"Mən Ana Vətən Partiyasının növbədənkənar parlament seçkilərində ikinci partiya olması ilə bağlı hakimiyyət nümayəndələri ilə hər hansı danışıqlar aparmamışam. Bu barədə yazdığınız məlumat doğru deyil".
Bunları Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı “AzPolitika.info”-nun AVP-nin parlamentdə ikinci partiya olması planlarının baş tutmaması haqda yazısına münasibət bildirərkən deyib. Həmin yazıda bildirilirdi ki, seçki öncəsi bir sıra tanınmış şəxslərin AVP-yə üzv olması bu partiyanın deputatlarının sayının artırılması planının tərkib hissəsi olub. Lakin bir sıra məsələlərə görə bu plan baş tutmayıb.
F.Ağamalı qeyd edib ki, seçkilərdə rəhbərlik etdiyi partiya 60 namizədlə iştirak edib: "Onların hamısı prosesin sonuna qədər davam etmədi. Keçmiş maliyyə naziri Fikrət Yusifov da onlardan biri idi. O, bizim partiyaya deputat olmaq üçün gəlmişdi və bu barədə təşəbbüs də onun tərəfindən edilmişdi. Fikrət Yusifov deputat ola bilməyəcəyini görüb geri çəkildi. Onun haqqında başqa saytlara ətraflı danışdığıma görə, bu barədə əlavə şərhə ehtiyac görmürəm. Arzuman Abdulkərimova gəlincə, o hazırda partiyada fəaliyyətini davam etdirir".
Partiya sədri bildirib ki, namizəd olduğu 60 saylı Salyan-Neftçala Seçki Dairəsində rəqib namizədin tərəfdarları tərəfindən törədilənlər ona qarşı təxribat olub: "Həmin vaxt rəqib namizədin üç-beş tərəfdarı və ölkənin başqa rayonundan gətirilmiş nəşəli şəxslər mənə qarşı təxribat törətməyə cəhd göstərdilər. Biz bu təxribatın məqsədini anlayıb ona getmədik. Məqsəd seçkiləri pozmaq, qarşıdurma yaratmaq idi".
F.Ağamalı vurğulayıb ki, seçkilərdə az səs almayıb, əksinə, 11 mindən çox səs almaqla, seçicilərin böyük etimadını qazanıb: "Mən ən çox səs almış deputatlardan biriyəm. Doğrudur, rəqib namizədin adamları bir neçə məntəqədə qarışıqlıq yaratdı, seçkiləri pozdu və MSK bu səbəbdən 11 məntəqədə nəticələri ləğv etdi. Bununla belə mən şəffaf, demokratik seçkilər nəticəsində 9 mindən çox səslə yenə qalib oldum".
“AzPolitika.info”


Şərhlər
Bunun özü saxta yolla seçilib.Bunu ki,hamı bilir.Daha belə boş çıxışların mənası varmı?o
görmüçük videonuzu