"DÜŞMƏNDƏN HƏLƏ ÇOX ÖYRƏNMƏLİYİK..." - REAL-çı deputatın yazısı


"Qarşıdan 28 May bayramı gəlir, biz isə Rusiyanın arxivlərindən Cümhuriyyət Ordumuzun alay bayraqlarını hələ də ala bilməmişik"

Deputat Erkin Qədirli ermənilərin Şuşada keçirdikləri son tədbirin kontekstində fikirlərini bölüşüb. Musavat.com xəbər verir ki, deputat sözügedən tədbiri bir neçə punkt üzrə təhlil edib. E.Qədirlinin həmin yazısını təqdim edirik:

"1. Tədbirin Şuşada keçirilməsi heç nəyi dəyişmir (bir yenilik yaratmır). Xankəndi bizim deyilmi? Xankəndində olan tədbirlərə heç belə emosional yanaşmırıq. Şuşadakı tədbirlə bağlı reaksiyamız Xankəndini Şuşadan daha az istəməyimiz, Şuşanın bizdə qalması şərtilə Qarabağı ermənilərə verməyə hazır olmağımız anlamına gələ bilər (elə yozula bilər). Onu da deyim ki, zamanında belə söhbət olub (xarici diplomatlar belə suallar veriblər).

2. Ermənilərin Qarabağda keçirdikləri seçkiləri heç bir dövlət və ya beynəlxalq təşkilat tanımır, Qarabağın özünü də dövlət sayan yoxdur. Odur ki, ermənilərin oradakı bu tədbiri özlərinə təsəlli, bizə isə acıq vermək üçündür. Heç birisinin də siyasi anlamı yoxdur. Bilirəm, ağırdır, ona görə də qəzəbini bildirənləri bunu etməkdə haqlı sayıram. Bununla belə, dövlət qərarları duyğular əsasında verilmir (verilməməlidir)".

E.Qədirlinin növbəti tezisi cəmiyyətin demokratiyaya hazır olmaması ilə bağlıdır:

"3. Cəmiyyətimizin demokratiyaya hazır olmadığını bir kərə yazmışdım. İndi də müharibəyə hazır olmadığını yazım. Ordumuzun hazır olduğuna inanıram, amma müharibəni udan ordu deyil, cəmiyyət olur. Ordu döyüşləri uda bilir ancaq. Ordunun udduğu döyüşlərin siyasi nəticələri isə cəmiyyətin durumundan asılıdır. Yanlış anlaşılmasın deyə, bunu da yazım - problem hazır olmamağımızda deyil, hazırlaşmamağımızdadır. Aydındır ki, burada ən böyük məsuliyyət hökumətin üzərinə düşür.

4. Müharibə ehtimalını hələlik qoyaq bir qırağa. Gələk siyasi danışıqlara. Danışıqların da öz resursları olur - sənədlər, arqumentlər, rəmzlər, arxivlər, kəşfiyyat məlumatları və s. Ermənilərin bizdən güclü olduğu resurs rəmzlərdir. Ermənilər rəmzlərlə yaxşı oynayırlar, bizi də oynadırlar. Məsələn, Xocalını Sumqayıt hadisələrinin ildönümü günündə, Şuşanı Sovetlərin Böyük Vətən Müharibəsinin bitdiyi gündə işğal etdilər, Dilgəmlə Şahbaza 22 illik qondarma hökmünü Kəlbəcər işğalından 22-ci ildönəmində verdilər və s. İndi də Şuşada qondarma prezident seçkilərinin nəticələrini bayram ediblər. Biz bunu ermənilərdən hələ yeni öyrənməyə başlamışıq. Məsələn, Aprel döyüşlərini Kəlbəcərin işğalı günündə başlamışdıq. Düşməndən də öyrənmək lazımdır. Hələ çox öyrənməliyik. Məsələn, arxiv işlərini də ermənilər bizdən yaxşı bacarır, kəşfiyyat məlumatlarını isə əsasən Rusiyadan alırlar. Qarşıdan 28 May bayramı gəlir, biz isə Rusiyanın arxivlərindən Cümhuriyyət Ordumuzun alay bayraqlarını hələ də ala bilməmişik. Belə olunca, biz rəmzlərdə ermənilərə uduzmağa davam edəcəyik.

5. İndi də gələk danışıqlarda gerçəkdən güclü olduğumuz resurslara - hüquqi sənədlər və arqumentlər. Burada üstünlük tam bizim tərəfimizdədir. Bununla belə, nədənsə özümüzü (cəmiyyət olaraq) zəif hiss edirik. Nədən belə olur? 

Çünki: 

a) işin ancaq informativ tərəfinə güvənirik, performativ tərəfinə yetərli önəm vermirik; 

b) sənədlərlə yaxşı işləmirik - mətni oxuya bilsək də, onu oxumağı bacarmırıq (bunlar ayrı-ayrı bacarıqlardır - birincisi savadı, ikincisi hermenevtik bilikləri tələb edir);

c) hələ də ədalətli bir dövlət qura bilməmişik. Birinci axsaqlığımız haqqında çeşidli mövzularda daha öncə yazmışam. 

Üçüncü nöqsanımız haqqında da məndən çox başqaları yazıblar. Odur ki, burada ancaq ikinci problemlə bağlı yazmaq istəyirəm".
E.Qədirli siyasi danışıqlarda xeyrimizə olan hüquqi sənədlərdən, bir resurs olaraq, daha faydalı şəkildə yararlanmağın yolunu bundan sonrakı yazısında göstərəcəyini də anons edib.

635x100

Şərhlər

vidadi goyce 2020-05-29 16:39:50

dushundurucudu,axi kecikirik

İmdad Bayramov 2020-05-26 19:11:44

Düşmenden öyrenmek Sene yaraşır.Dövlətimiz.Xalqımız və möhterem Prezidentimiz düşmənə qalib gəlməyin yollarrını bilir.Sen nerahat olma.

pensioner 2020-05-24 13:19:22

Tək deyilsən,deputatların demək olar ki,hamısı sənin kimidir.Vaxtınız boş-boş danışmaqla,mənasız yazilar yazmaqla keçir.Faktlardan danış: işğal altında olan torpaqlarda məskunlaşma prosesi gedir,iri lahiyələr həyata keçirilir,infrastrüktur qurulur,hərbi təlimlər keçirilir,hər ay hərbi qulluqçuların ailələri üçün yaşayış binaları istifadəyə verilir və s..Biz nə edirik: 6 aydan bir XİN görüş keçirib Məlikməmmədin nağılını danışır.

Hellas 2020-05-24 09:00:02

Sizler kimi cib muxalifeti olduqdan sonra o bayraqlar chox lazimdir?

Ağayev Ağahüseyn 2020-05-24 03:40:36

QARABAQ "deputat",Xankəndi bizimdir deyib, yatmaq kimə və nəy xidmət etdiyinin FƏRQİNDƏSƏNMİ.Mən fikirləşirdim sız fərqli olacaqsınız.MÜHARİBƏ- MÜHARİBƏ.KİM ĞETMƏSƏ ALLAH ONUN ÖLƏNLƏRİNİ ĞORBAĞOR ETSİM.BİRİNCİ SƏN VƏ MƏN.

Səid 2020-05-23 21:39:18

Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımız düşməni məhv edib atıldılar döyüşə və axırı nə ilə bitdi?

vətəndaş 2020-05-23 18:44:26

Sən millətin xalqın adından danışma. Hələ millət xalq sən adda nəinki deputat heç bir insan şəxsiyyət kimi də kim olduğunu bilmir. 2-cisi də bu xalq hmişə öz torpağı uğrunda ölməyə şəhid olmağa hazırdır. Necə ki, hər gün cavan oğullarımız şəhid olurlar. 2-cisi də bu xalq o xalqdır ki, bu müharibə başlayanda kütləvi surətdə milli orduya axışdı və öz torpağımız uğrunda canlarını verdilər. Bu xalqa millətə qarşı hörmətsizlik etmə. 2 gündür deputat olmusan artıq……

Vətən oğlu 2020-05-23 13:33:46

Ay "deputat",Xankəndi bizimdir deyib, yatmaq kimə və nəy xidmət etdiyinin fərqindəmisin?...Düşmən torpaqlarımızda at çapır, tikir.yollar.çəkir sən və sənin kimilər ölkə daxili auditoriyanı düşmənə qarşı səfərbər etmək əvəzinə yatırdırsınız.Sizlər kimsiniz? Nəyə xidmət edirsiniz?

Əli 2020-05-23 13:13:28

çox məntiqsiz yazıdır. Yazının b) və c) bəndindən başqa digər punktlar yaramır.Deputatın yazısı yumşaq desək reallıqdan uzaqdır.

REALçı nəzəriyyəsinə 2020-05-23 12:34:07

Cəmiyyət daha savadsız olsaydı Qarabağı 30 yox, bir il işğalda qoymazdı!

Son yazılar