Ombudsman Fuad Qəhrəmanlı və siyasi fəallarla görüşüb - "Hüquqi məsləhətlər verilib..."

Ombudsman Aparatının məlumatına görə, Bakı İstintaq Təcridxanasına və Müalicə Müəssisəsinə başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul edilib və onların müraciətləri dinlənilib.

"AzPolitika.info" qurumun yaydığı məlumata istinadən xəbər verir ki, qəbul edilənlər sırasında Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Telman Seyfullayev, Seymur Əhmədov, İsmayıl Həsənov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev və ictimai fəal Fərid Abadov, həmçinin İxtisaslaşmış Müalicə Müəssisəsində saxlanılan Mehdi İbrahimov, ictimai fəallar Nicad İbrahim, Nicat Əlizadə, AXCP fəalları Məhəmməd İmanlı və Vüqar Vəliyev olub.

“Qəbullar zamanı adıçəkilən təqsirləndirilən şəxslər müəssisədə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyiblər. Barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hər birinə hüquqi məsləhətlər verilib.

Qəbul edilmiş şəxslərdən yalnız Mehdi İbrahimov barəsində aparılan istintaqın gedişindən narazılığını əsas göstərərək yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib. Qeyd olunmalıdır ki, tövsiyə əsasında müəssisədə tibbi xidmətin əlçatanlığı təmin edilməklə 24 saat ərzində həkim nəzarəti təşkil olunub, psixoloq konsultasiyaları da aparılır,” məlumatda qeyd edilir.

Mehdi İbrahimin vəkili Aqil Layıc "Amerikanın səsi" radsiouna bildirib ki, Ombudsman Aparatının Mehdi İbrahimlə bağlı məlumatına şübhə ilə yanaşır. 

“Ombudsman Aparatının yaydığı məlumata şübhə ilə yanaşıram. Mən dünən Mehdi İbrahimlə görüşmək üçün İxtisaslaşmış Müalicə Müəssisəsinə getmişdim. Məni hüquqlarını müdafiə etdiyim Mehdi İbrahimlə görüşə buraxmadılar ki, onun səhhəti ilə tanış olum. Ombudsman obyektyiv araşdırma üçün mənim iştirakımı da təmin etməli idi. Amma, hazırda mənim Mehdi İbrahimlə görüşümü əlçatmaz ediblər. İki dəfə müraciət etmişəm, görüşümüzə icazə verməyiblər,” vəkil bildirib.

"AzPolitika.info"

635x100

Şərhlər

.EJDER 2020-08-15 02:30:11

AYE OQRU NAZIRLER KEYF ELEYIR.HAQQ EDALET YOXDUR

Son yazılar