Menu

Kiprdə təbii qaz axtarışları bölgədə yeni gərginlik yaratdı 

07.10.2014, 12:29
Kiprdə təbii qaz axtarışları bölgədə yeni gərginlik yaratdı 

Türkiyə Nikosiyanın Kiprin cənub sahilində təbii qaz kəşfiyyatları aparmasına etiraz edir. Cənubi Kipr bildirib ki, bu etnik olaraq ikiyə bölünmüş adada sülh danışıqlarına xələl gətirə bilər. Cənubi Kipr hökuməti iri şirkətlərin bölgədə hidrokarbon kəşfiyyatı üçün lisenziya verib. Hazırda İtaliyanın "ENİ" şirkətinin ərazidə bir qazma platforması var.

Xəbəri “Hürriyyet Daily News” yayıb.

Şimali Kipr Türk Respublikası özünün "müstəsna iqtisadi zona”sında yeni gəmi ilə kəşfiyyatlara başladığını elan edib. Türkiyə bunun ardınca Cənubi Kiprin "birtərəfli" ofşor kəşfiyyatlarına etiraz edib. Cənubi Kipr rəsmiləri bildirirlər ki, Ankara oktyabrın 20-dən türk seysmik kəşfiyyat gəmilərinin fəaliyyətə başlamasına tövsiyə verib. Kəşfiyyat işləri “ENİ” şirkətinin platforması yerləşən ərazidə aparılacaq. Şimali Kipr Türk Respublikasını dəstəkləyən Türkiyə Nikosiya hökumətinin kəşfiyyat işləri ilə bağlı yurisdiksiyasına etiraz edir.

"Hesab edirik ki, bu, xüsusilə ciddi bir məsələdir", - Cənubi Kiprin xarici işlər naziri İoannis Kasulides Nikosiyadakı mətbuat konfransında bildirib.

Oktyabrın 3-də Şimali Kipr Türk Respublikası bildirmişdi ki, Baham adalarında qeydiyyatdan keçmiş “SAİPEM 10000” gəmisi 9-cu blokda – kiprli yunanların birtərəfli olaraq “müstəsna iqtisadi zona” elan etdiyi adanın cənubunda kəşfiyyata başlayıb. “ENİ” şirkəti də beynəlxalq cəhətdən tanınan həmin zonada fəaliyyət göstərir. Türkiyə isə bu zonanı Kipr suları kimi tanımır.

Aİ üzvü olan Cənubi Kipr 2013-cü ilin əvvəlində beynəlxalq maliyyə yardımına üz tutmuşdu. Ona görə də o vaxtdan bəri potensial gəlir mənbəyi kimi ofşor təbii qaz ehtiyatlarında maraqlıdır.

Bu yaxınlarda Cənubi Kiprin prezidenti Nikos Anastasiades bildirib ki, təbii qazın kəşfiyyatı məsələsi adada sülh danışıqlarına xələl gətirə bilər.

Cənubi Kiprin xarici işlər naziri Kasulides diplomatik və hüquqi reaksiyaların nəzərdən keçirildiyini bildirsə də, təfərrüata varmayıb.

Adanın birləşdirilməsi uğrunda qeyri-qəti sülh danışıqları onilliklər boyu davam edir. 2014-cü ilin fevralında danışıqlar yeni mərhələyə qədəm qoyub.

"Onu deyə bilərəm ki, nəticə əldə etmək üçün danışıqlar bu cür təxribat doğuran şəraitdə aparılmamalıdır", - Kasulides sülh danışıqlarına xələl gəlməsi ilə bağlı sualı belə cavablandırıb. O, bildirib ki, Cənubi Kipr danışıqlarda irəliləyiş olacağına inanır.

2011-ci ilin sonlarında ABŞ-ın “Noble” şirkətinin apardığı hesablamaya görə, Kiprin cənubunda 5 trilyon kub metr təbii qaz ehtiyatı var. Ötən onillikdə İsraillə ayrılan həmin zolaqda mühüm kəşflər edilib. Fransanın "Total" şirkəti də Kiprdə təbii qaz kəşfiyyatı üçün müqavilə imzalayıb.

Kiprli yunanlar bildirirlər ki, sülh danışıqları uğurlu olsa, kəşf olunmuş hidrokarbon ehtiyatlarını kiprli türklərlə paylaşacaqlar. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol