82 YAŞLI DÖVLƏT ADAM

Elxan ŞÜKÜRLÜ

Dünya şöhrətli amerikalı aktyor Tom Kruzun baş rolda yer aldığı məşhur bir film var – “Sonuncu Samuray”. Fikrimcə, bir döyüşçü üçün qürur, cəsarət və ləyaqət hissinin, şərəfli ölümün hansı mahiyyət daşıdığını, eləcə də hürr yaşamaq istəyən bir millət üçünsə öz adət-ənənələrini, dəyərlərini qorumağın necə gərəkli olduğunu ən yaxşı şəkildə anladan, çatdıran filmdir... Baxmayanlar, mütləq baxsınlar!

Baxanlarsa, yəqin, xatrlayar: filmin sonunda gənc yapon İmperator qiyama təhrik edilən, üsyan qaldırmaq ittihamıyla gözündən salınan və namərdcəsinə güllələnən samurayların lideri Katsumotonun necə öldüyünü böyük təəssüf və ehtiram hissiylə Kapitan Alqrendən soruşur. Katsumotonun əsirliyi müddətində bu əzəmətli döyüşçünün valehedici xarakterinin gerçək əsirinə və beləliklə də, özü artıq samuraya çevrilmiş Kapitan Alqren isə ölkəsini azad və qüdrətli görmək istəyən gənc İmperatora möhtəşəm bir cavab verir: “Mən Sizə onun necə yaşadığını danışacam”...

... Bu gün – martın 20-də keçdiyi şərəfli ömür yolunun, bəlkə də, bütün anlarını əzbərləyib yaddaşıma hopdurduğum və Katsumoto kimi dərin müdrikliyi, nizamlı həyat tərzi və qiymətli tövsiyələriylə gənc yaşlarımdan siyasi dünyagörüşümə ciddi təsir etmiş, yön vermiş dəyərli bir insanın, həqiqi alimin – Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun 82 yaşı tamam olur. O İlyas İsmayılovun ki, tanıyanların tez-tez “İlyas müəllimin səhhəti necədir?” suallarına mən də elə Kapitan Alqrensayaq cavab verirəm: “Gəlin, mən Sizə İlyas müəllimin səhhətindən yox, onun necə yaşadığından danışım”...

Bəli, mənim nəzərimdə, İlyas müəllimin həyatı, fəaliyyəti, yaşayış tərzi yetişən Azərbaycan gəncliyi üçün öyrəniləcək və öyrədiləcək azsaylı nümunələrdəndir! Dediyim kimi, o öz şəxsi nümunəsiylə mənim həyata baxışıma və dünyagörüşümün formalaşmasına rəhmətlik atam Nəriman müəllimdən sonra əhəmiyyətli təsir göstərmiş ikinci önəmli şəxsiyyət olduğundan, onun barəsində saatlarla danışa, tanımayanlara daha yaxından anlada, tanıtdıra bilərəm...

Çox şadam ki, yerişində, duruşunda, davranışında, yazı və çıxışlarında, hətta yumorunda belə, öz əzəmətli və ədalətli simasını – həqiqi dövlət adamı obrazını qoruyub saxlamış İlyas müəllim də, partiyasından aralanmağıma baxmayaraq, hələ də “Elxan mənim yetirməmdir, onu görəndə öz gəncliyim yadıma düşür” ifadəsini tez-tez xatırladır, olmadığım yerlərdə, hətta rəqib sandıqlarımın əhatəsində də məni müdafiəyə yönəlmiş fikirlərdən çəkinmir, addımlarımın məsuliyyətini bölüşür, hər cəhdində uğuruma, inkişafıma çalışır... Və bu "özünəbənzətmə"də də tam haqlıdır. Çünki nə qədər yekə çıxsa və təvazökarlıqdan uzaq olsa da, etiraf edim ki, mən də özümdə hərdən eynilə İlyas müəllimi görür, eynən onun kimi davranır, eynən onun dediklərini deyir, hətta həyat hadisələrinə də eynən onun gözləriylə baxıram... Bu da səbəbsiz deyil: mən İlyas müəllimi ilk dəfə tanıyanda 22 yaşım vardı, 24 yaşımda isə məni özünə müavin gətizdirərək Azərbaycanda “ən gənc partiya sədrinin müavini” etmişdi, düz, 35 yaşınadək, yəni, gənclik yaşım tam başa çatanadək də, onun yanında olmuşdum...

2011-ci ildə bəlli səbəblərdən Ədalət Partiyasından aralanıb müstəqil fəaliyyətə üstünlük versəm də, 9 ildir hələ də özümdə İlyas müəllimdən öyrəndiklərimi daşıyıram. Eynən o, dövlətdən – uzun illərin idarəçilik təcrübəsindən və bir də oxuduqlarından öyrəndiklərini özündə cəmləşdirib daşıdığı kimi... 

Bəli, İlyas müəllim həqiqi dövlət adamıdır! Daha dəqiqi, özündə, vücudunda dövləti daşıyan, dövləti andıran adam! Onun iti ağlı, mükəmməl savadı, geniş təfəkkürü, əxlaqı, möhkəm xarakteri ilə tamlıq təşkil edən seçilən fizionomiyası – uca boyu, şux qaməti, qayğıkeşlik, qətiyyət və dürüstlük yağan aydın baxışları, sanki, bu yaşında belə hər kəsə “yeriyən dövlət-adamlar belə olur” nümunəsini anlatmaq, aşılamaq üçündür...

Hərdən onu eyni ranqlı indiki məmurlarımızla tutuşdurur, müqayisə edir və məsafə fərqindən özüm də heyrətlənir, məəttəl qalıram: İlahi, biz haradan hara gəldik?! Siz də tutuşdurun İlyas müəllimi, tutaq ki, indiki Baş prokurorla, Ədliyyə naziri ilə və yaxud Ali Məhkəmə sədriylə... Tutuşdurdunuzmu?! Fərqi gördünüzmü?! Görə biməyənlərə müqayisə üçün bircə fakt deyim, qiymətləndirmə aparsınlar: İlyas müəllim rəhmətlik Heydər Əliyevdən sonra ikinci Azərbaycan türkü olub ki, təkcə Azərbaycanda yox, Azərbaycandan kənarda - SSRİ kimi bir imperiyanın paytaxtında belə, ən yüksək vəzifə pillələrinə öz gücüylə, öz ayağı ilə, öz zəhməti ilə qalxıb! Və qalxdıqca da, pulunu, sərvətini, mal-mülkünü çoxaltmağa yox, adının əzəmətini qaldırmağa, elmini artırmağa, şöhrətini ucaltmağa çalışıb və ona da nail olub!

...Hərdən Dənizkənarı Bulvarda gəzişdiyimiz zamanlar mən addımbaşı tanımadığımız insanların ayaq saxlayıb ona necə ehtiramla yanaşdıqlarının, Respublika prokuroru, Ədliyə naziri işlədiyi zamanlarda o insanlara necə kömək etdiyini, necə ədalətli davrandığını minnətdarlıq hissiylə xatırlamalarının, prokurorluq işçilərinin yana-yana “İlyas müəllim, prokurorluq elə sizinlə də getdi” təəssüf-gileylərinin canlı şahidiyəm...

Onu da aydın görürəm ki, bu insanların söylədikləri riya deyil, səmimi, içdən gələn sözlər, vicdanlarının dedirtdikləridr...

Bu gün – 20 mart Onun doğum günüdür! Dövlətin unutduğu, mükafatlardan, diqqətdən uzaq saxladığı, ancaq bütün fəaliyyəti boyu dövləti unutmayan, dövləti vücudunda, varlığında daşıyan 82 yaşlı Müdrik Adamın, El Ağsaqqalının!

Doğum gününüz mübarək, dəyərli İlyas müəllim!

Bilirəm ki, hər doğum gününüzdə ilk olaraq Etimad Sizə sürpriz etməyi xoşlar, ilk olaraq O təbrik edərdi! Qoy bu dəfə də o ənənəni mən davam etdirim: Allahdan Sizə uzun və sağlam bir ömür arzulayıram! Ləyaqətlə yaşadığınız ömrünüzün 83-cü pilləsinə xoş gəldiniz!

635x100

Şərhlər

seyran Bashirov 2020-04-04 12:51:51

ilyas muellim-gozel insandir

Meydan Babayev 2020-03-27 08:26:47

Elxan müəllim minlərlə insanların hisslərini səmimi olaraq ifadə etdiyiniz üçün Sizə minnətdaram. Çox şadam ki , İlyas müəllim kimi nümunəvi şəxsiyyətlə mənim də tanışçılığım var. Doğum gününüz mübarək əzizimiz İlyas müəllim.

Elxan Hümbətli 2020-03-21 18:27:56

Uca Allah müqəddəs Quranda deyir ki, biz hər ümmətə onun layiq olduğu rəhbərlər göndərərik. Heyif ki, Azərbaycan xalqı İLYAS İSMAYILOV kimi müdriklik və ədalətlilik mücəssəməsi olan bir rəhbərə layiq ola bilmədi. Allah Sizi qorusun böyük şəxsiyyət - İLYAS İSMAYILOV!

Akif Namazov 2020-03-21 13:00:40

İlyas müllim dəyərli bir ziyalı olmaqla bəabər , haqq ədalət carçısıdır, allah ona can sağlığı versin

bəy 2020-03-21 08:54:00

Çox ləyaqətli insandır.Bir nümunədir bəzi acgöz məmurlara

Ulvi 2020-03-21 08:15:52

Agsaqqal

Aqahüseyin Aqayev 2020-03-21 03:11:49

SİZİ ALLAH MÜKAFATLANDIRIB İLYAS MÜƏLLİM.20-Mart bayram ğünü bu bayramı hamı edir.TƏBRİK EDİRƏN ALLAH SİZİN ŞAMINIZI SÖNDÜRMƏSİN.

Nurəddin 2020-03-20 23:32:13

Nə qədər səmimi bir təbrik, içdən gələn sözlər. Təşəkkür edirəm Elxan bəy. 100 yaşa İlyas müəllim.

Yaxından tanıyan 2020-03-20 23:30:03

İlyas İsmayılovu bir kelme ile teqdim etməli olsaydım, bele deyerdim: DAĞ KİMİ ADAM!

yalçın 2020-03-20 23:28:06

Həqiqətən böyük şəxsiyyət...

Kamil Şirinov 2020-03-20 23:26:29

İlyas müəllim xalqımızın fəxr duyduğu oğullarından, şəxsiyyətlərindən biridir. Ağsaqqala mən də cansağlığı arzu edirəm.

Son yazılar