Menu

Türkiyə və Rusiyada tədiyyə balansının göstəriciləri pisləşib - Azərbaycanda durum necə olacaq?

14.04.2020, 12:10
Türkiyə və Rusiyada tədiyyə balansının göstəriciləri pisləşib - Azərbaycanda durum necə olacaq?

Dünya bazarlarında enerjidaşıyıcılarının qiymətinin ucuzlaşması iqtisadiyyatı neftdən asılı olan ölkələrin tədiyyə balansına mənfi təsirini göstərməkdədir. Rusiya və Türkiyə mərkəzi bankları artıq 2020-ci ilin I rübü üzrə tədiyyə balansının ilkin göstəricilərini açıqlayıb. Açıqlamaya görə, Rusiya Mərkəzi Bankının yanvar-mart aylarında cari hesablar balansının profisiti ötən ilin müvafiq dövrü ilə müqayisədə 35% azalaraq 33,6 milyarddan 21,7 milyard dollara düşüb.

Hesabatı təhlil edən tanınmış iqtisadçı Samir Əliyev bildirib ki, azalmaya səbəb neftin ucuzlaşması və eyni zamanda ixracın azaldılmasıdır. Onun sözlərinə görə, bu müddətdə xidmətlərin ixracı ilə yanaşı xidmətlərin idxalı, o cümlədən nəqliyyat xidmətlərinin və turizm idxalı azalıb.

“Maliyyəəməliyyatlarının müsbət saldosu 17 milyard dollara düşüb. Halbuki ötən ilin I rübündə 24 milyarda bərabər olub. Buna baxmayaraq qeyri-rezidentlər qarşısında öhdəliklər azalıb və xaricdə maliyyə aktivlərinin yerləşdirilməsi əhəmiyyətli dərəcədə azalıb”-deyə ekspert bildirib.

S. Əliyev qeyd edib ki, Rusiyanın beynəlxalq ehtiyatları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 milyard dollar artıb. Artım büdcə qaydası çərçivəsində daxili bazardan xarici valyutaların alınması hesabına baş verib.

Türkiyə Mərkəzi Bankının təqdim etdiyi hesabatı da təhlil edən iqtisadçı orada da vəziyyətin ağır olduğunu vurğulayıb: “Fevral ayında cari hesablar balansının kəsiri daha da artıb və 2019-cu ildəki 117 milyon dollarlıq göstəricidən 1,23 milyarda yüksəlib. İki ay üzrə kəsir ümumilikdə 2,8 milyard dollara bərabər olub. Kəsirin artımına səbəb malların idxalının 30,4 milyarddan 34,8 milyard dollara yüksəlməsidir. Buna görə də ticarət balansının kəsiri 5,2 milyarda qədər artıb.

Kəsirin yaranması qızıl və enerjidaşıyıcılarının idxalı ilə bağlıdır. Çünki qızıl və enerji daşıyıcıları olmadan cari hesablar balansında 2,6 milyardlıq profisit yaranıb, ancaq 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə profisit daha az - 3,2 milyard dollar olub”.

Ekspertin sözlərinə görə, birbaşa investisiyalar təkcə fevral ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 129 milyon dollar azalaraq 309 milyona düşüb. Yanvar-fevral ayı üzrə 146 milyon dollarlıq azalma ilə 1,1 milyarda bərabər olub.

“İki ay üzrə göstəricilərə baxsaq portfel investisiyalarında vəziyyət daha gərgindir. Bu müddət ərzində bu investisiyaların cəlbində 840 milyon dollar kəsir yaranıb. Halbuki ötən ilin müvafiq dövründə $7,7 milyard profisit mövcud olub”-deyə iqtisadçı qeyd edib.

Ehtiyatlara gəlincə, Samir Əliyev bildirib ki, yanvardakı 2,93 milyardlıq itkini fevralda 3 milyard dollarlıq artım kompensasiya edib və66 milyonluq qalıq yaranıb. Məlumat üçün bildirək ki, 2019-cu ilin yanvar-fevral aylarında rəsmi ehtiyatlar 6,1 milyard dollar artmışdı.

Ekspert bildirib ki, Azərbaycanda tədiyyə balansının son statistik məlumatı 2019-cu ilə məxsusdur. 2020-ci ilin I rübü ilə bağlı məlumat iyun ayında açıqlanacaq. “İndidən demək olar ki, cari hesablar balansının profisiti 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə azalacaq. Rəsmi açıqlamalarda cari ilin yanvar-mart aylarında ixrac edilən neftin orta qiyməti 59 dollar olduğu bildiriir. Deməli, cari hesablar balansında mənfi saldo olmasa da profisit azalacaq”-deyə S. Əliyev vurğulayıb.

AzPolitika.info 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol