Prezident İlham Əliyev Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.

Bununla da düz 20 ildir Baş prokuror vəzifəsini tutan Zakir Qaralov eəsmən yola salınıb.

Baş prokuroru vəzifəsinə təyin edilən Kamran Əliyev parlamentin bu gün keçirilən iclasında görəcəyi işləri açıqlayıb.

O bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və hazırda davam etdirilən islahatlar bu yeni dövrdə Azərbaycan prokurorluğu qarşısında yeni və olduqca mühüm vəzifələr qoyur.

K.Əliyev bildirib ki, bu konteksdə prokurorluq qarşısında duran ümdə vəzifələr aşağıdakılardır:

- Dövlətin təhlükəsizliyinə qəsd edilən cinayətlərə qarşı mübarizənin kəsərinin artırılması, dövlətçiliyin daxili və xarici təhlükələrdən müdafiə edilməsi;

- Cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq və mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndiriliməsi;

- Vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsində prokurorluğun iştirakının genişləndirilməsi;

- Həm dövlət,həm də özəl sektorda korrupsiyanın bütün təzahür formalarını, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi;

- Hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar konteksində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarklığın hüquqi vasitələrlə dəstəklənməsi;

- Ölkə iqtisadiyyatının kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə yaxından iştirak etmək;

- Məhkəmələrdə dövlət və onun müdafiə edilməsi işinin keyfiyyətcə yeni mərhələyə qaldırılması, balanslaşdırımış cəza siyasətinə riayət edilməklə cəzanın məqsədləriə nail olunmasında əsaslı dönüş əldə edilməsi;

- Beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübəni cari fəaliyyətimizdə tətbiqi.

Xatırladaq ki, Baş Prokuror vəzifəsinə təyib edilən Kamran Əliyev isə 1965-ci ilin noyabr ayının 18-də Balakən rayonunda anadan olub.

1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilib.

Daha sonra K.Əliyev həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib.

1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləyib.

1993-cü ildə həmin İnstitutda disertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb.Daha sonra K.Əliyev köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi vəzifələrində işləyib.

06.08.2007-ci il tarixdən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 05.08.2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

İngilis və rus dillərini sərbəst bilir.

K.Əliyev Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvüdür. O, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Ailəlidir, iki övladı var.