"Məlumdur ki, hərbi parad və referendum koronavirus pandemiyasına görə təxirə salınmışdı. Amma Rusiya prezidenti Vladimr Putin riskli qərarlar alaraq gözlənilmədiyi halda iyunun 24-ə hərbi parad, iyulun 1-ə isə referendum təyin etdi. Hesab edirəm ki, virusa yoluxmanın səngimədəyi Rusiyada belə qərarların verilməsi Putinin şöhrətpərəstliyindən irəli gəlir".
Bu fikirləri "AzPolitika.info"-ya politoloq Elxan Şahinoğlu Rusiyada İkinci Dünya Müharibəsinin 75-ci ildönümünə həsr olunmuş hərbi paradı və Azərbaycan prezidentinin tədbirə qatılmamasını şərh edərkən bildirib.
Xatırladaq ki, Moskvanın dəvətinə Azərbaycan tərəfi Müdafiə Nazirliyinin 75 hərbi qulluqçusunu və nazir Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyətini göndərmişdi.
Paradala bağlı təəssüratlarını bölüşən E. Şahinoğlu deyir ki, Rusiya prezidentinin maskadan istifadə etməməsi onu təəccübləndirib: "Mən diqqət elədim, Putin veteranlarla, hərbçilərlə görüşərkən nə maska taxmışdı, nə də sosial məsafə gözlənilirdi. Eləcə də hərbi parad zamanı maskadan istifadə edilmədi. Aydın məsələdir ki, o tədbirdə sosial məsafəni gözləmək mümkün deyildi".
Prezident İlham Əliyevin tərbirə qatılmamasına gəlincə, Elxan Şahinoğlu deyir ki, Azərbaycanın Ermənistandan fərqli olaraq paradda iştirak etməklə bağlı vədi olmayıb.
"Paşinyan söz versə də Moskvaya getmədi. Azərbaycan liderinin pandemiyaya görə, paradda iştirak etməməsində isə qeyri-adı nəsə axtarmağa ehtiyac yoxdur"-deyə politoloq vurğulayıb.
E. Şahinoğlu deyir ki, tədbirdə ancaq Rusiyanın strateji müttəfiqləri Tacikistan, Qazaxıstan, Belarus, Özbəkistan və s ölkələrin liderləri qatılmışdılar: "Azərbaycan isə Rusiya ilə müttəfiq deyil, tərəfdaş ölkədir. Azərbaycanın müdafiə naziri heyətlə paradda iştirak edirdi və bunu tamamilə normal sayıram. İkinci Dünya Müharibəsində Azərbaycanın 600 mindən çox vətəndaşı iştirak edib və onların yarısı həlak olub. Bu qələbədə bizim də payımız var".
Politoloqun sözlərinə görə, hərbi paradda iştirak edən Qırğızıstan nümayəndə heyətində virusa yoluxanlar aşkara çıxıb və onların tədbirə qatılması nə qədər insanı yoluxdura bilərdi.
"Ona görə də Azərbaycanın dövlət başçsının paradda iştirak etməməsini doğru qərar sayıram və bunun iki ölkə arasında münasibətlərə təsir edəcəyini düşünmürəm"- deyə Elxan Şahinoğlu vurğulayıb.
AzPolitika.info


Şərhlər