Bu gün Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan Prezidentinin ilin ikinci rübündə - aprel- iyun ayları ərzindəki fəaliyyətinin əks olunduğu “İnam İndeksi” nəşrinin üçüncü buraxılışı və “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusuna dair hesabatın ictimai təqdimatını keçirib.
STM-dən "AzPolitika.info"-ya verilən məlumata görə, “İnam İndeksi” nəşrinin üçüncü buraxılışı Azərbaycan Prezidentinin ilin ikinci rübündəki – aprel-iyun ayları ərzindəki fəaliyyətinə həsr edilib.
"Sosial Tədqiqatlar Mərkəzi eyni zamanda, “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusu əsasında tədqiqat işini ortaya qoyub. Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində qəbul etdiyi anti-böhran strategiyası, müvafiq dövlət siyasətinin ictimai rəy əsasında qiymətləndirilməsi hökumətin qarşıdakı dövr üçün qərarlarının planlaşdırılmasında əhəmiyyətli rol oynayır", - sənəddə bildirilir.
Hesabatların təqdimatı üçün təşkil edilən bifinqi giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Prezidentə inam və etibar əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır. "Dünyada koronavirus pandemiyası təkcə ölkələrin iqtisadiyyatını, sosial rifahını, daxili və xarici əlaqələrini, bir sözlə, ictimai həyatın bütün sahələrini əhatə etdiyi kimi, bizə görə, ilk növbədə, dövlət rəhbərlərini, siyasi liderləri çətin sınaqlar qarşısında qoydu. Ötən aylar göstərdi ki, ölkə başçıları pandemiya təhlükəsinə müxtəlif vaxtlarda və formalarda reaksiya verməklə həm tarixi siyasi şəxsiyyətlərdən, həm də müasir dövrün peşəkar idarəçilərindən kəskin şəkildə fərqləndilər", - deyə STM rəhbəri vurğulayıb.
Z.Oruc qeyd edib ki, bütün bunların nəticəsi olaraq, indi müxtəlif qitələrdə saysız hesabsız suallar irəli sürən cəmiyyətlərin xüsusi davranışlarını görürülər:
“Onlar soruşur ki,
• Böhran şəraitində liderlər nə dərəcədə milli birliyi təmin edə bildilər?
• Öz millətin taleyini üzərinə götürərək daxili və beynəlxalq əməkdaşlıq şəraitində, milli sərhədlər daxilində mərkəzi hakimiyyətin - yəni, dövlətin vahidliyini nə dərəcədə qoruyub saxlamağa nail oldular?
• Xalqın sağlığını və təhlükəsizliyini qorumaq üçün məsuliyyətini öz çiyinlərində saxlayan rəhbərlər onu müxtəlif dövlət, hökumət və yerli orqanların üstünə atmağa deyil, əksinə, onların monolitiliyini təmin edə bildilərmi?
• Hər bir xalqın, ayrıca fərdin davranışlarında baş qaldıran yeni sosial-psixoloji və siyasi dəyişikliklərə - əksər hallarda özünü qabarıq göstərən millətçilik və tarixi yaddaşın oyanması fonunda pandemiyadan tədricən çıxmaq kursunu seçərək, iqtisadiyatın, sosial həyatın, iş yerlərinin və məşğulluğun, bir sözlə normallaşma tədbirlərinin hesabına ictimai əmin-amanlığı və sülhü qorumaq mümkün oldumu?”
STM rəhbəri bildirib ki, Azərbaycan Prezidenti dünya tarixinin ən böyük sınaqlarından, bir sıra hallarda “müharibə” adlandırılan çətin imtahanından öz millətinin çıxarılması üçün bütün təhlükələri üzərinə götürməyi, qeyri-standart şəraitdə meydana gələn çağırışları və problemləri həll etməyi bacardı. Böhrana qarşı yeni keyfiyyətdə dayanıqlı xarakter, möhkəm iradə göstərdi və buna görə də onun xarizması, nüfuzu xalq içərisində güclü olaraq qalır: "Bu nüfuz, əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və ən başlıcası 2019-cu ildən daha böyük miqyasda həyata keçirilən yeni hakimiyyət quruculugu siyasətinin başlıca təminatıdır. Eyni sözləri hörmətli Mehriban xanım haqqında da söyləmək mümkündür. Ötən on illərdə olduğu kimi, son 5 ayda da Mehriban xanım, dövlət və milli həyatın bütün sahələrində Prezidentlə çiyin-çiyinə addımladı və hər zaman xalqın yanında oldu".
Z.Oruc daha sonra deyib ki, Prezidentin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi və dinamikasının izlənilməsinə ilk olaraq Sosial Tədqiqatlar Mərkəzi tərəfindən başlanılıb: “Təqdim edilən növbəti hesabat bu silsilədən 3-cü tədqiqat işidir, 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir. Sosioloji sorğu əsasında hazırlanmış analitik hesabatda ölkə Prezidentinin bəhs edilən müddətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinə ictimai münasibətin monitorinqi, əvvəlki dövrlə müqayisəli dinamikası və təhlili öz ifadəsini tapıb. Sizə təqdim olunan hesabatdan görəcəksiz ki, qeyd olunan zaman intervalında dünyəvi sınaqdan qətiyyətlə çıxan ölkələr yeni reallığın tələb etdiyi islahatlarla daha da güclənəcəkdir. Digər qrup ölkələr isə, əksinə, zəif rəhbərliyinə görə ağır vəziyyətə düşəcək, yoxsulluq, qeyri-sabitlik və iqtisadi durğunluqla üzləşəcəklər. Narahatlıq doğuran məqam həm də odur ki, ikinci qrup ölkələrin sayı birincilərdən daha çox olacaq. İctimai rəy sorğusunun nəticələrinə əsaslanmaqla, uğur qazanan və sınaqdan çıxan dövlətlər arasında Azərbaycanın olmasını əminliklə söyləyə bilərik". STM rəhbərinin sözlərinə görə, bunu deməyə əsas verən dünyada pandemiyanın başladığı bir ilə yaxın müddətdə tədqiqatçı və ekspertlərin pandemiya ilə uğurlu mübarizəni müəyyən edən 3 əsas amili aşkara çıxarmasıdır:
1. Siyasi lider amili;
2. Dövlətin potensial resurs, güc və imkanları;
3. İctimai inam və etimadın mövcudluğu.
Pandemiya böhranından çıxmağa və sonrakı güclü inkişafa təkan verəcək bu “uğur faktorları”nın 3 sütununa malik olan ölkələrdə vətəndaşların etibar etdiyi və güvəndiyi siyasi liderlər çevik strateji idarəçiliyi bərqərar etməklə, pandemiyanın vurduğu zərbələri neytrallaşdırmağa qabil olurlar. Qarşılıqlı etimadın və milli birliyin olduğu cəmiyyətlərdə bu keyfiyyətlər koronavirus fonunda tamamilə yeni dəyər yaradır, milli gücə çevrilir”.
Zahid Oruc yekunda bildirdi ki, pandemiya zamanı ölkələr siyasi-əxlaqi, mənəvi seçimlərlə üz-üzə qaldı: “Vətəndaşların sağlamlığının, yoxsa iqtisadiyyatın xilas ediləcəyini” seçim edərkən, müxtəlif dövlətlər müxtəlif seçimlər etdilər. Azərbaycanın dövlət başçısı bəyan etdi ki, insanların həyatından vacib heç nə ola bilməz. Beləliklə, Azərbaycan rəhbərliyinin vətəndaşların sağlamlığını, rifahını və təhlükəsizliyini strateji prioritet olaraq önə çəkməsi yaranmış vəziyyətdə verilmiş ən düzgün qərarlardan oldu.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün anti-böhran fəaliyyətin məzmunu - iqtisadi dəstək proqramları, sosial paketlərdən tutmuş səhiyyə infrastrukturunun adaptasiya və modernləşməsinə, yeni klinikaların inşasına qədər həyata keçirilən tədbirlər məhz bu məqsədə - vətəndaşın ali dəyər kimi mərkəzdə durmasına xidmət edir”.
Daha sonra rədbirdə STM İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu, Mərkəzin Sosial-İqtisadi Təhlil Departamentinin rəhbəri Seymur Əliyev çıxış edərək hesabatlar haqqında fikirlərini bölüşüblər. Departament rəhbəri bildirib ki, sorğu Bakı şəhəri, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Qarabağ, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 5 (beş) mərhələ üzrə ümumilikdə 4144 respondentin rəyi öyrənilib. Naxçıvan Muxtar Respublikası və işğal altında olan regionlar sorğuda əhatə olunmayıb: "Hər iqtisadi rayon üzrə sorğuda iştirak etməli olan respondent sayından 10 dəfə çox sayda stasionar telefon nömrəsi müvafiq bazalardan təsadüfi qaydada seçilib. Bundan sonra nəzərdə tutulmuş respondent sayının sorğuda iştirakını təmin edənə kimi seçilmiş nömrələrə zəng olunub. Karantin rejiminin məhdudiyyətlərini və sorğuda iştirak edən tərəflərin sağlamlığının qorunmasını nəzərə alaraq, sorğunun aparılmasında telefon müsahibə üsulundan istifadə edilib. Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq olunub. Belə ki, müasir sorğu proqramı SurveyToGo proqramından istifadə edilib”.
"AzPolitika.info"


Şərhlər
Dövlətimizdə istehsalçıdan çox dublyorlar, müdafiəçilər var! Amma, nə hüquqlar, nə də ərazi lazımınca qorunmur? ....
malades, maşallah, bərəkallah, afərin day bundan yaxşı sözlər tapammadım.
Ramiz mehdiyevin kadrlarinnan biri
STM əslində xalqın nifrətinin qədərini tədqiq etmək üçün yaradılıb. Bu burda nə kovid-moviddən danışır. Doğrusu yazını oxumadım. Əgər müəllif Zahid Orucdursa təxminən bəlli olur nə yaza bilərsə.
STM-in cərimələrin artmasindan əhalinin 52faizinin razi qaldigi barəsində kecirmiş oldigu sorgudan nra onun hec bir sorgusu obyektiv məna daşimir
Sənin vəzifən sosial rəyi öyrənməkdir ,yoxsa sən də statistika komitəsi kimi işsizliyi 5 faiz göstərib ,sonrada 2 milyon nəfər olduqda susdular ,bu dəfə də sənin mərkəzin deyir ki ,əhalinin böyük əksəriyyəti karantinin uzadılmasına müsbət yanaşır .Bəli səni kimi havayı maaş alan səni ağılda olanlar ücün müsbətdir
Yeni hakimiyyət quruculuqu... Mənəvi yeniləsmə... Allah xatirinə kimsə bu ifadələrin mənasini səhr edə bilərmi...
.....Qarabağ kimi Covid-19 da sonu yoxsa strategiyası necə olur, cənab falsifikator? Müqayisədə Gürcüstanda Pandemiya və ona qarşı özəl xərclər necədir?
.....Yaxşı olardı ki,prezidentin gördüyü işlər haqqında şəxsi mənafeyi olmayanlar,sadə adamlar danışsın....