Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatının (ümumi daxili məhsulunun-ÜDM) artımına dair proqnozunu aşağı salıb.

“Marja” BVF-nin “Dünya İqtisadiyyatının İnkişaf Perspektivləri” adlı yeni hesabatına (Oktyabr) istinadən xəbər verir ki, Fond bu il Azərbaycan iqtisadiyyatının 4,5% böyüyəcəyini proqnozlaşdırır. BVF-nin Aprel ayında yayımladığı hesabatda bu göstərici 5% təşkil edirdi.

Beynəlxalq Valyuta Fondu 2015-ci ildə Azərbaycan iqtisadiyyatının 4,3% artacağını proqnozlaşdırır. Bu proqnoz Apreldəki Hesabatda 4,6% təşkil edildi.

BVF Azərbaycanda inflyasiyanın bu il 2,8%, 2015-də 3% olacağını proqnozlaşdırır. Apreldə bu proqnoz müvafiq olaraq 3,5% və 4% təşkil edirdi.

Fond 2014-cü ildə Azərbaycanın tədiyə balansının profisitini ÜDM-in 14,6%-i (Apreldə 15% idi) səviyyəsində proqnozlaşdırır. 2015-ci ildə bu göstərici 10,4% təşkil edə bilər.

Fond Azərbaycanda 6% işsizlik olacağını təxmin edir.