“QARABAĞ MÜNAQİŞƏSİ RUSİYANIN ƏLİNDƏ QAMÇIDIR...” - “MDB məkanında tənəzzül prosesi gedir”

“Bu adamlar dövlət vəzifəsi tutaraq maaş ala-ala milyonlar, bəlkə də milyardlar oğurlayıblar”

İyulun 12-də Tovuzda baş verən erməni təxribatından sonra bölgədə yaranmış durum, Türkiyə-Azərbaycan müttəfiqliyinin yeni perspektivləri, eləcə də daxili siyasi proseslər, AMEA rəhbəri Ramiz Mehdiyevin ətrafında baş verənlərlə bağlı “AzPolitika.info”-nun suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb:

- Zərdüşt bəy, Azərbaycan-Türkiyə-Rusiya üçbucağında fəal danışıqlar və dialoq müşahidə olunur. Sizcə, həm rusların, həm də Türkiyənin məhz Bakı ilə danışıqlar aparması zərurəti haradan yaranır? Türk ordusunun Azərbaycana gəlişi, burada birgə təlimər keçirilməsi nəyə xidmət edir?

- Mənə görə, baş verənlər sadəcə, vaxt udmaqdır. Əslində vaxt həm də pul deməkdir. Qarabağ probleminin həlli üçün lazım olan layihələri işə salmaq məsələsi yoxdur. Həm də yalnız müharibə, yalnız qırğın prinsipi Rusiyanın maraqlarına uyğundur.

Türkiyə isə çalışır ki, regionda təsirini artırsın. Sözsüz ki, güclü dövlətdir, status qazanmağa çalışır. Türk ordusunun Azərbaycana gəlişi, burada birgə təlimər keçirilməsi Türkiyənin dövlət kimi Cənubi Qafqaza daha çox təsir etməsinin, özünə nüfuz qazanmasının göstəricisidir. O ki qaldı qardaş dövlət, can Türkiyə demək olar. Amma Qarabağ münaqişəsi donmuş vəziyyətdə qalmaqda davam edir. Real situasiya budur. Bizdə vəziyyət göz önündədir. Əgər Azərbaycan Qarabağın azadlığı üçün səmərəli siyasət yürütsəydi, deyərdim ki, bu təlimlərin xeyri olacaq. Amma nəzərə alın ki, münaqişə Rusiyanın əlində qamçıdır və bunun vasitəsilə hər iki ölkəyə təsir göstərə bilir.

- Azərbaycan və Rusiya hərbçilərinin qarşılıqlı səfərləri, fəal müzakirələr aparması müşahidə edilir. Bu, müharibə öncəsi vəziyyətlə əlqəli ola bilərmi, yoxsa sadəcə cari səfərlərdir?

- Azərbaycan Müdafiə Nazirliyinin saytında kiçik araşdırma aparmaqla müəyyən etmək olar ki, ölkəmizin Müdafiə naziri ildə neçə dəfə Moskvaya səfər edib, Rusiya Müdafiə Nazirliyinin rəsmiləri neçə dəfə Azərbaycana gəliblər. İstər MDB çərçivəsində, istərsə də ikitərəfli qaydada. Eyni şeyi Ermənistan, Orta Asiya ölkələrinin müdafiə nazirləri də edir. Bu, Rusiyanın ümumi siyasətidir. MDB ölkələrinin əsas silahı da Rusiya silahıdır. Hesab edirəm ki, bu məsələlərdə malı-mala qatmaq lazım deyil. Başqa sözlə, Dağlıq Qarabağ münaqişəsi başqa, hərbi əməkdaşlıq, qarşılıqlı əlaqələr isə tam başqa məsələdir.

Ümumilikdə MDB məkanında tənəzzül prosesi gedir. Bu proses faktiki olaraq, Rusiyada da gedir. Dünya miqyasında baxdıqda isə kapitalist sistemi tükənib, tədricən çökür, dərin böhran içindədirlər və çıxış yolu tapa bilmirlər. Bu məqam da var. Ancaq bizi Amerika deyil, Azərbaycan maraqlandırmalıdır. Müstəqil olmaqla millətlər əlverişli və müstəqil qərarlar çıxarmaq hüququ qazanırlar. Ancaq baxın görün bizim elmimiz, səhiyyəmiz nə gündədir. Hələ mən insanların danışdıqları zaman ümumi səviyyəni, statusları oxuyanda dəhşətə gəlirəm.

Bayaq baxdım ki, Fəzail Ağamalı Ramiz Mehdiyevin kürəkəninə cavab verib, bildirib ki, mən türk oğlu türkəm, onların qanında erməni qanı axır. Bu, faşist düşüncəsidir. Üstəlik 30 ildir parlamentin üzvüdür.

- Amma Ağamalı durduğu yerdə bu fikirləri deməyib, Mehdiyevin kürəkəninin onun haqqında dediklərinə cavab haqqından istifadə edib...

- Başa düşürəm. Sözsüz ki, Mehdiyevin kürəkəni parazitdir. Ancaq belə düşüncədə olmaq doğru deyil.

- Sizin Ramiz Mehdiyevlə bağlı proseslərdə şərhinizə rast gəlinmədi...

- Mən bütün hadisələrə maksimalist yanaşıram. Məncə, hər şeyin əsası maddi maraqdır. Əgər böhran şəraitində kpitalist sinfinin gəliri daralırsa, onların arasındakı daxili mübarizə şiddətlənir. Azərbaycanda gəlirlər azalıb, neftin qiyməti iki dəfə ucuzlaşıb. İndi kapitalistlər arasında ciddi mübarizə başlayıb. Kapitalistlər də başları hesabına deyil, vəzifələri sayəsində qazanc əldə ediblər. İndi gəlir azalıb deyə sərmayə savaşı gedir. Ziya Məmmədov və Fazil Məmmədov bu şəkildə yoxa çıxdı. İndi də Ramiz Mehdiyevlə bağlı proses müşahidə olunur. Bu adamlar dövlət vəzifəsi tutaraq maaş ala-ala milyonlar, bəlkə də milyardlar oğurlayıblar. Hələ mən bildiyim Mehdiyevin Badamdar yaylasında nəhəng malikanəsi var, eləcə də Qəbələdə, hər yerdə. Bu adamların gözü doymayıb. Sözsüz ki, indi gedən mübarizədə həm də əmlak itkisi baş verəcək. Bunun özü də bir siyasətdir.

Elə müxalifətdə də buna bənzər hallar müşahidə edilir.

- Nəyi nəzərdə tutursunuz?

- Qurban Məmmədovla bağlı prosesi. Adam guruldayır, Allahdan, peyğəmbərdən, Qurandan danışır. Üstəlik deyir ki, pul göndərin, azadlıq uğrunda mübarizə aparıram. Bizdə belə şeylər çoxdur. Xalqımız təəssüflər olsun ki, Şeyx Nəsrullahlara aludə olan xalqdır...

Rasim Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Bəhi 2020-09-08 21:19:31

Zərdüşt bəy rus polkovnikindən ən ümumi, uyğun(ŞN) prototip seçib! Xalqlara azadlıq şüarı ilə sosialist mülkiyyətini də özƏLləşdirib, hərbi kapitalizmə veriblər. Kreml buraxılmış iqtisadi birliyi, itirilmiş illəri guya MDB ətrafı "müstəqil" və digər kapitalist dövlətlərdən hərbi zorla geri almaq siyasəti yeridir?

Son yazılar