YAP-dakı “KÖTÜKLƏR”

Seymur VERDİZADƏ 

Bir neçə il əvvəlin söhbətidir. Hakimiyyətdə ortabab vəzifə tutan YAP-çı tanışım məni nahar yeməyinə dəvət etmişdi. O yeyir, mən isə danışırdım. İdarəçilikdə olan nöqsanları dilə gətirir, məmurların sadə vətəndaşlara rəiyyət gözüylə baxmasının düzgün olmadığını vurğulayırdım…

Tanışım təmkinli adam olduğu üçün sözümü kəsmirdi. Ürəyimdən keçənlərin hamısını deyib qurtarandan sonra razılıq əlaməti olaraq başını yırğaladı. Sonra isə meyvə qabından bir mandarin götürüb, səliqə ilə soymağa başladı. Dilimlədiyi mandarinlərin yarısını özünün, yarısını isə mənim boşqabıma qoydu. Mən buna çox sevindim. Ona görə yox ki, yeməyə mandarin tapmışdım. Məni sevindirən səbəb daha ciddiydi. Deməli, artıq YAP-çılar da başa düşürlər ki, Allah-Təala yer üzündəki naz-nemətləri ancaq onlar üçün yaratmayıb…

Azərbaycanda siyasi şərait dəyişib. İndi heç bir məmur vətəndaşa üstdən aşağı baxa bilmir. Baxanları bir-birinin ardınca yuxarıdan aşağı dığırlayırlar…

Məhbəsdə olan sabiq icra başçılarının, keçmiş məmurların sayı hər gün artır. “Dövlətin malı dəniz, yeməyən donuz” prinsipi indi keçərli deyil. Başını aşağı salıb donuz kimi korrupsiya zibilliyində eşələnənləri yolu tez-tez Kürdəxanıdan düşür.

Ölkədə ciddi dəyişikliklərə start verilib. Söz və mətbuat azadlığının düşməni, korrupsiyanın memarı olan “köhnə qvardiya” sıradan çıxmaq üzrədir. İndi Gürcüstandan, ya da Bolqarıstandan hansısa nazir qonaq gələndə, Bakıda onu babasıyla yaşıd olan həmkarı qarşılamır. Yeniləşən, gəncləşən komandada 38 yaşlı nazir, 34-35 yaşlı icra başçısı var.

İslahat dalğası hakimiyyət partiyasına da çatmalıdır. YAP dəyişikliklərdən kənarda qalmamalıdır. Müasir dünyagörüşə malik olan, demokratik dəyərləri əxz edən gənclər YAP-da irəli çəkilməlidir. Belələri az deyil. İqtidar partiyasının Siyavuş Novruzova çoxmu ehtiyacı vardı? Özünü və partiyasını mütəmadi olaraq gülüş hədəfinə çevirən bu adam niyə 20-25 il YAP-da vəzifə tutmalıydı? Bəlkə də Ramiz Mehdiyevin Azərbaycan cəmiyyətinə tək xeyri Novruzovu YAP-ın vitrinindən uzaqlaşdırmaq oldu. YAP-ın vitrinindən getdisə, siyasətdən də gedəcək…

Beş yüz mindən çox üzvü olan bir partiyanı niyə debatlarda cəmi iki-üç nəfər təmsil etməlidir? Niyə cəmiyyət YAP-ın vitrinində ancaq eyni adamları görməlidir? Niyə 38 yaşlı gənc nazir ola bilir, amma YAP-ın icra katibi, icra katibinin müavini, şöbə müdiri ola bilmir?

Mən YAP-çı olmasam da, cəmiyyətdə sağlam mənəvi mühitin yaranması üçün bu dəyişiklikləri ürəkdən arzulayıram. İstəyirəm ki, qatıldığım müzakirələrdə YAP-ın nümayəndələri tərəf müqabilimiz olsun. YAP-da iki-üç nəfərdən başqa müsahibə almağa adam yoxdur. Hakim partiya özünün gənc və perspektivli kadrlarını cəmiyyətə təqdim etməlidir. Gənclərin qarşısını kəsən “kötükləri”, mövcudluğuyla partiyanı nüfuzdan salan ətiacı adamları kənara dığırlayıb, yolu açmaq lazımdır.

Siyasi iradə olsa, YAP bunu yapar…

(yenisabah.az)

635x100

Şərhlər

Vətəndaş 2020-09-03 10:53:43

Yeni təyin olunanların heç birinin vətənə xidmət adlı bioqrafiyası yoxdur. Nə təyin olunduqları sahəyə aid təhsil və təcrübələri, nə də aidiyyatları yoxdur. Heç biri nin də yeni bir layihə və sair görəcəkləri bir iş yoxdur. Çoxusu

Ziyalı 2020-09-02 12:11:48

Deyirsiniz Siyavuş Novruzov yaxşı ki getdi. Bəs ölkə rəhbərliyini ondan başqa kim müdafiə edirdi ki? O birilər başlarını aşağı salıb pullarını qazanılar, yenə SN sinəsini bütün tənqid, təhqir və söyüşlərin qabağına verirdi.

Fərid Səlimov 2020-09-02 11:34:05

Məqaləniz maraqlıdır.Ancaq dedikləriniz 36.38 yaşlı gənclərin vəzifəyə gətirilməsində diqqət etmdiyiniz hallar da mövcuddur ki,bu əsas məsələdir.Əvvəla təyin edilənlərin regionu,Milli tərkibi,tərcümeyi halının müfəssəl təqdimatı, onların təyin olunduqlar sahə üzrə təhsili.savadı,bilgisi və iş tcrübəsi nəzərə alınbmı və bu adamlar həmin vəzifələrə münasibdirlərmi?Əminliklə demək olar ki,qətiyyən yox!Bunu Sahil Babayevin,Rabitə aziri Rami,kənd təsərrüfat naziri Kərimov barədə demək mümkündür .Belə nazirlər cəmiyyətdə inama,etibara necə malik ola bilərlər.

Vətəndaş 2020-09-02 08:17:56

Sayt mənim şərhlərimi vermir. Görünür yalnış bu Verdi-zadənin fikrini dəstəkləyənlərin şərhi lazımdır.

Son yazılar