Menu

Azərbaycanda ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi təsdiqlənib

28.03.2020, 12:59
Azərbaycanda ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi təsdiqlənib

Azərbaycan vətəndaşları ticarət və iaşə obyektlərində ödənişlər zamanı ƏDV-nin bir hissəsini 30 gün ərzində geri ala biləcəklər.

Bu, prezident İlham Əliyevin təsdiq etdiyi “ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi”ndə nəzərdə tutulub.

Mexanizmə əsasən, ƏDV-nin bir hissəsinin geri qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi portalda qeydiyyatdan keçməlidirlər. İstehlakçı alış-veriş zamanı satıcıdan nəzarət-kassa aparatı çekini tələb etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil etməlidir. Portala daxil olan müraciət çekin çap olunduğu tarixdən 14 gün sonra aktivləşir. Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank qaytarılmalı olan məbləği 10 gün müddətində istehlakçının kartına və ya bank hesabına köçürür. Beləliklə, ƏDV-nin bir hissəsinin qaytarılması prosesi portala müraciət olunduğu gündən etibarən 30 gün müddətində həyata keçiriləcək.

Geriyə ödəniş bank kartına və yaxud hesabına köçürmə yolu ilə həyata keçirilir. Əgər istehlakçı əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV-ni geri almaq üçün milli valyutada bank kartına və yaxud hesabına malik olmalıdır. Bundan başqa, əcnəbi vətəndaşlar ƏDV-nin bir hissəsinin qaytarılmasını nəzərdə tutan Tax Free sistemindən istifadə etmək imkanına malikdirsə, iki variantdan yalnız birini seçə biləcəklər.

Qeyd edək ki, qaytarılan məbləğ nağd qaydada ödənilmiş ƏDV-nin 10%-ni, nağdsız qaydada ödənilmiş ƏDV-nin isə 15%-ni təşkil edir. /İnterfaks-Azərbaycan

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol