“MASKA YOLUXMA RİSKİNİ 5 DƏFƏ AZALDIR” – Tanınmış həkim vətəndaşlara çağırış etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib.

Təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus maska taxmaq üçün verilən tövsiyələrin dəyişdirildiyini bildirib. Onun sözlərinə görə, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır: "Aşkar edilmiş dəlillərə görə, ÜST hökumətlərə virusun geniş yayıldığı və fiziki məsafə saxlanılmasının çətin olduğu yerlərdə maskalardan istifadə etmələrini tövsiyə edir. Belə yerlərə ictimai nəqliyyat, supermarket və digər qapalı məkanlar daxildir".

Bununla da ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib. Qeyd edək ki, indiyə qədər ÜST tibbi maskanı yalnız koronaviruslu xəstə insanların taxmasını tövsiyə edirdi.

Azərbaycanda maska taxmaq məcburidir və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilib və cərimələr müəyyənləşdirilib. Belə ki, maska taxmamağa görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Tanınmış həkim-farmakoloq Müşfiq Hüseynov "AzPolitika.info"-ya şərhində Amerika Xəstəliyə Nəzarət Mərkəzinin yaydığı son məlumatlara istinad edərək deyib ki, virusdan qorunmaq üçün maska və sosial məsafə vacibdir. "Bundan başqa virus əşyalardan və səthdən bulaşmır. Açıq havada olan zaman sizin virus tutmağınız ehtimalı çox aşağıdır. Bütün növ qapalı məkanlarda (AVM, Moll, teatr, muzey, restoran, kafe, hamam, sauna, hovuz və s. və i.a) sizin yoluxma ehtimalınız çox yüksəkdir. Sizin xəstələnməniz üçün 1000 vahid virus daşıyıcı zərrəcik (vz) qəbul etməniz gərəkir. Bunun nə demək olduğunu belə açıqlayaq: Yoluxmuş insanla yaxın kontaktda danışdığınız zaman siz 1 dəqiqədə 200 vz, özkürmə və asqırma zamanı isə 200 milyon vz alırsız. Əgər danışdığınız adam sizdən 2 metr məsafədədirsə, 1 dəq 45 dəqiqə ilə əvəz olunur. Əgər maska taxmısızsa, bu rəqəm 4 dəqiqəyə qədər uzanır. Havalandırması yüksək məkanlarda bu risk çox aşağı düşür. Bununla belə, bütün növ toplantılar (yas məclisləri, gizlin partilər, doğum günü tədbirləri və s.) çox riskli sayılır", - həkim bildirib.

Bəs maska və sosial məsafə insanları virusdan tam olaraq qoruyurmu?

Müşfiq Hüseynov qorumadığını deyir. Həkim əlavə edir ki, yoluxma riskini, ən az 5 dəfə azaldır: "Demək ki, qorunmaq üçün əsas şərt kompleks tədbirlərin həyata keçirilməsidir. Maskanı taxıb, maksimum diqqətli olub, sosial məsafəni gözləyib, əhalinin kütləvi toplaşdığı məkanlardan gərək olmadıqca uzaq gəzmək, sağlıqlı yaşamınıza diqqət etmək və s. Bu gün üçün bildiyimiz bu qədərdir. Bunlara əməl etmək yetərli sayılır”.

Ekspertin sözlərinə görə, bu və ya digər səbəbdən insanlar hər gün yoluxucu olmasa da, zərərverici, yəni, 1000 deyil , 600-700 dərəcədə vz qəbul edir: "Düşünürəm ki, hər kəs buna məruz qalır, hətta ən diqqətli və qorunan insanlar belə. O zaman sizin immunitetiniz önə çıxacaq. Əgər siz praktiki sağlam, qidasına və yuxu rejiminə fikir verən, hər gün yüngül də olsa, idman hərəkətləri edib, şəxsi gigiyenanıza əməl edirsizsə, qaraciyəriniz kiçik miqdarda vz neytrallaşdırır. Əks halda orqanizm virus yüklənməsinin öhdəsindən gələ bilmir. Xüsusilə risk qrupuna daxil insanlarda immunitet çox aşağı olur. Onlar daha çox diqqət etməlidir”.

M.Hüseynov hesab edir ki, hazırki vəziyyətdən yeganə çıxış yolu maskaların ya pulsuz, ya da simvolik qiymətə satılmasıdır: "Maskasız gəzməyə görə çox yüksək cərimələr tətbiq edilməlidir. Bununla yanaşı, əhali arasında maarifləndirmə işləri gücləndirilməldir. Dövlət özünün təbliğat maşınının işini yenidən qurmalı, bu işi obtektiv, intellektli və daha layiqli insanlara tapşırmalıdır".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar