[caption id="attachment_59325" align="alignleft" width="260"] Əli Gülalıyev[/caption]
Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin işi üzrə prosesi davam etdirib.
Əli Gülalıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur, polis nəzarətindədir. O, ötən il sentyabrın 23-də Bakıda, yaşadığı NZS qəsəbəsində döyülüb və xəsarət alıb, xəstəxanada əməliyyat olunub. Cinayət işinin materiallarına əsasən, həmin ərəfədə Əli Gülalıyev oxuduğu 165 saylı orta məktəbdə Bayram Sultanov adlı şəxslə dalaşıb.
Əli Gülalıyevin yaxınlarının “Media forum” saytına verdiyi məlumata görə, 3 oktyabr iclasında zərərçəkən tərəf iştirak etməyib: “Şahid qismində məktəbli Elnur Babayev ifadə verdi. Onun məhkəmədə dedikləri istintaqda verdiyi ifadədən fərqli oldu. Bildirdi ki, hadisəni görməyib, bu barədə məlumatsızdır, istintaqa məktəb direktoru və polisin təzyiqi altında ifadə verib. Onu aldadıblar ki, guya videokameraya düşüb. Məlum oldu ki, istintaqa verdiyi ifadəni polis yazıb, o da həmin ifadəyə qol çəkib”.
Məhkəmə digər şahidlərin məhkəməyə gətirilməsi ilə bağlı qərar çıxarıb. Proses oktyabrın 15-də davam edəcək.


Şərhlər