27 İLDİR GÖZÜ YOLDA QALAN QUBADLI - İşğalın növbəti ildönümü....

Bu gün Azərbaycan tarixinin və qan yaddaşının növbəti kədərli və faciəvi günlərindən biridir - Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsinin növbəti ildönümüdür.

1993-cü ilin 31 avqustunda Qubadlı işğalı edilib. Artıq əsli- kökü həmin torpaqlardan olan uşaqlarımız, gənclərimiz uzun illərdir Qubadlını yalnız kitablardan, köhnə və yeni videogörüntülərdən tanıyırlar...

Rayonun işğalından 27 il ötür. 27 ildir ki, bu diyarın 30 min əhalisi məcburi köçkün həyatı yaşayır. 27 ildir uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlının gözü yoldadır...

1993-cü il avqustun sonlarında Qubadlı işğaldan əvvəlki son günlərini yaşayırdı, rayon artıq ermənilərin əhatəsində idi. Cəbrayılın axırıncı kəndləri: Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin tam yaxınlaşdığını göstərirdi. Gah Qafan, gah Gorus, gah da işğaldakı Laçın rayonu istiqamətindən Qubadlıya hücumlar olurdu. Ancaq hər dəfə də ermənilər yerli özünümüdafiə dəstələrinin müqavimətinə rast gələrək, itki verib geri çəkilirdi. Ermənistan ordusu rayona doğru hərəkət etdikcə vəziyyət gərginləşirdi. Buna baxmayaraq, qubadlılılar vuruşdu. Məğlub olmaq istəməyən rayon camaatı avqustun 31-i rayonu tərk etmək məcburiyyətində qaldı...

Buna səbəb ordunun normal fəaliyyət göstərə bilməməsi, zəif silahlanması, düşməninsə kifayət qədər güclü silahlarla təmin olunması idi. 1993-cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil olur. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutur və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələri ermənilərin əlinə keçir. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmır...

Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb.

İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29 903 nəfər olub. Hazırda rayonun əhalisi 40 min nəfərə yaxındır (01.10.2019-cu ilə оlan мəlumata görə 38 289 nəfər idi). Əhalinin mütləq əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisindədir. Rayon əhalisinin əksəriyyəti (64 faizə qədəri) Sumqayıt ərazisində məskunlaşdığından Qubadlı rayon İcra hakimiyyəti, digər icra strukturları, fəaliyyəti bərpa olunan idarə, müəssisə və təşkilatlar Sumqayıt şəhərində yerləşir.

Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb. Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onlardan yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.146 nəfər əlil qalıb.

Azərbaycan Respublikasının Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının zəbt edilməsi iləəlaqədar qəbul edilən 14 oktyabr 1993-cü il tarixli BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi, Dağlıq Qarabağ münaqişəsinə dair digər beynəlxalq hüquq sənədləri kimi, indiyə qədər icra olunmayıb. Azərbaycanın işğal olunmuş digər əraziləri kimi, qədim tarixə və zəngin təbii sərvətlərə malik Qubadlımız hələ də erməni tacavüzkarlarının tapdağı altındadır.


Bu torpaqlar uğrunda şəhid olanların ruhu, Qubadlının murdar yağıların tapdağı altındakı torpaqlarının hər qarışı intiqam gözləyir. İntiqam və zəfər savaşı!

Tahir

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2020-08-30 12:27:38

İşğal edilən torpaqlarımızla əlaqədar,gəlin,iqtidarı,yaxud müxalifəti qınamayaq.Bizim bir düşmənimiz var,o da Rusiyadır.Başımıza gələn müsibətlərin arxasında Rusiya dayanır.Biz,Rusiya ilə əlaqələri dayandılrsaq,onun Azərbaycan ordusuna soxulmuş casuslarını zərərsizləşdirsək ərazilərimizi də,dövlətimizi də xilas edəcəyik....

.EJDER NAQILBAZ 2020-08-30 09:32:36

AYE TAHIR QAGA,IWQAL ZAMANI HAKIMIYYET AXCP IDI YA YOX

Qubadlı həkimi 2020-08-30 09:26:24

Təklif edirəm ki, bu gündən hər bir rayon kənd dəstələri üzrə silahsız Rayon batalyonu-xalq ordusu yaratmalıdır! Üç aydan sonra da irəli-MARŞ ata yurduna!

Son yazılar