Menu

Hökumət büdcəni dəyişmək istəyir, amma necə? – İqtisadçı ekspertdən təkliflər

10.04.2020, 13:31
Hökumət büdcəni dəyişmək istəyir, amma necə? – İqtisadçı ekspertdən təkliflər

Hökumətin yaxın günlərdə büdcəni dəyişmək planı var. Bu barədə Prezident İlham Əliyev çıxışlarının birində koronovirus pandemiyasının yaratdığı vəziyyətdən çıxmaq üçün hökumətin atacağı addımlardan danışarkən bəyan edib. Dövlət başçısı neft gəlirlərinin azalmasının, ölkədə iqtisadiyyatın, biznesin karantin şərtlərinə görə yavaşımasının, habelə pandemiyanın təsirlərini azaltmaq üçün zəruri addımlar atılması üçün büdcəyə yenidən baxılmasını vacib sayıb.

Deputatlar iqtisadçı ekspertlər də bu fikirdədirlər ki, yaranmış vəziyyətdə büdcənin prqonoz gəlir və xərclərini dürüstləşdirməklə yanaşı bir sıra irimiqyaslı xərclərin təxirə salınmasına ehtiyac var. Artıq məlumdur ki, bu il ölkədə tibbi sığortanın tətbiqi üçün nəzərdə tutulmuş 500 milyon manatlıq xərcin icrası 2021-ci ilə qədər təxirə salınması barədə hökumətin qərarı var. Habelə, Formula 1, futbol üzrə Avropa çempionatının ertələnməsi də kifayət qədər böyük xərclərin büdcə zərfindən çıxarılmasına səbəb olacaq. Xatırladaq ki, çempionatın 4 oyununun Bakıda keçirilməsi nəzərdə tutulurdu.

İqtisadçı Rövşən Ağayev “AzPolitika.info”-ya bildirib ki, hökumətin büdcəni dəyişmək istədiyi bəllidir, amma necə dəyişəcəyi ilə bağlı hələlik təfsilatlı məlumat yoxdur:
“Əsas sual odur ki, xərcləri azaltmaq istəyirlərmi? Əgər, təsdiqlənmiş xərclərə toxunmadan, ya da çox az hissəsinə toxunmaqla dəstək paketi üçün əlavə vəsait cəlb etmək istəsə, təkcə 2020-ci ilin büdcə qanununu dəyişməklə iş bitməyəcək.

Bu halda Neft Fondundan təsdiqlənən 11.350 mlrd. manatdan əlavə vəsaitin cəlbinə ehtiyac olacaq. Çünki istər vergi, istərsə də gömrük orqanlarının öhdəliklərini yerinə yetirməsi mümkün olmayacağı dəqiqləşirsə, bu halda dəstək paketinin icrası Fonddan izafi transfert ayırmaları tələb edəcək”.

Ekspertin sözlərinə görə, digər tərəfdən, bu halda hökumət büdcə qaydasının tətbiqini də dayandırılmalı olacaq: “Belə ki, dəyişiklik nəticəsində 2020-ci ilin icmal büdcə xərcləri inflyasiya nəzərə alınmaqla 2019-cu ilin icmal büdcə xərclərindən 3% çox olarsa ("Büdcə sistemi haqqında" Qanun, maddə 11-1.2), bu halda ölkə prezidenti qanunun 23.4-cü maddəsini əsas götürərək büdcə qaydasının (3%+inflyasiya səviyyəsi) tətbiqinin dayandırılması üçün Parlamentə müraciət etməli olacaq. Müraciət oktyabrın 25-də gec olmayaraq göndərilməlidir.

Məlumat üçün deyim ki, "Büdcə sistemi haqqında" Qanunun 23.2-ci maddəsinə görə, dövlət başçısı büdcənin icra prosesində illik büdcə qanunun təsdiqi zamanı nəzərə alınması mümkün olmayan xərclərə zərurət yarandığı qənaətinə gələrsə, qanunvericilik təşəbbüsü ilə büdcəyə yenidən baxmaq üçün Milli Məclisə müraciət edə bilər”.

R. Ağayev qeyd edir ki, 2020-ci ilin icmal büdcə xərcləri 29 488.1 mln. manat təsdiqlənib ki, bu inflyasiya proqnozu nəzərə alınmaqla əvvəlki ilin göstərisindən 7.7% çoxdur: “Ən vacib məqamlardan biri də budur ki, əgər büdcəyə yenidən baxılacaqsa, iqtisadi proqnozların, o cümlədən inflyasiya və iqtisadi proqnozların da yenilənmiş variantı da parlamentə təqdim ediləcəkmi? Çünki son 3 ayda bütün proqnozlar və reallıqlar alt-üst oldu”.

Ekspert hesab edir ki, sosial-iqtisadi inkişaf proqnozlarını dəyişmədən büdcəyə yenidən baxılması yanlış addım olardı.

Azpolitika.info

Şərhlər

Cənab İQTİSADÇI, dəxi 2020-04-10 16:43:01

Bir (BPnefti)güllə yaz olmur. Ölkə iqtisadiyyatı olsun ki, büdcəsi də olsun?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol