Oktyabrın 3-də İsveçin yeni solçu hökuməti Fələstini tanıyacağı ilə bağlı söz verib.
Bu, İsrailin sonuncu ərazi işğalına qarşı Avropa İttifaqından gələn ciddi tənqiddir. Xəbəri “EUobserver” yayıb.
Baş nazir Stefan Lofven öz inaqurasiya nitqində bu məsələyə: “İsrail və Fələstin arasındakı konflikt ancaq iki dövlətin arasında beynəlxalq hüquq çərcivəsində aparılan danışıqlarla həll oluna bilər. Danışıqlar həm Fələstinin, həm də İsrailin milli suverenlik və təhlükəsizliklə bağlı tələblərinə zəmanət verməlidir”, - şəklində münasibət bildirib.
“İki dövlət arasındakı həll yolu qarşılıqlı tanınma və birgə mövcud olma niyyəti tələb edir. Buna görə də İsveç Fələstin hökumətini tanıyacaq”, - o əlavə edib.
Qeyd edək ki, bu, Aİ üzvü tərəfindən atılmış ilk bu cür addımdır. Altı keçmiş kommunist Aİ ölkələri, o cümlədən Kipr və Malta Aİ-yə üzv olmamışdan öncə, hələ 1980-cı illərdə Fələstini tanıyıblar.
Amma onların Aİ-dən əvvəlki mövqeləri bu gün çox az əhəmiyyət kəsb edir: 2012-ci ildə Fələstin BMT-dən onu “müşahidəçi dövlət” kimi tanımasını istəyəndə, Çexiya məsələnin əleyhinə səs verən yeganə Aİ dövləti idi, baxmayaraq ki, 1988-ci ildə Fələstinin suverenliyini tanımışdı.
Bundan əlavə, digər 14 dövlət lehinə səs verərkən, qalan üzvlər bitərəf qalaraq blokda davam edən bölgü ilə razılaşdıqlarını ifadə etmişdilər.
Lofvenin elanı həm isveçliləri, həm də Aİ diplomatlarını təəccübləndirib.İsveç mənbəli sayt bildirib ki, “bu, sosial-demokratlar partiyasında böyük bir dəyişiklikdir”. Aİ nümayəndəsi isə qeyd edib ki, Fələstin Avropada “lobbiçilik kampaniyasında” bir neçə pillə qalxıb: “Onlar ümid edirdilər ki, Fransa Fələstin Prezidenti Abbasın ötən ay olan Paris səfərindən sonra hər hansı addım atacaq, ancaq bu, baş vermədi”.
Qeyd edək ki, İsveçin atdığı addım Aİ-nin 28 üzv dövlətinin İsrailin Şərqi Yerusəlimdə yeni yaşayış məskənləri salmasını tənqid edən bəyanatıyla eyni günə təsadüf edir.
Aİ bəyanatda “qınayırıq” kimi kəskin ifadələrdən istifadə edib və bildirib ki, “Aİ ilə İsrail arasında münasibətlərin inkişafı sonuncuların davamlı sülhə göstərdikləri səylərdən asılıdır.”
Bəzi analitiklər bunu gözlənilən addım kimi qiymətləndirirlər. Ancaq Aİ nümayəndəsi qeyd edib ki, istifadə olunmuş ifadələr yeni deyil. “Sözlər yeni deyil və Aİ Şurasının bu yaxınlardakı yekunlarından götürülüb”, - nümayəndə fikrinə aydınlıq gətirib.
Avropa Komissiyası hazırda Aİ mənşəli pərakəndə satış etiketləri üçün kodlar hazırlayır, amma iş hələ davam edir.
Bu yaxınlarda Aİ bildirib ki, İsrail ərzaq təhlükəsizliyi orqanlarının Fələstində heç bir yurisdiksiyası yoxdur və buna görə süd və quşçuluq məhsullarının ixracına qadağa qoyub. Amma bu, siyasi sanksiya deyil, sadəcə Aİ qanunvericiliyinin tətbiqidir.
Yeni yaşayış yerləri Şərqi Yerusəlimin son 10 ildə ilk dəfə genişləndirilməsidir. Aİ nümayəndəsi bildirib ki, bu məsələ çox həssasdır. Çünki Silvandakı birinci blok qədim şəhərin bir hissəsi olub, həm yəhudi, həm də müsəlmanların müqəddəs yerlərini əhatə edir. Givat Hamatosdakı ikinci blok Yerusəlim şəhərini ancaq yəhudilərin yaşadığı haqlavari ərazi ilə əhatə edir. Nəzərə alsaq ki, Yerusəlimi hər iki tərəf paytaxt elan etmək istəyir, bu cür blok iki dövlət arasında həll yoluna maneədir. /eunews.az


Şərhlər