Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdim etdiyi rəsmi qrafikə əsasən, yeni konstitusiyanın qəbulu üçün ümumxalq referendumunun gələn il deyil, 2027-ci ildə keçirilməsi planlaşdırılır. Baş nazir layihənin mətninin bu ilin 2026-cı ilin sonunadək dərc olunaraq ictimaiyyətə təqdim ediləcəyini vəd edib.
Bəs Konstitusiya dəyişsə, Azərbaycanla sülh müqaviləsi dərhal imzalana bilərmi? Yoxsa digər hansısa maneələr var və bunlar aradan qaldırılmalıdır?
Mövzunu "Azpolitika"ya şərh edən siyasi şərhçi Əli Zülfüqaroğlunun sözlərinə görə, Ermənistanın sülh prosesi ilə bağlı mövcud yanaşması onu göstərir ki, İrəvan prosesi müxtəlif vasitələrlə uzatmağa çalışır: "Azərbaycan isə sülh prosesi ilə bağlı konstruktiv mövqe nümayiş etdirilir. Lakin istər Ermənistan cəmiyyətində, istərsə hökumətdə Azərbaycana qarşı hələ də ziddiyyətli yanaşmalar mövcuddur.
Revanşist qrupların Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərinə aqressiv yanaşma sərgiləməs onu göstərir ki, Ermənistan cəmiyyəti hələ də sülhə hazır deyil. Digər tərəfdən, Ermənistanın konstitusiya dəyişikliyini bilərəkdən gecikdirməsi İrəvanın Azərbaycanın səmimi yanaşmasından sui-istifadə etdiyini göstərir.
Hesab edirəm ki, Azərbaycan Ermənistanın konstruktiv davranmasına nail olmaq üçün ciddi təzyiq göstərməlidir, ikitərəfli münasibətlərə yenidən baxmalıdır".
Ekspert qeyd edib ki, Ermənistanın sülh prosesini uzatması bölgədə qeyri-müəyyənliyin davam etməsinə şərait yaradır: "Ona görə də sülh sazişinin imzalanması istiqamətində Ermənistanın daha konstruktiv mövqe nümayiş etdirməsi vacibdir.
Azərbaycanın müharibədən sonrakı dövrdə nümayiş etdirdiyi ədalətli və konstruktiv yanaşmaya baxmayaraq, Ermənistan tərəfinin müxtəlif vaxtlarda verdiyi açıqlamalar və atdığı addımlar prosesin uzanmasına səbəb olub. Biz istər müharibədən əvvəl, istərsə də 44 günlük savaşdan sonrakı dövrdə Ermənistan hakimiyyətinin Azərbaycana münasibətini müşahidə etmişik. Təzyiqlərin artırılması ona görə vacibdir ki, Ermənistan sülh prosesinə konstruktiv yanaşsın və yekun sülh sazişinin imzalanması təmin edilsin”.
Günəş Fərəh
Azpolitika.info


Şərhlər