Toğrul İsmayıl: “... Süleyman Soylu bunların hamısının qarşısını aldı”
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun istefa qərarı Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsə də, bu mövzuda müzakirələr qardaş ölkənin mediasında davam etməkdədir.
Xəbər verildiyi kimi, Türkiyə DİN-in başçısı istefa verdiyi haqda mövqeyini açıqladıqdan iki saat sonra qərarından vaz keçib.
“Cümə gecəsi baş verənlərə laqeyd yanaşmaq məsuliyyətsizlik olardı”, deyən cənab Soylu yerli mətbuata açıqlamasında bildirib ki, şəhid övladlarının “Bizi bir daha atasız buraxma” şəklindəki mesajları ona çox ciddi təsir edib: “Bundan başqa, millətimizin xoş niyyətimdən şübhə etməməsi də mənə çox təsirli göründü. Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının məsuliyyətə çağırış mesajı çox vacib idi”.
MHP başqanı Dövlət Baxçalı da Süleyman Soyluya dəstəyini ifadə edib və onun istefasının qəbul edilməməsini alqışlayıb.
“Dövlət və millət uğrunda atılan addımlarda çatışmazlığımızın bu iki iradə tərəfindən insanlıq durumu olaraq qəbul edilərək, səhvlərimizi düzəltmə haqqının verilməsi məsuliyyətimizi artırıb. Millətə xidmətə davam edirik”, deyə S.Soylu vurğulayıb.

Türkiyəli nazirin istefa qərarından daşınması xəbəri qardaş ölkədə toy-bayram kimi qarşılandı. Düzdür, bəzi müxalif dairələr bunun bir siyasi gediş olduğunu da iddia etdilər. Lakin əksəriyyət S.Soylunun işinin başına qayıdışından məmnunluğunu ifadə etdi, koronavirus qadağası qalxandan sonra insanlar küçələrə axışıb.
Maraqlıdır, Süleyman Soylunu Türkiyədə sevdirən nədir?
Türkiyədə yaşayan və bu ölkənin gündəmini yaxından izləyən politoloq Toğrul İsmayıl Musavat.com-a bildirdi ki, ölkədə nazirlərin dəyişməsi normal haldır: “Süleyman Soylu 4 ildir bu vəzifədədir. İstefa vermək istəyinin səbəbi də pandemiya ilə mübarizədə qadağaların tətbiq edilməsinə baxmayaraq, insanların küçələrə çıxması, basabas salması, bu səbəbdən Türkiyənin qəbul etdiyi qərarların yerinə yetirilməsində axsamaların olması idi. Mənə görə, bir nazir üçün doğru qərar sayılmalıdır. Amma prezident istefa qərarını qəbul etmədi, geri çevirdi”.
T.İsmayıl qeyd etdi ki, indiki dönəmdə daxili işlər nazirinin istefa verməsi çox həssas məsələdir: “Daha əvvəlki dönəmlərdə səbəblər bir az da nazirlərin fəaliyyəti ilə bağlı olub. Ancaq burada, xüsusilə terrorla mücadilə, FETÖ-ya qarşı əməliyyatlar və sair həssas məsələlərdir. Belə olduğu halda nazirlərin qabiliyyəti, çalışması, prezidentin istəyi kimi, bütün bu kompleks məsələlər vacib rol oynamış olur. Son hadisədə isə nazir əslində doğru qərar verdi. Havanın çox gözəl olacağı səbəbindən xalqın küçəyə çıxması qorxusu var idi. O mənada küçəyə çıxma yasağı tamamilə doğru qərar oldu. Gözləntilərin əksi çıxdı. Sanki əhali iki gün ərzində acından öləcəkdi, burada kütlə psixologiyası da var idi. Məncə, Süleyman Soylunun qəbul etdiyi istefa qərarı olduqca doğru idi, bu, istefa mədəniyyətinin nümunəsiydi.
Həm küçəyə çıxma qadağası, həm də yaranmış kriz səbəbindən istefa ilə bağlı qərarı tamamilə doğru idi. Amma xüsusilə indiki durumda istefa məsələsi daha həssas mövzudur, belə dönəmlərdə daha tədbirli olmaq lazımdır”.
Politoloq S.Soylu nüfuzu ilə bağlı da düşüncələrini bölüşdü: “Xüsusilə də son dörd illik fəaliyyəti zamanı terrorla mücadilədə böyük işlər görmüş, çox uğurlu qərarların altından imza atmış, Daxili İşlər Nazirliyində nizam-intizam yaratmış, peşəkar fəaliyyət göstərmiş, istər PKK, istər FETÖ ilə mübarizədə ciddi addımlar atmışdır. Xatırlayırsınızsa, terror Türkiyənin içərilərinə qədər irəliləmişdi, Süleyman Soylu bunların hamısının qarşısını aldı. Artıq ölkədə sabitlik hökm sürür. Onu sevdirən də əsasən budur. Amma qərarın arxasında əsasən prezidentin iradəsi durur”.
Qeyd edək ki, nazir narkotiklərə qarşı mübarizədə də cəmiyyətdə nüfuz qazanıb.


Şərhlər