Türkiyə Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Adnan Özbal BMT tərəfindən tanınmış Liviya Milli Razılıq hökumətinin (MRH) hərbi komandanlığı ilə danışıq aparmaq üçün Tripoliyə səfər edib. Bu barədə «Hurriyet Daily News» nəşri xəbər verib.
Bu görüş NATO ölkələri nümayəndə heyətlərinin Tripoliyə gözlənilən səfəri ərəfəsinə təsadüf edir. İyun danışıqlarının nəticələrinə görə, hər iki tərəf 2019-cu ilin noyabrında Ankara və Tripoli arasında imzalanmış sazişə uyğun olaraq, hərbi sahədə və təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəlib.
Türkiyə HDQ komandanı Liviya MRH silahlı qüvvələri Baş qərargahının rəisi Mohəmməd aş-Şəriflə Tripolinin «Abu-Sitta» hərbi-dəniz bazasında görüşüb. Danışıqlardan sonra hər-hansı bəyanat səsləndirilməyib.
Xəbər verildiyi kimi, Türkiyənin Liviya sahillərində və ümumiyyətlə, Aralıq dənizində aktivliyi Misiri təcili tədbirlər görməyə məcbur edir. Hərbi ekspertlər qeyd edirlər ki, iyunun ortalarında Misir Rusiyadan «Bastion» gəmi əleyhinə raket kompleksləri almaq planını sürətləndirib - öz sahillərinin və Aralıq dənizindəki qaz yataqlarının təhlükəsizliyini təmin etmək məqsədilə.
Aralıq dənizində qarşılaşdığı problemlərin fonunda Misir özünün hərbi-dəniz potensialını möhkəmlədir. Türkiyənin Misuratda hərbi-dəniz bazası yaratmaq fikrində olduğu barədə «Yeni Şəfəq» qəzetinin yaydığı xəbər Qahirəni xüsusilə narahat edib.
Yayılan son xəbərlər Misirin tədricən Liviya münaqişəsinə sürükləndiyindən xəbər verir.
AzPolitika.info


Şərhlər