11.01.2020-ci il tarixli sayımızda dərc edilən “BANK STANDARD”IN "153 SİRRİ" ÇÖZÜLDÜ! - Məşhur bankı müflis edənlərin ŞOK SİYAHISI, tanınmış simalar” adlı məqalədə sözügedən bankdan külli miqdarda kredit götürüb, qaytarmayan şəxslərdən və şirkətlərdən söz açılırdı.
“AzPolitika.info”-ya banka yaxın mənbələrdən daxil olan məlumatlar əsasında hazırlanmış yazıda “BANK STANDARD”-a borcu olan şirkətlərdən biri olaraq, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədova aid olan “Caspian Real Estates Limited” MMC şirkətinin də adı keçirdi.
Redaksiyamıza “Baku Caspian Real Estates Limited” MMC-nin direktoru Nail Murad oğlu Şahverdiyevin adından daxil olan məktubda isə deyilir ki, qeyd olunan məlumat həqiqəti əks etdirmir: “Nəzərinizə çatdırırıq ki, Fərhad Əhmədovla və Fərhad Əhmədovun təsisçiliyi ilə yaradılmış, Azərbaycan Respublikasının hüquqi şəxsi olan “Baku Caspian Real Estates Limited” MMC ilə bağlı həmin məqalədə dərc olunanlar həqiqətə uyğun deyildir.
Belə ki, nə Fərhad Əhmədovun, nə də ki, Fərhad Əhmədovun təsisçisi olduğu “Baku Caspian Real Estates Limited” MMC-nin “Bank Standard”da hətta hesablaşma hesabları belə olmamışdır, nəinki - kreditlər”.
“AzPolitika.info” olaraq, həmin yazıda bizdən asılı olmayan səbəblərdən gedən yanlış məlumata görə, Fərhad Əhmədova və oxucularımıza üzrxahlığımızı bildiririk.
AzPolitika.info


Şərhlər