“BU YAYI VİRUSSUZ KEÇİRƏCƏYİK" – Professor Adil Qeybulla

Son iki gündə Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayında azalma olduğu bildirilir. Bəs bunu artıq yeni virusun yayılmasının nəzarətə götürülməsi hesab etmək olarmı? Bu məsələ ilə bağlı rəsmi statistikanın açıqladığı rəqəmlər reallığı nə dərəcədə əhatə edir?

Tibb sahəsi üzrə professor Adil Qeybulla “Azadlıq” radiosuna açıqlamasında belə bir proqnoz dilə gətirib ki, aprel ayının sonuna koronavirusun "pik" vaxtı bitəcək və enmə başlayacaq: "May ayında azalma baş verəcək, iyun ayında isə virus yoxa çıxacaq. Bu yayı virussuz keçirəcəyik".

Bu sahədə rəsmi rəqəmlərin gerçəkliyi nə dərəcədə əks etdirməsinə gəlincə, A.Qeybulla deyib ki, real rəqəmlər həmişə elan edilən rəqəmlərdən çox olur. Onun fikrincə, bu, hətta statistikası düzgün aparılan ölkələrdə də belədir. Amma A.Qeybulla vurğulayıb ki, istənilən halda Azərbaycanda virusun intensiv yayılması müşahidə edilmir: "Nə qədər manipulyasiya olsa da, reallığı tam itirə bilməz. Bu mənada, Azərbaycanda epidemioloji vəziyyət başqa ölkələrlə müqayisədə nisbətən qənaətbəxşdir".

Aprelin 20-də xüsusi karantin rejiminin başa çatmasına gəlincə isə, A.Qeybulla deyib ki, sonrakı vaxtla bağlı qərar ölkədə epidemioloji durumdan asılı olacaq. Onun fikrincə, bundan asılı olaraq xüsusi karantin rejimi yüngülləşdirilə də, müddəti uzadıla da bilər.

Deputat Zahid Oruc isə deyib ki, Operativ Qərargahın koronavirusa yoluxma ilə bağlı açıqladığı gündəlik rəqəmlər qətiyyən şübhə yeri qoymur. Onun fikrincə, qərargah kifayət qədər açıq siyasət yürüdür, məlumatların ictimailəşdirilməsi mənəvi, psixoloji baxımdan mənzərəni tam görməyə imkan verir və ictimai inamı qazanmadan belə hərəkət etmək çox çətin olardı.

Z.Oruca görə, koronavirusla bağlı ölkədə tendensiyanı tam müəyyən etmək, hələlik, mümkün deyil. O vurğulayıb ki, dalğalanmalar davam etməkdədir və bu halda konkret orta həddi təyin etmək asan deyil: "Ancaq müəyyən qədər proseslərin nəzarət altında saxlandığı aydındır".

Deputatın vurğulamasına görə, Azərbaycan dövləti xalqın sağlamlığı və sosial rifahı üçün 2.5 milyard manat cəlb etməklə karantin dövrünün ən tez bir zamanda başa çatmasını hədəfləyir: "Biz də ümidvar olmaq istəyirik ki, Çindən sonra Azərbaycan bu prosesi lokallaşdıran, karantin rejiminin yumşaldılmasına gedən ilk dövlətlərdən biri olacaq".

635x100

Şərhlər

Dr.AĞAOĞLU 2020-04-14 10:02:17

Köklü virusologiyasi olmayan və virusoloqu görünməyən olkənin yeganə ümid və inam mənbəyi olan Pr.Adil Qeybulla.Təşəkkürlər SiZƏ.

Son yazılar