyadlı, Kazanda anadan olmuş və parlaq döyüşən bir adam" adlandırmışdı.
Brovdinin sözlərinə görə, Qrunis Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin zərbələri nəticəsində öldürülən yeddinci yüksək rütbəli Rusiya hərbi zabitidir.
Avqustun sonunda Rusiya Müdafiə naziri Andrey Belousov Qrunisə "hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə" “Rusiya Qəhrəmanı Ulduzu”nu təqdim etmişdi.
“AzPolitika.info”


Şərhlər