JUNALİSTLƏRƏ EV NİYƏ VERİLİR?

Elxan ŞÜKÜRLÜ, 

“Strateq.az” saytının baş redaktoru

Artıq jurnalistlər üçün tikilən 255 mənzilli üçüncü bina açılışa tam hazır olduğundan və iki həftə sonra da Azərbaycan mətbuatı 145-ci ildönümünü qeyd etməyə hazırlaşdığından, media və sosial şəbəkələrdə yeni binadakı mənzillərin necə bölüşdürüləcəyi ciddi müzakirə mövzusuna çevrilib.

Üstəlik, əvvəlki iki binanın tikintisi və paylanmasında o qədər yeyintiyə, cinayətlərə və ədalətsizliyə yol verilib ki, çox az zaman qalmasına baxmayaraq, üçüncü bina ilə bağlı prosesin necə aparılacağı hədsiz maraqla izlənməklə yanaşı, həm də hökumətin media siyasətini müəyyənləşdirən yeni şəxslərin “ilk imtahanı” sayılması sarıdan da cəmiyyətin diqqətinin fokuslandığı məsələyə çevrilib. Nəticələrin necə olacağını hələlik heç kim bilməsə də, indilikdə müzakirələrdə diqqət çəkən və dartışılan, etiraz əhval-ruhiyyəsi yaradılan əsas fikirlərdən biri budur ki, dövlət jurnalistlərə niyə ev verməlidir? Əsaslandırması da budur ki, verilən evlər jurnalistlərin satın alınmasına xidmət edir, onların azadlığını boğur, onları hakimiyyəti tənqiddən yayındırır və məddaha çevirir...

Əlbəttə, çox yaxşı olardı ki, bu arqumentin nə qədər əsaslı olub-olmamasını əvvəlki iki binadan mənzil sahibi olan jurnalistlər cavablandırsınlar. Çünki yalnız onların özləri yaxşı bilirlər ki, o mənzilləri necə, hansı şərtlərlə alıblar və bu mənzillər onların fəaliyyətini necə məhdudlaşdırıb...

Əgər hər iki binada ümumilikdə 400-dən çox mənzil sahibi olan “jurnalist” indi bir neçə nəfərin bu ittihamlarına susqunluqla və laqeydliklə cavab verirsə, deməli, bu, 3 konkret halla bağlıdır:

Birincisi, deyilənlər həqiqətdir və onlar hansısa öhdəliklər müqabilində mənzillə təmin olunublar və buna görə də susurlar;

İkincisi, əksəriyyəti o mənzilləri almağa layiq olmadıqlarını, haqlarının çatmadıqlarını bilir və ona görə susurlar;

Üçüncüsü, sosial şəbəkələrdə güclü olan aqressiv müxalif ictimai rəyə uduzacaqlarından ehtiyatlanıb, sadəcə qorxularından susur, ağrımaz başlarına dəsmal bağlamaq istəmirlər...

Ancaq qədim romalılar demiş, yalnız təmiz vicdan nə yalanlardan qorxar, nə də şər və böhtanlardan!

Elə vicdanın səsini də əsas götürərək, gəlin, biz də hələlik ona baxaq, görək, dövlət jurnalistə niyə ev verir və bu evvermə məsələsi niyə bəzi çevrələrdə bu qədər aqressivliklə və narahatçılıqla qarşılanır? Doğrudanmı, dövlətin öz jurnalistinə ev verməsi qəbahətdir?

Əvvəla, jurnalistikanı digər peşələrdən fərqləndirmənin və seçdirmənin əleyhinə olanlara xatırladaq ki, jurnalistlər dünyanın ən güclü silahıyla – informasiya ilə işləyən peşə sahibləri sayılırlar. İnformasiyanın və informasiya ilə işin nə demək olduğunu bilməyənə, anlamayana bunun heç uzun-uzadı izahını verməyə dəyməz. Qısaca desək, jurnalist işi kəşfiyyatçı işidir – yeganə fərq odur ki, biri açıq, digəri qapalı informasiya ilə işləyir. Hətta jurnalist ictimai rəy formalaşdırma imkanlarına görə, kəşfiyyatçıdan bir addım da öndə gəlir. Necə deyərlər, yaxşı jurnalist həm də yaxşı kəşfiyyatçıdır, ancaq yaxşı kəşfiyyatçı hələ yaxşı jurnalist demək deyil...

Nəzərə alsaq ki, Azərbaycan qonşusu Ermənistan tərəfindən ərazisi işğal edilən və müharibə şəraitində olan bir ölkədir, üstəlik də, yerləşdiyi coğrafiya ABŞ, AB, Rusiya, İran, İsrail, Türkiyə, Çin kimi regionda ciddi maraqları olan güc mərkəzlərinin milli təhlükəsizlik strategiyalarında yer almış strateji bölgələr siyahısındadır, deməli, Azərbaycan jurnalistikası da, ilk növbədə, bu ölkələrin xüsusi xidmət qurumlarının həm ölkəmizə, həm də bir-birlərinə qarşı apardıqları ideoloji-təbliğat və kəşfiyyat-informasiya işinin və savaşının açıq hədəfi, obyekti halındadır.

Yəni, bu gün “Jurnalistlərə dövlət niyə ev verməlidir?” sualını qoyanın mediadan anlayışı varsa, bilməlidir ki, Azərbaycan dövləti, ilk növbədə, milli təhlükəsizlik maraqları baxımından, düşmənin açıq hədəfində olan ən həssas bir sahəyə - öz jurnalistikasına sahib çıxır, onun maddi maraqlar müqabilində kənar təsirlər altına düşməsinin qarşısını alır, bir növ, önləyici siyasət həyata keçirir.

Axı bu bir gerçəklikdir ki, Azərbaycan jurnalistikası hədəfdə olduğu qədər, həm də əhalinin nisbətən kasıb və ziyalı təbəqəsinin məskunlaşdığı, fəaliyyət göstərdiyi bir sahədir.

Müstəqillik qazandığımız son 29 ilin media təcrübəsi göstərir ki, bu təbəqənin maddi çətinliklərindən təkcə xarici xüsusi xidmət orqanları yox, elə ölkənin daxilində hakimiyyət uğrunda mübarizə aparan siyasi təşkilatlar da məharətlə istifadə etməyə, yararlanmağa çalışıblar.

Baxın, nə qədər ki, Azərbaycan jurnalistikasının ən iti, ən sərrast qələmləri müxalifət partiyalarının maliyyəsi ilə fəaliyyət göstərən media resurslarının - qəzetlərin və agentliklərin ətrafında cəmləşmişdi, müxalif düşərgə liderləri də ictimai rəydə çox populyar idilər, cəmiyyətə təsiretmə imkanları da çox yüksək idi; elə ki, hökumət daha əlverişli şərtlərlə bu jurnalistləri öz nəzarətindəki media qurumlarına cəlb etməyi bacardı, əksər müxalifət liderlərinin də üfürülmüş sabun köpüyündən başqa bir şey olmadıqları, bütün mübarizələrinin də elə qəzet səhifələrində qurulduğu üzə çıxdı...

Deməli, Azərbaycan dövlətinin jurnalistikaya bu cür həssas münasibəti həm də əhalinin bu kasıb və ziyalı kəsimini siyasi mübarizə aləti olmaqdan çıxarıb, öz həqiqi təyinatına qaytarmaq missiyası daşıyır.

Çünki xaricdən idarə olunmayan və hansısa dar siyasi maraqlara xidmət etməyən, yalnız dövlət maraqlarını, peşə prinsipləri və etikasını əsas götürən jurnalistika təhlükə yox, dövlətlə cəmiyyət arasında qırılmaz rabitəni, qarşılıqlı nəzarəti və çəkindirməni təmin edən ən yaxşı ictimai nəzarət institutu olmaqla, həm də ölkəsinin inkişafını istəyən bir dövlət başçısına yardım göstərəcək ən təsirli hakimiyyət qoludur...

Diqqət yetirsəniz, bir qədər araşdırma aparsanız, yaxşı görərsiniz ki, hazırda sosial şəbəkələrdə “Dövlət niyə jurnalistlərə ev verməlidir?” ittihamını səsləndirənlərin və ev almaq arzusunu dilə gətirənlərin üzərinə “Yox, azad media gərəkdir” qamçısıyla hücuma keçənlərin əksəriyyəti ya xarici xüsusi xidmət orqanlarına bağlı mediada işləmiş və işləyən jurnalistlər, ya da hakimiyyətə gəlmək arzusuyla yaşayanların, ancaq buna nail ola bilməyənlərin şəbəkəsində yer alan şəxslərdir...

Onları anlamaq olar – çünki dövlət öz vətəndaşına sahib çıxdıqca, həmişə zəifləyən düşmənləri, rəqibləri olar.

Ancaq bu xorda anlaşılmayan dövlətin yaxşı bir siyasətini uzun illər özlərinin şəxsi varlanmaq vasitəsinə çevirənlərin ölü sükutu, laqeydliyi və bir də bəzilərinin aradabir çıxardıqları “xaric səslər”dir.

Görünür, onlar çox istəyirlər ki, budəfəki mənzil bölgüsü əvvəlki iki binanın paylanması zaman çıxan hay-küydən daha böyük hay-küy və rezonans doğursun...

Gəlin, inid əyləşib, səbrlə gözləyək 22 iyulu: görək, “yenilər” də “köhnələr” kimi, dövlət başçısının xoş bir məramını, mühüm bir addımını onun düşmənlərini və rəqiblərini gücləndirmək siyasətinə çevirəcəklər, yoxsa həqiqi ədalətli bölgüylə əvvəlki ədalətsiz bölgüləri aparmış nadürüstlərin və görməmişlərin sifətini tüpürcək lövhəsinə döndərəcəklər?!

Səbrli olun, səbrli olan udar və Allah da səbrli olanları sevər! Və müdriklərin məşhur kəlamını da unutmayın: “Ən qorxulu qəzəb səbrlilərin qəzəbidir”...

635x100

Şərhlər

Jurnalist 2020-07-22 22:24:11

Azrbaycanda iqtidara yaltaqlananlar,həqiqəti gizlədənlər,28 ildir haqsız mükafatlandırılırlar.

Kərəm 2020-07-15 20:39:37

Yaltaq,yalan yazan jurnalistləri iqtidar evlə mükafatlandırırBəs niyə onlardab dəfələrlə ölkəy,millətə faydalı olanmühəndislər,müəllimlər.elm adamları,həkimlər belə mükafatlandırmaya layiq görülmür.

Əbülfət Kərimova 2020-07-15 20:36:32

.....Müsavat qəzetlərinin indiki və 15 il öncəki nəşrlərinə baxsanız,.müqayisə etsəniz ...

Əli 2020-07-14 22:38:24

Mən körpütikən mühəndisəm. Mən də düşmən kəşfiyyatı üçün maraqlı obyektəm Qohumum dəmiryolunda çalışır Bəs onunölkınin təhlükəsizlliyi üçün əhəmiyyəti azdır. Bəs aviadispeçer işləyən tanışımın necə? Bütqün bu beşələrin ölkə təhlükəsizliyi üçün əhəmiyyəti jurnalistin əhəmiyyətindən dəfələrlə çoxduer ki, az deyil. Bəs niyə görə onların könlünü almaq üçün beləəldən-ayaqdan gedirlər, belə ayrı -seçkilik nə deməkdir?

[email protected] 2020-07-08 14:55:19

Mən Rauf Arifoğlunu və Müsavat qəzetini iqtidaryönlü hesab edirəm. u

Sadəddin 2020-07-08 14:14:20

Hakimiyyət niyə ayrıseçkilik edir?Jurnalistlər mühəndislərdəç.həkimlərdən,müəllimlərdən.neftçilərdən və digər zəhmətkeşlərdən nə ilə frqlənirki,onlara hökumət pulsuz,növbəsiz ev bağışlayırBəlkə bu onlara obyektivsizliyin.iqtidara yaltaqlanmaın,həyata bir tərəfli münsibətə görə,iqtidara tərifnamələr yazdıqlarına görə mükafatdır?bunu necə başa düşmək olar?Ölkədə çadırlarda,şəraitsiz yerlərdə yaşamağa məcbur olan kifayət qədər insan,əlil,veteran olduğu halda bu nə hoqqadır?ttr?k

Alim 2020-07-08 13:11:19

O nece olur ki, jurnaliste neyin se muqabilinde ev verib sonrada deyirler ki, mediya musteqil olmalidir. Pul verilen qazetlerin hec biri musteqil deyil hamisi rehmetlik Xelil Rza demish o meseledir. Bu evleri birqrupa verib digerine vermemekde edaletsizlikdir. Indi neftde ishleyenler en yuksek mash alir, pulsuz evle temin olunur, guzetli sherlerle pensiyaya cixir. Butun sahelerde calishanlara eyni derecede qaygi gosterilmemelidir. Bu jurnalistler ki, pul alan qazetlerde ishleyirler, evlerde ele onlara verilecekdir. Aydin meseledir ki, pinecinin iynesi olan kimi jurnalistinde qelemi var.

Ramazan SİRACOĞLU 2020-07-08 13:06:46

“Sovet qoşunlarının məhdud saylı heyəti” Əfqanıstanda “beynəlmiləl borcunu” yerinə yetirəndə mənə gözlənilmədən hərbi komissarlıqdan çağırış vərəqi gəlmişdi. Ertəsi gün hərbi komissarlığa, 3-cü şöbənin rəisi Pryamonosov (Düzburunov ) soyadlı şəxsin hüzuruna getmiş, nə üçün çağırıldığımı soruşanda o da mənə SSRİ Konstitusiyasının 63-cü maddəsini xatırlatmışdı: “SSRİ Silahlı Qüvvələrinin sıralarında hərbi qulluq sovet vətəndaşlarının şərəfli borcudur.” Mən də ona həmin Konstitusiyanın 44-cü maddəsi ilə cavab vermişdim: “SSRİ vətəndaşları mənzil hüququna malikdirlər. Bu hüquq dövlət tərəfindən təmin edilir”. Şöbə rəisi küt-küt üzümə baxmışdı: Bununla nə demək istəyirsiniz? Mən də Pryamonosova “əsirgəmə ver, utanma istə”- deyə cavab vermişdim.

pensioner 2020-07-08 12:48:53

Jurnalistlərdən əvvəl müəllimlərə,həkimlərə ev verilməlidir.

Özgür 2020-07-08 12:48:27

yazıdan belə çıxır ki, əgər jurnalistə ev verməsələr o, xariji kəşfiyyatdan maddi-marağını təmin etməlidir

t.ədalət 2020-07-08 12:32:22

Elxan müəllim,görəsən,dövlət öz müəllimlərinə,həkimlərinə,lap elə süpürgəçisinə niyə ev vermir?Hətta,onu deyim ki,mən bir ilk hərbi jurnalistlərdən biri,bütün cəbhəboyu (ermənistanla ümumi sərhədlərimiz,təqribən 1194 km-dir) addımlasam da o evdə mənə mənzil verilmir.Mənzillərin verilməsi sırf siyasi məqsəd daşıyır.

Son yazılar