“KORONAVİRUS LİDERİNƏ” ÇEVRİLƏN ERMƏNİSTAN... – İşğalçı ölkədə vəziyyət fəlakət həddindədir

Yaxud Azərbaycanla Ermənistanın koronavirus statistikasındakı kəskin fərq

Hər addımında “dahiliyini” göstərən Ermənistanın Baş naziri Nikol Paşinyan özünün koronavirusa yoluxmasının səbəbkarı kimi ona məclislərin birində su verən ofisiantı göstərmişdi. Demişdi ki, hətta həmin şəxsə əlcək taxmadığı üçün iradını da bildiribmiş. Ancaq buna baxmayaraq, görünür şübhələndiyi əlcəksiz ofisiantın verdiyi suyu içməmək kimi sadə bir fikri heç cür ağlına gətirə bilməyibmiş...

Əlbəttə ki, ermənilərin neçə faizinin Paşinyanla eyni ağılda olduğunu demək çətindir. Lakin rəsmi statistika göstərir ki, işğalçı ölkənin əhalisi əsas etibarilə karantin tələblərinə və gigiyena qaydalarına riayət etmir. Özü də bu sarıdan hətta “əziz-xələf” qonşusu İran da daxil olmaqla, bütün qonşu ölkələri üstələyir. Belə ki, ötən sutka ərzində Ermənistanda 596 yeni yoluxma və 7 yeni ölüm faktı qeydə alınıb. Ümumilikdə ölkədə koronavirusla bağlı olan ölüm hallarının sayı 250-ni keçib. Onların 183-ü birbaşa koronavirus səbəbindən ölüb, 69-u isə digər xəstəliklərdən öldükləri gümün edilən, lakin koronavirus daşıyıcısı olanlardır.

Ümumi yoluxanların sayı 11.817, sağalanlar isə 3.513 nəfərdir. Ölkə üzrə aparılan ümumi test sayı 65.161-dir.

Müqayisə üçün qeyd edək ki, ötən sutka ərzində Azərbaycanda 262 nəfərin koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Azərbaycanda indiyədək 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib. Keçirilən ümumi test sayı 322.574-dür.

Göründüyü kimi, əhalisi Azərbaycan əhalisindən 3.3 dəfə az olan Ermənistanda yoluxma sayı bizdən az qala 2 dəfə, ölüm halları isə təxminən 3 dəfə artıqdır. Özü də Ermənistanda test olunanların ümumi sayı Azərbaycanla müqayisədə 5 dəfə(!) azdır ki, bu da yoluxanların gerçək sayının daha çox olduğuna dair qənaət yaradır.

Elə N.Paşinyan da son çıxışlarının birində rəsmi statistikada yer almayan ən azı 30 min erməninin koronavirus daşıyıcısı olduğunu bildirib. Baş nazir həmçinin qeyd edib ki, artıq bu gedişlə Ermənistanda xəstəxanalar bütün xəstələri yerləşdirmək qabiliyyətini itirəcəklər.

Paşinyan deyib ki, bu templə onlar tezliklə koronavirus statistikasına görə İtaliyanı keçəcəklər. Belə ki, artıq iyunun ilk günlərində Ermənistan hər 1 milyon əhaliyə düşən yoluxma sayına görə İranı və Fransanı ötərək, İtaliyaya yaxınlaşmağa başlayıb.

Ancaq maraqlıdır ki, bütün bunlara baxmayaraq, sərt karantin tədbirləri tətbiq olunmur. Artıq xeyli vaxtdır ki, ölkədə bütün növ sahibkarlıq fəaliyyətləri bərpa olunub, müəssisələr işləyir. İctimai nəqliyyatda heç bir məhdudiyyət yoxdur. Bir sözlə, yalnız təhsil müəssisələri istisna olmaqla, demək olar bütün sahələr əvvəlki qaydada fəaliyyət göstərir.

Ermənilərin özlərinə gəlincə, onların böyük əksəriyyəti bu virusun ölkəyə iranlı “dostları” tərəfindən, xüsusilə də işğal olunmuş Dağlıq Qarabağ bölgəsi vasitəsilə gətirildiyi qənaətindədirlər. Bunu koronavirusun ilk yayıldığı vaxtlarda İrana məxsus yük avtomobillərinin Azərbaycanın işğal altında olan

Dağlıq Qarabağ ərazisinə yanacaq daşımasını əks etdirən kadrlardan da görmək olardı. Ermənilər bu maşınlarla onlara təkcə yanacaq deyil, virus da daşındığını bildirirdilər...

Bununla yanaşı, ermənilərin əhəmiyyətli hissəsi hökumətin koronavirus statistikasına şübhə ilə yanaşır. Məlum olduğu kimi, demək olar bütün dünya ölkələrindəəhali arasında koronavirus statistikasına şübhə ilə yanaşma tendensiyası mövcuddur. Xüsusilə də başında avantürist, qeyri-ciddi şəxslərin durduğu, eləcə də xarici yardımlarla yaşamağa adət etmiş ölkələrdə bu statistika daha çox şübhə altına alınır.

Bu baxımdan Ermənistandakı statistikanın həqiqəti əks etdirdiyi, yoxsa hansısa məqsədlər üçün şişirdildiyinə dair qəti fikir söyləmək çətindir. Ona görə də Ermənistanda kororonavirusla bağlı vəziyyətin az qala fəlakət həddində olduğunu deyən Paşinyan hökumətinin statistikasına şübhə ilə yanaşanları anlamaq çətin deyil – necə deyərlər, “yalançının evi yandı, heç kəs ona inanmadı”.

C.Məmmədov

AzPolitika.info     

635x100

Şərhlər

Oxucu 2020-06-06 18:04:24

Ermənilər beynəlxalq təşkilatlardan və böyük dövlətlərdən pul qoparmaq üçün koronovirus təbliğatını aparırı.

Əli 2020-06-05 17:57:48

Açığı istərdim korona üzrə çempionluq dünya üzrə ermənistana qismət olsun

Son yazılar